Azərbaycanda ilk dəfə bank kreditləri ilə fond bazarı arasında digər maliyyələşmə kanalı formalaşacaq
İqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması məqsədilə hazırlanan "Kraudfandinq haqqında" qanun həmçinin maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin edəcək.
Altı ay sonra qüvvəyə minəcək qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, onların fəaliyyəti üzərində dövlət nəzarətini və digər məsələləri tənzimləyəcək.
Yeni qanun investorların hüquqlarını qorunmaqla yanaşı, gənc sahibkarların və kiçik bizneslərin bank kreditindən asılı olmadan vəsait cəlb etməsinə şərait yaradacaq.
İqtisadçı Pünhan MUSAYEV qəzetimizə açıqlamasında deyib ki, yeni qanunun preambula hissəsindən də aydın olduğu kimi, bu sənəd iqtisadi fəaliyyət subyektləri üçün biznes aktivliyini artıran alternativ maliyyələşmə imkanları yaratmağı və maliyyələşmədə iştirak edən investorların hüquqlarını qorumağı hədəfləyir. Elə bundan irəli gələrək, qanun kraudfandinqin iki növünü - səhm və borc, yəni istiqraz buraxılışı əsaslı kraudfandinqi tənzimləyən hüquqi çərçivə formalaşdırmaqla, hər iki halda qiymətli kağızların yerləşdirilməsi və investisiyaların gerçəkləşdirilməsi üçün xüsusi prosedurları əhatə edir. "Yanaşma maliyyələşmə mexanizmlərinin institusional əsaslarını genişləndirməkdən əlavə, iqtisadiyyatda kapitalın hərəkətinin təşkili istiqamətində də dəyişikliyi ifadə edir. Belə ki, əvvəllər layihələrin maliyyələşmə alətləri ənənəvi dövlət maliyyə resursları, əsasən büdcə vəsaitlərinə əsaslanırdı, hətta bank kreditləri yolu ilə maliyyələşmənin də mənbəyini birbaşa və ya dolayı olaraq dövlət vəsaitləri təşkil edirdi. Belə bir model hər nə qədər maliyyə təminatı yaratsa da, resurs bölgüsündə səmərəsizlik və iqtisadi subyektlərdə dövlət maliyyəsinə həddindən artıq arxalanma kimi məhdudlaşdırıcı xüsusiyyətlər daşıyırdı", - deyə o əlavə edib.
P.Musayev qeyd edib ki, digər tərəfdən, uzun illər milli iqtisadiyyat və mərkəzləşmiş maliyyə resurslarının əsas mənbəyi olan neft sektoruna dair pozitiv gözləntilərin əvvəlki illərlə müqayisədə aşağı olması səmərəlilik prinsiplərinin və fərqli mənbələrin ortaya çıxmasına zərurəti artırıb. Daha əvvəl Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu kimi qurumların sərbəst vəsaitlərinin investisiyalara yönəldilməsi, eləcə də dövlət büdcəsinin xəzinə qalığında yığılan vəsaitlərin bank depozitlərinə yerləşdirilməsi kimi qərarlar məhz bu yanaşmaya uyğun atılan ilkin tədbirlər olmuşdu. Belə həllər prinsipcə ona görə fərqlənir ki, burda kapitalın mülkiyyətçisi birbaşa dövlət deyil, vəsaitlər özəl yığımlardan formalaşır. Dövlət, sadəcə, hüquqi infrastrukturu təşkil edir ki, bu da bazar iqtisadiyyatının təbiətindən irəli gələn maliyyə sistemində dövlətin rolunu "maliyyələşdirici"dən daha çox "bazarı təşkil edən" prinsipinə yaxınlaşdırır.
İqtisadçı bildirib ki, məsələyə bu perspektivdən yanaşdıqda kraudfandinq platformalarının hüquqi statusunun müəyyənləşdirilməsini daha geniş strategiyanın tərkib hissəsi kimi başa düşmək olar: "Kraudfandinqin həyata keçirilməsini startap layihələr, o cümlədən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin büdcə və bank kreditlərindən kənar alternativ maliyyələşmə imkanlarını genişləndirmək məqsədindən əlavə, son illərdə həyata keçirilən kapital bazarının inkişafı, istiqraz bazarının genişləndirilməsi, investisiya alətlərinin geniş çeşiddə təşviqi və rəqəmsal maliyyə xidmətlərində irəliləyişlər üçün tamamlayıcı tədbir olaraq dəyərləndirə bilərik. Beləliklə, qanunun ən böyük iqtisadi əhəmiyyəti ondadır ki, Azərbaycanda ilk dəfə bank kreditləri ilə fond bazarı arasında digər maliyyələşmə kanalı formalaşmış olur. Bu isə o anlama gəlir ki, kraudfandinqi ayrıca maliyyə aləti kimi yox, Azərbaycan iqtisadiyyatının struktur transformasiyasının bir elementi kimi nəzərdən keçirmək daha məqsədəuyğun hesab oluna bilər".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"