26 Avqust 2026 02:14
1458
Fərmanlar
A- A+
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.

İpəkçiliyin və xalçaçılığın davamlı inkişafı məqsədilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi zəruridir. Bununla yanaşı, məhsulların keyfiyyətinin yüksəldilməsi, sənətkarlıq ənənələrinin və toxuculuq məktəblərinin qorunub inkişaf etdirilməsi, elmi-tədqiqat fəaliyyətinin və peşəkar kadr hazırlığının genişləndirilməsi, habelə yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ipəkçiliyin və xalçaçılığın vahid idarəetmə əsasında inkişaf etdirilməsi, bu sahələrin iqtisadi səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, habelə milli sənətkarlıq irsinin qorunması və təbliği məqsədilə qərara alıram:

1. "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilsin. 

2. Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilsin. 

3. "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılsın.

4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir;

4.2. Cəmiyyət "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

4.3. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən - sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

5. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 

5.1. Azərbaycan Respublikasının Prezidentinə: 

5.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi; 

5.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

5.1.3. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 

5.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi;

5.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə: 

5.3.1. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi; 

5.3.2. Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi. 

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

6.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

6.1.1. üç ay müddətində bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi; 

6.1.2. altı ay müddətində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması;

6.2. Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

6.3. "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin əmlakının altı ay müddətində Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görsün;

6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 

7.1. bu Fərmanın 1-3-cü hissələri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarına dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

7.2. Cəmiyyətin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda tanıdılması, müvafiq məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.2-ci bəndinə əsasən yaradılmış Aqrar Subsidiya Şurası həmin Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxsın.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin. 

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Cəmiyyət bu Fərmanın 1-ci və 3-cü hissələrinin icrasının təmin edilməsi məqsədilə "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görsünlər. 

12. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 901 (Cild I) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"3. Cəmiyyət ölkədə ipəkçilik və xalçaçılıq sahələrinin inkişafını, təbliğini və təşviqini, həmin sahələr üzrə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.".

13. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli 2979 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1156 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin Siyahısı"nın 3-cü hissəsi ləğv edilsin.

14. Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 1-ci hissəsində göstərilən açıq səhmdar cəmiyyətləri öz fəaliyyətini davam etdirsinlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

09:56
14 Sentyabr

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

09:26
14 Sentyabr

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

09:25
14 Sentyabr

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

08:21
14 Sentyabr

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

07:22
14 Sentyabr

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

06:23
14 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!