Azərbaycan 2020-ci ilin payızında qazandığı möhtəşəm Zəfərlə beynəlxalq hüququn uzun illər kağız üzərində qalmış prinsiplərini döyüş meydanında bərpa edərək ərazi bütövlüyünün böyük hissəsini təmin etdi və Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. Bu mərhələ daha həssas və məsuliyyətli idi. Çünki qarşıda duran əsas vəzifə qazanılmış qələbənin nəticələrini qorumaq, bölgədə sabitliyi möhkəmləndirmək və dövlət suverenliyini tam təmin etməkdən ibarət idi.
Rəsmi Bakı bu mərhələdə regionda davamlı sülhə nail olmaq, uzunmüddətli əməkdaşlıq mühitinin formalaşdırılması, kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi və dövlətlərarası münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edərək sülh gündəliyini irəli sürürdü. Bununla yanaşı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının tam və vaxtında icra olunmasının bölgədə davamlı sabitliyin əsas şərtlərindən biri olduğunu da unutmurdu.
Hadisələrin sonrakı inkişafı göstərdi ki, postmüharibə dövrünün əsas çağırışı məhz qəbul edilmiş öhdəliklərin icrası ilə bağlıdır. Amma Ermənistan rəhbərliyi imzaladığı sənəddən irəli gələn bütün öhdəlikləri yerinə yetirmək əvəzinə, müxtəlif bəhanələr və siyasi manipulyasiyalar yolu ilə prosesi uzatmağa çalışırdı. Xüsusən Qarabağ bölgəsində mövcudluğunu davam etdirən qanunsuz erməni silahlı dəstələrinin ərazidən çıxarılmaması, onların mühəndis-istehkam işlərini davam etdirməsi və vaxtaşırı silahlı təxribatlara əl atması bölgədə yaranmış kövrək təhlükəsizlik mühitini ciddi təhdid edirdi.
2022-ci ilin yay aylarında vəziyyət daha da gərginləşdi. Qarabağın dağlıq ərazilərində yerləşən bir sıra strateji yüksəkliklərdə erməni qanunsuz silahlı birləşmələrinin fəallaşması, yeni müdafiə mövqelərinin yaradılması cəhdləri, həmçinin Azərbaycan Ordusunun mövqelərinə qarşı həyata keçirilən silahlı təxribatlar təhlükəsizlik risklərini daha da artırdı. Bu proseslər göstərirdi ki, bəzi qüvvələr postmüharibə reallıqlarını qəbul etmək əvəzinə, yeni gərginlik ocaqları yaratmağa çalışırlar. Avqustun 3-də Laçın istiqamətində törədilmiş silahlı təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımovun şəhid olması hadisələrin dözülməz mərhələyə keçdiyini göstərdi. Çünki bu, təsadüfi sərhəd münaqişəsi deyildi, dövlətin suverenliyinə və hərbi qulluqçularının təhlükəsizliyinə qarşı yönəlmiş silahlı hücum idi. Belə təxribata cavab verməmək postmüharibə təhlükəsizlik mühitini ciddi təhlükə altında qoya bilərdi. Bu səbəbdən Azərbaycan rəhbərliyi hadisələrə milli təhlükəsizlik maraqları baxımından yanaşdı. Məqsəd isə yeni hərbi qarşıdurma yaratmaq yox, qanunsuz fəaliyyət göstərən silahlı fəaliyyətin qarşısını almaq, strateji üstünlüyü təmin etmək və gələcəkdə baş verə biləcək daha geniş planlı silahlı qarşıdurmanın qarşısını qətiyyətlə almaq idi.
2022-ci il avqustun 3-də həyata keçirilən "Qisas" əməliyyatı postmüharibə dövründə formalaşmış təhlükəsizlik çağırışlarına verilən ölçülü, hüquqi əsaslara söykənən və hərbi baxımdan dəqiq hesablanmış cavab idi. Bu əməliyyat Azərbaycanın yeni təhlükəsizlik strategiyasının mahiyyətini nümayiş etdirdi - sülh təşəbbüsləri qətiyyətli müdafiə siyasəti ilə tamamlanmalı, dövlət suverenliyinə qarşı istənilən təhdid isə vaxtında və təsirli şəkildə neytrallaşdırılmalıdır. Məhz bu strateji yanaşma "Qisas" əməliyyatının qısa müddətdə uğurla başa çatmasını şərtləndirdi və onun hərbi-siyasi nəticələrini postmüharibə dövrünün mühüm hadisələrindən birinə çevirdi. "Qisas" əməliyyatı və onun doğurduğu nəticələr taktiki uğurun hüdudlarını aşaraq ölkəmizin postmüharibə təhlükəsizlik strategiyasında mühüm mərhələyə çevrildi.
Əməliyyat zamanı Azərbaycan Ordusu qarşıya qoyduğu vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Sarıbaba və Qırxqız yüksəklikləri, eləcə də bir sıra əlverişli mövqelər nəzarətə götürüldü, qanunsuz silahlı birləşmələrin dayaq məntəqələrinə və hərbi infrastrukturuna dəqiq zərbələr endirildi. Bu yüksəkliklər üzərində nəzarətin təmin olunması təkcə ərazinin fiziki nəzarəti demək deyildi, həm də dağlıq ərazilərdə yüksəkliklərə sahib olmaq, əməliyyat şəraitinə nəzarət etmək, müşahidə imkanlarını genişləndirmək, düşmənin hərəkətlərini məhdudlaşdırmaq və gələcək təhlükələrin qarşısını əvvəlcədən almaq baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Məhz bu baxımdan "Qisas" əməliyyatı preventiv təhlükəsizlik tədbiri kimi qiymətləndirilməlidir. Azərbaycan göstərdi ki, dövlət öz suveren ərazisində təhlükə mənbələrinin formalaşmasına imkan verməyəcək, hərbi-siyasi vəziyyətin inkişafını təşəbbüskar tərəf kimi özü müəyyənləşdirəcək. Bu, postmüharibə dövrünün mühüm strateji dəyişikliklərindən biri idi.
Əməliyyatın diqqətçəkən cəhətlərindən biri də onun miqyası ilə məqsədi arasında qorunan dəqiq balans idi. Məqsəd genişmiqyaslı döyüş əməliyyatları aparmaqla konkret təhlükəni aradan qaldırmaq, qanunsuz silahlı fəaliyyətlərin qarşısını almaq və gələcək təxribatlara yol verilməyəcəyini nümayiş etdirmək idi. Bu yanaşma Azərbaycan Silahlı Qüvvələrinin müasir döyüş idarəetmə sisteminin, peşəkar hazırlığının və yüksək operativ çevikliyinin göstəricisi oldu.
"Qisas" əməliyyatı siyasi baxımdan da mühüm mesajlar verdi. Azərbaycan bir daha nümayiş etdirdi ki, regionda davamlı sülhün tərəfdarıdır. Lakin sülh yalnız bəyanatlarla deyil, imzalanmış öhdəliklərə əməl olunması və dövlətlərin suveren hüquqlarına hörmət göstərilməsi əsasında mümkündür. Əgər bu prinsiplər pozularsa, dövlət öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüququn tanıdığı bütün legitim vasitələrdən istifadə etmək hüququna malikdir.
Əməliyyatdan sonra erməni silahlı birləşmələrinin manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdı, postmüharibə dövründə uzadılmağa çalışılan bir sıra proseslərin sürətlənməsi üçün də yeni şərait yarandı. Xüsusən alternativ Laçın yolunun istifadəyə verilməsi istiqamətində baş verən hadisələr göstərdi ki, hərbi sahədə nümayiş etdirilən qətiyyət siyasi proseslərə də təsirsiz qalmır. Bu əməliyyat bir daha təsdiqlədi ki, Azərbaycan artıq hadisələrə reaksiya verən deyil, təhlükəsizlik mühitini formalaşdıran dövlətdir. Sübut olundu ki, təşəbbüs tam Azərbaycan tərəfinin əlindədir və sonrakı proseslərin istiqamətini də məhz bu amil müəyyənləşdirəcək.
Tarixi proseslərə bu prizmadan baxdıqda aydın görünür ki, 2022-ci ilin avqustunda həyata keçirilən "Qisas" əməliyyatı sonrakı hadisələrdən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. O, 2023-cü ilin sentyabrında həyata keçiriləcək lokal antiterror tədbirlərinə aparan strateji xəttin mühüm halqalarından biri idi. Həmin tədbirlər nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu, qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu və Dövlət bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda və digər yaşayış məntəqələrində dalğalandı. Beləliklə, uzun illər davam edən separatizm problemi hüquqi və siyasi baxımdan tam aradan qaldırıldı.
Tarix hərbi əməliyyatları yalnız onların davametmə müddəti və ya iştirak edən qüvvələrin sayı ilə qiymətləndirmir. Əsas meyar həmin əməliyyatların dövlətin gələcək taleyinə, milli təhlükəsizlik sisteminə və siyasi inkişafına göstərdiyi təsirdir. Bu baxımdan "Qisas" əməliyyatının Azərbaycan dövlətinin postmüharibə dövründə təhlükəsizlik strategiyasının uğurlu tətbiqinin nümunələrindən biri kimi tariximizdə layiqli yeri var. Bu əməliyyat bir daha təsdiq etdi ki, Azərbaycan sülhə sadiq dövlətdir, lakin dövlət suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönələn istənilən təhdidə qətiyyətlə cavab vermək əzmindədir və bu əzm real güclə təmin olunur.
Elşən QƏNİYEV,
"Azərbaycan"