02 Avqust 2025 08:25
994
Mədəniyyət
A- A+
Köhnə filmlərə köhnəlməyən sevgi

Köhnə filmlərə köhnəlməyən sevgi


Bu gün kinomuzun, kino işçilərimizin peşə bayramıdır. 2000-ci il dekabrın 18-də Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Sovet hakimiyyəti illərində respublikamızda "Neft və milyonlar səltənətində" bədii filminin nümayiş olunduğu tarix - 1916-cı il mayın 14-ü kinonun yarandığı gün kimi qeyd olunurdu. Halbuki Azərbaycan kinosunun yaşı daha çoxdur.

O illərdə ölkəmiz dünyada daha çox zəngin təbii sərvətləri, "qara qızıl"ı ilə tanınırdı. Azərbaycan kinosu da ilk addımında dövrlə səsləşmişdi. Qeyd edək ki, 2001-ci ildə "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" kinosüjetləri Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən ölkəmizə gətirildi.

Bu gün Azərbaycan kinosunun 127 yaşı tamam olur. İnkişaf yoluna, çəkilən filmlərin sırasına nəzər salanda tərəddüdsüz deyə bilərik ki, bu illər boşuna keçməyib. Milli kinomuz "qara qızıl"la açdığı cığırla irəliləyib, indiki səviyyəyə çatıb. 

Bütün dünyada olduğu kimi, Azərbaycan kinosu da illər sonra mərhələdən-mərhələyə adlayıb. Səssiz, səsli, rəngsiz, rəngli olub. Dəyişməyən üzərinə düşən vəzifə və məqsədidir. Bir də illər ötdükcə, nəsillər bir-birini əvəz etdikcə, tamaşaçıları dəyişsə də, həmin filmlərə olan maraq və sevgi dəyişməyib.

"Arşın mal alan" uşaqlıq illərimizdən bu günədək həvəslə baxdığımız filmlərdən biridir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli "Arşın mal alan"ı Peterburqda təhsil alarkən - 1913-cü ildə yazıb. Sonralar müəllif o günləri belə xatırlayıb: "Bu əsər inqilabdan əvvəl yazdığım sonuncu əsərimdir. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. "Arşın mal alan" yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim. Bu əsər 1913-cü ildə ilk dəfə oynandığı zaman Bakı burjuaziyasının "Kaspi" qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdır. Onlar bu əsəri "qızlarımızı pis yola çağırmaqda" töhmətləndirirdilər. Bəziləri Əsgəri idealizə edərək onu açıqfikirli, yenilik tərəfdarı, kultura müdafiəçisi kimi göstərirdilər. Halbuki bu, tamamilə yanlış və saxta fikir idi. Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. O, əgər qızı görüb almaq istəyirsə, bu, onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi".

Əsər rejissorların da diqqətini cəlb etdi. Bakıda 1916-cı ildə rejissor Svetlov "Arşın mal alan" filmini "Film" Aksioner Cəmiyyətinin təşəbbüsü ilə lentə aldı. Amma istedadlı aktyorların çəkildiyi bu film uğurlu alınmadı. 

1917-ci ildə Belyakov soyadlı kino sənətindən uzaq biri "Arşın mal alan" komediyasını ekranlaşdırmaq niyyətinə düşdü. O illər məşhur olan heç bir aktyorun iştirak etmədiyi, musiqisiz və dekorasiyasız çəkilən bu film də 1917-ci ilin noyabrında "Forum" kinoteatrında cəmi iki gün göstərildi.

Xislətlərində məkr, paxıllıq olan ermənilər əsrlər boyu Azərbaycanın yalnız ərazilərinə göz dikməyiblər. Azərbaycanın istedadlı övladlarının ayrı-ayrı sahələrdə nail olduqları uğurlara da həsədlə baxıblar, öz adlarına çıxmaqdan, oğurlamaqdan çəkinməyiblər. 1936-cı ildə erməniəsilli rejissor Ruben Mamulyan  "Arşın mal alan"ı ekranlaşdırdı. Amerikada istehsal edilən həmin filmdə nə müəllifin, nə də Azərbaycanın adı çəkilirdi. Bəlkə də bu səbəbdən erməniəsilli rejissorun canfəşanlığı səmərəsiz oldu, film uğur qazana bilmədi.

Ən uğurlu "Arşın mal alan" 1945-ci ildə çox ağır günlərdə lentə alındı. Alman faşizminə qarşı aparılan müharibə davam edirdi. Rza Təhmasiblə birlikdə Üzeyir bəy Hacıbəyli "Arşın mal alan"ın çəkilişlərində böyük zəhmətə qatlaşdı. Filmdə iştirak etmək üçün Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Ələkbər Hüseynzadə, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva kimi bacarıqlı aktyorlar seçildi.

Görkəmli kinorejissor, pedaqoq Rza Təhmasib rejissoru olduğu bu film barədə sonralar xatirələrində yazırdı: "Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda "Arşın mal alan" yeridir?"

"Arşın mal alan" filmi baxışdan iki gün sonra Moskvanın iki kinoteatrında nümayiş olundu. Üç gün sonra isə film 18 kinoteatrda göstərildi. "Arşın mal alan" filminin uğurunu görməmək mümkünsüz idi…

1946-cı ildə bəstəkar Üzeyir bəy Hacıbəyli, kinorejissor Rza Təhmasib, aktyorlar Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev və Ələkbər Hüseynzadəyə "Stalin" mükafatı (2-ci dərəcə) verildi.

"Arşın mal alan" növbəti dəfə 1965-ci ildə ekranlaşdırılıb. Mərkəzi televiziyanın sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının planına salınan filmin çəkilişlərinə elə həmin il başlanıldı. Tofiq Tağızadənin quruluşunda ekranlaşdırılan filmdə Həsən Məmmədov, Leyla Şıxlinskaya, Nəcibə Məlikova, Ağadadaş Qurbanov, Xuraman Hacıyeva və başqaları çəkildilər.

"Arşın mal alan"ı Üzeyir bəy Hacıbəyli Şuşada hələ uşaq yaşlarında gördüyü, şahidi olduğu hadisələr əsasında yazmışdı. O illər yalnız Şuşa şəhərində deyil, Azərbaycanın hər yerində vəziyyət bu əsərdə olduğu kimi idi. İctimai bərabərsizlik, qadın hüquqsuzluğu cəmiyyətin bəlasına çevrilmişdi.

O cəmiyyət, orda baş verənlər XXI əsrin tamaşaçısı üçün yaddır. Ancaq yenə "Arşın mal alan" hər dəfə ekranlarda nümayiş olunanda böyük maraqla izlənilir. Səbəbini əsərin müəllifi, dahi Üzeyir bəy hələ Oktyabr inqilabının "Arşın mal alan"dakı həyatı tarixin arxivinə verdiyi vaxtlarda bildirmişdi: "İndiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar. İndi həyatımızda arşınmalçılar olmadığı halda, belə bir əsər tamşaçını maraqlandırır. Məncə, bunun səbəbi əsərin reallığı və məzmununun maraqlı olmasındadır".

Ümumiyyətlə, hər biri milli kinomuzun inciləri hesab olunan filmlərimiz çoxdur. "Görüş", "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Böyük dayaq", "Əhməd haradadır?", "Ulduz", "Qaynana", "Uşaqlığın son gecəsi", "Babək", "Nəsimi", "İstintaq", "Dəli kür", "Yenilməz batalyon", "Arxadan vurulan zərbə", "Dədə Qorqud", "Bir cənub şəhərində", "Uzaq sahillərdə", "Atları yəhərləyin", "Yeddi oğul istərəm", "Ad günü", "Babamızın babasının babası", "Papaq", "Tütək səsi", "Telefonçu qız" və daha neçə-neçə filmə bu gün də tamaşaçılar sevə-sevə baxır, tez-tez həmin ekran əsərlərinin qəhrəmanlarından sitatlar gətirirlər.

Bu filmlərin hər biri haqqında geniş söhbət açmaq olar. Ancaq 127 il öncə "qara qızıl"la yolu işıqlandırılmış milli kinomuzun "qara qızıl"lı başqa bir filmindən söz açacağıq. Bu, "İnsan məskən salır" filmidir. 1967-ci ildə görkəmli yazıçı İmran Qasımovun ssenarisi əsasında çəkilən filmin rejissoru Arif Babayevdir. Rollarda Ələsgər İbrahimov (Ramiz), Hacı Murad Yegizarov (Murad), Hökumə Qurbanova (Şamama), İsmayıl Əfəndiyev (Şirəli), Lüdmila Marçenko (Nina), Zemfira Sahilova (Ədilə), Yuri Perov (Andrey), Arkadi Tolbuxin (Moroz), Aleksandr Petrov (Vadim), Muxtar Manıyev (Məcid) və başqaları iştirak ediblər. 

Filmdə Azərbaycan neftçiləri dəniz mədənində məskən salmaq üçün dənizlə çarpışmalı olurlar. Gənc neftçi-mühəndisi briqada üzvləri xoş qarşılamırlar. Çünki o, böyük rəğbət bəslədikləri, tufan zamanı həlak olmuş briqadirlərinin yerinə təyin olunmuşdur. Gənc mütəxəssis üçün onların inamını qazanmaq asan olmur. 

Filmin rejissoru Arif Babayev insanın məskən salmağını bu böyük dünyanın hansısa bir yerində hücrə qurmaq, rahatlığa qovuşmaq deyil, ətrafındakıların yaddaşında, mənəviyyatında iz salmaq səadətinə bərabər bir tale töhfəsi hesab edirdi. Filmin qəhrəmanı isə məhz bu həqiqəti dərk etmədiyinə görə çaşır, can atdığı məkana qovuşa, ona daxil ola bilmir, məkansız bir durumun sərgərdanına çevrilir. Bakı, onun dar küçələri, dalanları, köhnə məhəllələri, hündür, yaraşıqlı binaları, geniş prosrektləri milli kinomuzda çox filmin məkan elementlərinə çevrilib. Azərbaycan kinematoqrafiyasında çox az rejissor Bakının, onun sakinlərinin ekran obrazlarını yaratmaq sahəsində Arif Babayevlə rəqabət apara bilərdi. O, bu şəhərin həyat ritmini, onun nəfəsini həssaslıqla duyur, şəhər sakinlərinin psixologiyasını, davranış etiketini yaxşı bilir və onları ekran obrazlarına çevirməyi bacarırdı.

Filmin əsas çəkilişlərinin dənizdə - Neft Daşlarında lentə alınması çətinliklər yaratmışdı. Filmin rejissor assistentlərindən biri - Ənvər Həsənov illər sonra demişdi: "Təbii ki, filmin ağır çəkilişləri Neft Daşlarında lentə alınmasından irəli gəlirdi. Axı dənizlə zarafat etmək olmaz. Bunun tufanı var, dalğası var, bir sözlə, belə yerdə hər dəqiqə çəkiliş aparmaq olmazdı".

Filmə ilk baxış 1968-ci il aprelin 22-də olmuşdu. Onu sonralar İrəvanda keçirilən "Prometey-68" zona kinofestivalına təqdim etmişlər. Rejissor Arif Babayev ən yaxşı debütə görə diploma layiq görülmüşdür. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!