Bəzi işbazların maddi marağı naminə vətəndaşlarımız qiymət bahalığından kinoteatrlara həsrət qalıb
Kino insanların daha çox müraciət etdiyi incəsənət sahələrindəndir. Hər kəs televiziya vasitəsilə istənilən filmə öz evində baxa bilir. Amma hansısa bir filmi kinoteatrda, iri ekranda və keyfiyyətli səs tonu ilə izləməyin xüsusi zövq olduğu hamıya məlumdur. Buna görə də insanlar yeni çıxan milli, yaxud hansısa xarici ölkə istehsalı olan filmləri kinoteatrda izləməyə üstünlük verirlər. Amma kinoteatr biletlərinin baha olması onların istəyinin qarşısına sədd çəkir. İctimaiyyət arasında apardığımız sorğu və onların kino biletlərinin qiymətləri barədə səsləndirdiyi fikirlər bizi vadar etdi ki, bu sahədəki vəziyyətlə daha yaxından tanış olaq.
Biletlərin qiyməti 8-25 manat arasındadır
Azərbaycanda Nizami Kino Mərkəzi, “Cinema Plus”, “Cinema City”, “Park Cinema” kimi müasir kinoteatr şəbəkələri fəaliyyət göstərir. Onların əksəriyyəti paytaxtda yerləşir. Bölgələrdə də kinoteatr binaları mövcuddur. Hər biri ilə əlaqə saxlayıb bilet qiymətlərinin niyə baha olması ilə maraqlandıq.
Cənubi Qafqazda və Azərbaycanda ən böyük kinoteatr sayılan Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirdi ki, burada gündüz seansında nümayiş olunan filmlərin biletləri 4 manata, axşam seansında yayımlanan filmlərin qiymətləri isə 7-8 manatadır. A.Əhədova qiymətlərin kino bazarına əsasən tənzimləndiyini dedi: “Filmi distribütorlardan alırıq, biletlərdən gələn pulun bir hissəsi təbii ki, həmin şirkətlərə çatır. Sözsüz ki, kinoteatr qazanmalıdır. Düzdür, dövlət kinoteatrı olduğumuzdan Mədəniyyət və Turizm Nazirliyindən bizə müəyyən dəstək olur. Amma əsasən özümüz-özümüzü maliyyələşdiririk. Azərbaycanın kino bazarı kiçik olduğundan distribütorlar filmləri bizə ucuz qiymətə təqdim edə bilmirlər”.
“Cinema Plus” kinoteatrından isə bildirdilər ki, seansların qiyməti 6-8 manatdır. Qeyd edək ki, burada platinum (VİP) zalı da fəaliyyət göstərir. Bu zalda bir film izləmək hər kəsə 25 manata başa gəlir.
Bakıda fəaliyyət göstərən “Park Cienama” isə 5 meydançadan ibarət kinoteatrlar şəbəkəsidir. Bu kinoteatrlarda da seanslara görə bilet qiymətləri 8 manata qədər dəyişir. VİP seanslar isə adəti üzrə 25 manatdır.
Kino bazarında “kolxoz bazarı”
Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz kinoteatrların hər birindən bildirdilər ki, biletlərin mövcud qiymətini bazar müəyyənləşdirir. Belə ki, satan ilə alan arasında vasitəçilər - distribütorlar fəaliyyət göstərir. Distribütor da filmi kinoteatrlara istədiyi qiymətə satır. Kinoteatr da onu distribütordan aldığı qiymətə yayımlamır. Beləcə, üçqat qiymət artımı meydana çıxır.
Bunu Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov da təsdiqlədi. Bildirdi ki, kinoteatrlar sahibkarlıq obyektləridir. Yeganə dövlət müəssisəsi Nizami Kino Mərkəzidir ki, o da bazarın əsas iştirakçılarından biridir: “Kinoteatrlarla film sahibləri arasında distribütorlar fəaliyyət göstərir. Subyektlə bağlanmış müqavilə müəyyən şərtləri nəzərdə tutur. Yəni filmin alınmasına və yayımına müəyyən miqdarda vəsait tələb olunur. Ona görə də bu məsələyə müdaxilə etmək mümkün deyil”.
Y.Şeyxov onu da vurğuladı ki, kinoteatrlarda aztəminatlı ailələrə, müharibə əlillərinə, 70 yaşdan yuxarı əmək veteranlarına və hərbçilərə güzəştli bilet satışlarının təşkil olunması planlaşdırılır. Bununla bağlı müvafiq qanunlara düzəliş edilməsi üçün Milli Məclisə yeni müddəalar göndərilib. Bu təkliflər qəbul olunarsa, hüquqi statusundan asılı olmayaraq bütün kinoteatrlara şamil olunacaq.
Distribütorlar qiyməti yenə qaldıracaqlar
Azərbaycanın film bazarında fəaliyyət göstərən iki əsas distribütor təşkilatı ilə də əlaqə yarada bildik. “AF-Media.az” MMC-nin rəhbəri Fikrət Rzayev qeyd etdi ki, onların filmləri Azərbaycanın bütün kinoteatrlarında nümayiş olunur: “Bilet qiymətlərinin baha olması fikri ilə razılaşmıram. Hətta gözlənilir ki, 2017-2018-ci ildən etibarən filmlərin qiyməti daha da qalxacaq”.
Digər distribütor təşkilatı olan “Cinema distribution” MMC-nin rəhbəri Faiq Kazımov isə qeyd etdi ki, distribütor satdığı filmdən gəlir götürməlidir. Buna görə də satılan biletlərdən gələn vəsaitin tam yarısı distribütorlara gedir, yarısı isə kinoteatrın hesabında qalır. Burada biz də, kinoteatr da qazanmalıdır ki, müəyyən xərcləri qarşılaya bilək, ayaqda qalaq”.
Qeyd edək ki, qonşu Türkiyədə, xüsusən də İstanbulda yerləşən kinoteatrlarda biletlərin qiyməti Azərbaycan valyutasına ekvivalentdə 2-4 manat təşkil edir. Gürcüstan və Rusiyada da oxşar vəziyyət yaşanır. Çox uzağa getməyək, Naxçıvanda yerləşən Naxçıvan Gənclik Mərkəzində filmlər 1-3 manata təqdim olunur.
Beləliklə, aydın olur ki, kinoteatrlarda bilet qiymətləri nəinki azala, hətta arta bilər. Amma nədənsə bu məsələyə köhnə təfəkkürlə yanaşılır. Çünki biletlərin ucuz təqdim olunması həm distribütorlar, həm də kinoteatrlar üçün sərfəli olar. Həm bilet çox satılar, həm də seanslar 5-10 nəfər üçün deyil, dolu zal üçün yayımlanar. Nəticədə hər iki tərəf yenə də özünə lazım olan vəsaiti qazanacaq və insanların kinoteatra olan marağı, həvəsi daha da yüksələcək.
Lakin görünən odur ki, distribütorları və kinoteatrları daha asan qazanc maraqlandırır. 10-15 işbazın maddi marağı naminə on minlərlə vətəndaşımız qiymət bahalığından kinoteatrlara həsrət qalıb...
Elgün MƏNSİMOV,
“Azərbaycan”