Həmsöhbətimiz Nizami Ələmdar oğlu Hüseynli tariximizin parlaq səhifəsində Vətən borcunu layiqincə yerinə yetirib yer alan qəhrəman oğullarımızdandır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Nizami Hüseynli deyir ki, Vətənə, dövlətə olan borcunu çalışdığın bütün sahələrdə məsuliyyətli və peşəkar olmaqla ödəyə bilərsən.
O, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri üzrə çalışmaqla şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verir.
Vətən müharibəsindən sonrakı dövrdə nazirlik şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 12,4 min şəxsə özünüməşğulluq proqramına cəlb olunmaqla kiçik bizneslər qurulub.
Nizami 1984-cü ildə Bakı şəhərində anadan olub. 2006-2008-ci illərdə Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən "N" saylı hərbi hissəsində leytenant rütbəsi ilə taqım komandiri kimi hərbi xidmət keçib: "Özümü tanıyandan hərbçi, zabit olmaq istəyirdim. Çünki uşaqlıq illərim ata yurdum olan Tovuzda keçmişdi və orada qohumlarımın çoxu hərbçi, atamın özü isə polis əməkdaşı idi".
Orduda xidmətindən sonra 2008-ci ildə zabit kimi ehtiyata buraxılan Nizami Hüseynlinin qismətində Vətən savaşında qəhrəmana çevrilmək də varmış. Nizami 44 günlük Vətən müharibəsində "Bakı Həmlə" taborunda Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə uğurlu əməliyyatlarda iştirak edib. Deyir ki, döyüşlərə atıldıqca qürur və qisas hissi əsgərlərimizə daha çox əzm verirdi: "Gözümüzü qırpmadan düşmən üzərinə gedirdik. Füzulinin Dilağarda kəndi istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik, onlara məxsus avtomobilləri və iki zirehli texnikanı qənimət kimi götürüb arxadan gələn digər bölmələrimizə təhvil verdik".
N.Hüseynli kiçik bir xatirəsində demişdir: "Döyüşlər zamanı qayanın üstündə kiçik mamır parçası gördüm. Böyük şairimiz Məmməd Arazın misralarını xatırladım:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim".
Nizami Hüseynli Prezident İlham Əliyevin sərəncamları ilə "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzilinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Rüstəm KAMAL,
"Azərbaycan"