Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində olub. Lənkəranlı sənətçilər Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim ediblər.
Tamaşadan əvvəl çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, rayon Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov və Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov teatr kollektivlərinin qarşılıqlı yaradıcılıq münasibətlərinin yaradılmasının əhəmiyyətindən danışaraq sənətçilərə uğurlar diləyiblər. Qeyd olunub ki, cari ilin iyul ayında Ağdam və Lənkəran teatrları arasında bağlanmış niyyət sazişində hər iki kollektiv arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur. O da vurğulanıb ki, Vətən müharibəsində qazanılmış qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz Lənkəran teatrına qismət olub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edblər.
Qastrol səfəri lənkəranlı sənətçilərə həm də unudulmaz anlar bəxş edib. Tamaşadan sonra onlar erməni faşistləri tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin və Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəkərək mənfur qonşularımızın cinayətkar əməlləri ilə əyani tanış oublar.
Ağaddin BABAYEV,
Lənkəran