Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan tanınmış ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu hərtərəfli inkişaf zamanın mövcud reallıqlarına və çağırışlarına cavab verir. Dövlət başçısının diqqət və qayğısı sayəsində başqa sahələrlə yanaşı, mədəniyyət sahəsindəki tərəqqi də hər addımda özünü göstərir.
Mədəniyyətimiz, incəsənətimiz və ədəbiyyatımız zamanın ritminə uyğun inkişaf edir. Mədəniyyətin inkişafı, çiçəklənməsi isə xalqın uğurlu gələcəyi, işıqlı sabahı deməkdir, incəsənət, ədəbiyyat, ana dili hər bir xalqın milli kimliyidir, onun dünənidir, bu günüdür, sabahıdır. O üzdən zəngin tarixi ənənələrimiz, ulu keçmişimiz, milli-mənəvi dəyərlərimiz, mədəni irsimiz zaman-zaman qorunaraq nəsildən-nəslə ötürülüb.
Həm keçmiş sovet hakimiyyəti zamanında, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etmiş böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərmiş, insanların özünüdərk hissini gücləndirmiş, xalqı azadlığa, müstəqilliyə qovuşduracaq milli ideya formalaşdırmışdır.
Ümummilli Lider Heydər Əliyevin illər əvvəl əsasını qoyduğu milli mədəniyyətə qayğı siyasətini Prezident İlham Əliyev 22 ildən çoxdur ki, layiqincə və uğurla davam etdirir. Dövlətimizin başçısı tərəfindən başqa sahələrlə yanaşı, mədəniyyətimizin inkişafı istiqamətində də mühüm addımlar atılır. Buna görə də ötən illər ərzində Azərbaycanda mədəniyyət sahəsində böyük və əhəmiyyətli işlər görülmüş, uğurlara hesablanmış irimiqyaslı layihələr həyata keçirilmişdir.
Xəbər verildiyi kimi, mədəniyyətimizin inkişafına daim dəstək verən Prezident İlham Əliyev 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasını təsdiq edib. Dövlət başçısının təsdiq etdiyi Azərbaycan Respublikasının Mədəniyyət konsepsiyasında yaxın gələcək üçün inkişaf istiqamətləri müəyyənləşdirilib. Proqram xarakteri daşıyan bu konsepsiya milli-mədəni irsimizin qorunması və yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənət sahəsinin müasir tələblərə uyğun inkişafını da təmin etməyə hədəflənib.
Konsepsiyada mədəniyyətin, incəsənətin və ədəbiyyatın insanların estetik zövqünün formalaşmasındakı əvəzsiz rolu mühüm amil kimi təqdim olunur. Sənəddə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə idarəetmə mexanizmlərinin daha səmərəli formada qurulması, eləcə də beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi, dərinləşdirilməsi və Azərbaycan incəsənətinin dünya mədəni məkanında daha çevik təmsil olunması əsas məqsədlərindən biri kimi qeyd olunub.
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası milli irsin qorunması ilə müasir inkişaf prosesləri arasında strateji körpü rolunu oynayır. Sənəd milli irsin elmi əsaslarla qorunması, yaradıcı şəkildə inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi və mədəniyyətin beynəlxalq miqyasda təbliği kimi mühüm məsələləri özündə əks etdirir.
Konsepsiyanın mədəni irsin qorunması və inkişafı bölməsində xüsusi olaraq qeyd olunur ki, Azərbaycan mədəni irsi Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Mədəni irs cəmiyyətin keçmişinə aid dəyərləri özündə ehtiva etməklə yanaşı, onların gələcək nəsillərə ötürülməsi üçün də əsas vasitə rolunu oynayır.
Sənəddə həmçinin mədəni irsin qorunmasının təkmilləşdirilməsi məsələsi öz əksini tapıb, mədəni irsin qorunmasının təkmilləşdirilməsi məqsədilə davamlı və sistemli fəaliyyətin həyata keçirilməsi, həmçinin beynəlxalq mədəni mübadilədə iştirakın genişləndirilməsi istiqamətində tədbirlər görülməsi zərurəti qeyd edilib.
Mədəniyyətimizin gələcək inkişafını müəyyənləşdirən sənəddə görüləcək tədbirlər də sadalanıb. Konsepsiyada habelə mədəni irsin qorunması və inkişafı bölməsində vahid yanaşma tətbiq edilməklə, mədəni irsin qorunması sahəsində nəticəəsaslı yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, mədəni irslə əlaqəli infrastrukturun müasirləşdirilməsi və təkmilləşdirilməsi göstərilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət siyasəti mədəniyyətin yalnız keçmişin mirası olmadığını, gələcəyin qurulmasında da mühüm rol oynayacağını aydın şəkildə göstərir. Aydın görünən odur ki, konsepsiya min illərdən bəri formalaşmış milli-mənəvi dəyərlərimizin etibarlı qorunması, müasir mədəni mühitin inkişafı və dünyaya təbliğ olunması, həmçinin tanıdılması üçün böyük tarixi əhəmiyyətə malik proqramdır. Dövlətimizin başçısı tərəfindən imzalanmış bu böyük tarixi əhəmiyyətli sənəd yaxın gələcəkdə mədəniyyətimizin inkişafına və etibarlı qorunmasına xidmət edəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"