30 Yanvar 2026 08:40
305
İQTİSADİYYAT
A- A+
Azərbaycanın investisiya coğrafiyası genişlənir

Azərbaycanın investisiya coğrafiyası genişlənir


Prezident İlham Əliyev: "Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır"


Hər bir ölkənin davamlı iqtisadi inkişafı üçün istər yerli, istərsə də xarici investisiyaların qoyuluşu vacib şərtlərdən biridir. Azərbaycan iqtisadiyyatı üçün də sərmayələrin, o cümlədən xarici investisiyaların cəlb olunması əsas prioritetlərdən sayılır. Odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə münbit investisiya mühiti yaradılıb. Xarici şirkətlərin Azərbaycana sərmayə yatırmaq marağı böyükdür. Lakin Azərbaycan təkcə investisiya yatırılan deyil, həm də sərmayə yönəldən ölkədir. 

Əslində, yaxın keçmişdə xarici investisiyadan asılı olan ölkəmizin özü bu gün xarici dövlətlərdə müxtəlif layihələrə sərmayə yatırır. İndi Azərbaycan artıq borcalan yox, borcverən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması imkan verir ki, ölkəmiz öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar qoysun. Bu, enerji sektorunda özünü daha qabarıq göstərir. 

Keçən ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Prezident İlham Əliyevin dediyi kimi: "Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır".

Uzağa getməyək, elə bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu ("TAEF") CVC DIF ilə tərəfdaşlıq çərçivəsində, DIF VII fondunun "PAL Cooling Holding" ("PAL") şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırmasını xatırlayaq. Keçən ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri CVC-nin infrastruktur strategiyası olan CVC DIF və "Tabreed" dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən birinin - "PAL Cooling Holding"in alınması ilə bağlı razılığa gəlib. Bununla da CVC DIF və "Tabreed" tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə PAL şirkəti yarıbayarı pay bölgüsü əsasında əldə olunub.

ARDNF-nin səlahiyyətlisi bu mühüm layihədə iştirakı fondun Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisi kimi dəyərləndirib: "Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq".

Bəli, Azərbaycanın sərmayə qoymaq potensialı ildən-ilə artır və buna paralel olaraq investisiya yönəltdiyimiz ölkələrin sayı da çoxalır. Xaricə qoyulan sərmayələr həm ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə imkan verən, həm də uzunmüddətli strateji maraqlarını təmin edən danılmaz faktdır. Bu cəhətdən Azərbaycanın investisiyalarına dünyada artan maraq əhəmiyyətli fakt kimi qiymətləndirilməlidir. 

Ölkəmizi xaricdə investor kimi təmsil edən ən iri qurumlardan biri SOCAR-dır (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti). Belə ki, SOCAR qısa müddətdə bir sıra  xarici ölkədə iş quran qlobal enerji şirkətinə çevrilib. 

Azərbaycan bu şirkət vasitəsilə beynəlxalq enerji bazarlarında aktiv fəaliyyət göstərərək xaricdə neft-qaz istehsalı, nəqli və bərpaolunan enerji layihələrinə sərmayə yatırır. Əsas istiqamətlərə Türkiyə, Gürcüstan, Rumıniya və Avropa ölkələri daxildir. 

SOCAR-ın ən böyük xarici sərmayələri qardaş Türkiyədədir. Bunlar əsasən STAR Neft Emalı Zavodu, Petkim Neft-Kimya Kompleksi, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və digərləridir. Həmin layihələrdən tək birinə - STAR-a diqqət yetirək. İzmir şəhərindəki (Əliağa) bu zavod 6,3 milyard dollar investisiya ilə qurulub və Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilmiş nəhəng layihədir. Zavod illik 10 milyon ton xam neft emalı gücünə malikdir və əsasən nafta, dizel, aviasiya yanacağı kimi məhsullar istehsal edərək Türkiyənin idxaldan asılılığını azaldır. 

SOCAR-ın və Dövlət Neft Fondunun iştirakı ilə reallaşan layihə "Petkim" kompleksi ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Açılışı 2018-ci ilin oktyabr ayında baş tutan bu müəssisənin fəaliyyəti Azərbaycanın Türkiyədəki ən böyük birbaşa sərmayələrindən biri hesab olunur. 

Azərbaycanın qonşu Gürcüstanın iqtisadiyyatına yatırdığı sərməyə milyardlarla dollar təşkil edir. Başqa sözlə, Azərbaycan bu ölkənin əsas xarici investorlarından birinə çevrilib. Sərmayələr bir sıra sahələri əhatə etsə də, enerji sektoru önəmli yeri tutur. Ümumiyyətlə isə Gürcüstanda 200-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir ki, bu da strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verir. 

Enerji sektoru istiqamətində investisiyalar neft-qaz layihələrinə və infrastrukturuna yönəldilib. Hazırda qonşu ölkədə "SOCAR" brendi ilə onlarca yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.

Yeri gəlmişkən, SOCAR Rumıniya bazarında da aktiv fəaliyyət göstərir və ölkənin demək olar ki, bütün regionlarını əhatə edən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Burada da "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı onlarcadır. Həmin stansiyalar  Rumıniyanın bir çox şəhərində və əsas magistral yollarında yerləşir. Yanacaqdoldurma məntəqələrində "SOCAR" brendi altında yüksəkkeyfiyyətli yanacaq və bəzi hallarda digər Azərbaycan məhsulları da satışa çıxarılır.

Rumıniyada, eləcə də Avropanın digər ölkələrindəki YDM-lər Azərbaycanın enerji təhlükəsizliyi strategiyasının vacib bir hissəsidir.

Məlumdur ki, indi biz enerji keçidi dövründə yaşayırıq. Azərbaycanın "yaşıl enerji" gündəliyi də artıq bütün dünyaya bəllidir. Şübhə yoxdur ki, ölkəmiz bu enerji növünün istehsalçısı və ixracatçısı olmaqla yanaşı, həm də xaricdə sərmayədarı olacaq. Məsələn, Maldiv Respublikası bu sahədə həyata keçirəcəyi layihər üçün tərəfdaş və investor axtardığını, davamlı enerji həllərinin təşviqində Azərbaycanın ona  etibarlı müttəfiq ola biləcəyini bəyan edib. 

Deməli, Azərbaycanın xarici sərmayələrinin istiqaməti və əhatə dairəsi getdikcə daha da genişlənəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir  

10:42
30 Yanvar

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olacaq  

10:41
30 Yanvar

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub  

10:40
30 Yanvar

Nazirlik: 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb  

10:39
30 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:39
30 Yanvar

Dünya bazarında qızıl 98 dollaradək ucuzlaşıb  

10:36
30 Yanvar

“Sea Breeze” layihəsi Londonda təqdim olunub  

10:01
30 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib  

09:24
30 Yanvar

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var  

09:23
30 Yanvar

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir  

09:22
30 Yanvar

Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib  

09:21
30 Yanvar

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

09:20
30 Yanvar

Zelenski enerji infrastrukturuna hücumların dayandırılması səylərinə görə ABŞ-a təşəkkür edib  

09:19
30 Yanvar

Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib  

09:18
30 Yanvar

Millət atası - Hacı Zeynalabdin Tağıyev

09:10
30 Yanvar

Konsepsiya böyük tarixi əhəmiyyətə malik proqramdır

09:05
30 Yanvar

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

09:00
30 Yanvar

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

08:55
30 Yanvar

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

08:50
30 Yanvar

Qobustan qayaları - ilk memarlıq nümunəmiz

08:45
30 Yanvar

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!