Atəşkəsdir, lakin müharibə davam edir. Düşmənə
nifrətimiz, qəzəbimiz, kinimiz alov kimi içimizdə püskürməkdə, kükrəməkdədir.
Milli Qəhrəmanımız Mübariz İbrahimovun Şuşanın,
Ağdamın və bütün işğal edilən ərazilərin düşməndən şəxsən və təkbaşına qisas almaq
üçün təmas xəttini keçməsi, işğalçılara misilsiz divan tutması, erməni ordusunu
vahiməyə salması barədə o, şəhidlik zirvəsinə ucaldığı gündən üzü bəri "Azərbaycan” qəzeti mütəmadi yazılarla çıxış edir.
Dərc etdiyimiz yazıların bir çoxu yerli və Türkiyənin elektron kütləvi informasiya
vasitələrində tirajlanıb. Biz bir qəzet kimi Milli Qəhrəmanımız Mübariz İbrahimovun
igidliyini məşəl kimi başımızın üstündə ucalıqlara qaldırmağı vəzifəmiz və mənəvi
borcumuz saymışıq. Bu gün bir daha bu mövzuya qayıtmaqdan qürur hissi keçiririk.
Onun 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu
arasındakı bir kilometrlik minalanmış sahəni keçməsi, düşmənin çox sayda əsgər və zabitini bircə həmlədə gəbərtməsi
dünyaya səs saldı, bu döyüşü Azərbaycan əsgərinin şücaət abidəsinin rəmzi kimi vəsf
etdik. Şəhidin valideynlərini ziyarət etdik, kədərlərinə və mətinliklərinin qüruruna
şərik olduq. Mübariz bu qeyri-bərabər doyüşdə ələ keçirdiyi düşmən silahlarından
istifadə edərək 5 saat erməni faşistləri ilə səhərədək son nəfəsinə kimi döyüşdü.
Biz şəhidin ata yurdunu ziyarət edəndə eşitdiyimiz
bu oldu ki, şəhid Mübarizin atası da, anası da övladlarının cəsədinin düşməndən
geri alınması üçün dövlətimizin erməni faşistlərinə minnətçi düşməsini istəməyiblər.
"Balamızı Vətənə fəda verdik, Vətən sağ olsun”
deyiblər!
İkinci Dünya müharibəsində həlak olan on
minlərlə azərbaycanlı da dəfn olunmayıb! Məzarları yoxdur!
Qarabağ müharibəsində itkin düşənlərin sayı-hesabı
yoxdur!
Müharibənin qanunları belədir: baş verən
hadisələr, əslində, heç bir qanuna tabe deyil, heç bir məntiqə sığmır. Beynimizdə
nəbz kimi çırpınan, ruhumuzu alışdırıb qisasa çağıran odur ki, işğal altında qalan
torpağımızın hər qarışı bir şəhid Mübariz qədər müqəddəsdir, toxunulmazdır! O zaman
şəhid atası dilə gətirməsə də, ummasa da, necə öz əlləri ilə balasını torpağa tapşırıb
toxtamaq arzusunda idisə, bu gün də milyonlarla insan işğaldan qan bahasına geriyə
qaytaracağımız yerləri məhəbbətlə öpüb gözünə çəkmək, sığal verib oxşamaq, kin-küdurətini
kiritmək arzusundadır.
Mübarizin valideynlərinin bir dəfə də dilə
gətirmədikləri istək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev bütün qüvvəsi ilə çalışdığını şəhidin vida mərasimində ayrıca qeyd
etdi: "Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları Vətənə qaytaraq. Baxmayaraq
ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman
övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir.
Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir”.
Miladdan
üzü bəri də, iki min il o yana da bütün cənglərdə vuruşan tərəflər bir-birlərinə
döyüş meydanından cəsədləri aparmağa imkan yaradıblar. Bütün qədim savaşların da
qaydası belə idi. Hər iki tərəf əsgərlərini torpağa tapşırıb toxtaya bilirdi. Ermənilərin
faşist ideoloqları anlamadı ki, igidlərimizi özlərində saxladıqca qəlbimizdə qəhrəmanlarımıza
rəğbət və sevgimiz də birə-min artır. Bizi qırmaq, sındırmaq istədikcə biz gücləndik,
daha da sıx birləşdik və düşmən üçün daha böyük gücə çevrildik. Bütün Ermənistan
isə igidlərimizin nəşi ayağında rəzil düşdü, miskin, mənəviyyatsız və cılız göründü!
Mübariz şəhidlik zirvəsinə ucaldığı gündən
onun doğulduğu həyətə minlərlə gənc ziyarətə gəlir və qəhrəmanın atasına başsağlığı
vermək əvəzinə xeyir-dua istəyirlər ki, Ağakərim dayı, Allah Mübarizin yolunu bizə
qismət eləsin, bizə də bunu arzulayın! Mübariz öz qəhrəmanlığı ilə yüz minlərlə
gənci ayağa qaldırdı, minlərlə Mübarizin yetişməsinə qol-qanad verdi. Heyrətlənməmək,
qürur hissi keçirməmək mümkün deyil!
Bizdən ucalarda, insan təfəkkürünün qət edə
bilmədiyi intəhasız məsafələrin sonunda əsl Vətən sevgisinin surəti müqəddəs nümunə
kimi qorunur, saxlanılır və yalnız bəşər övladlarından Mübariz kimi seçilmişlərə
hədiyyə edilir.
Qarabağ müharibəsində həlak olan istənilən
günahsız dinc sakin, istənilən şəhid hər birimizin övladı, qardaşı, bacısıdır! Bu
gün hər birimizin ruhunun bir parçası məzarda yatır və bizi incidir. Qisas hissi
ölmür!
Azərbaycan əsgəri 20 il də, 100 il də bundan
əvvəl mərd, döyüşkən olub. Bu gün bu güc daha qüdrətli, daha əzəmətli və qətiyyətlidir!
Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib, yüksək döyüş qabiliyyətinə
malikdir və dünyanın ən müasir orduları sırasındadır.
Mübariz ürəkdolusu qürrələnərdi: "Döyüşmək,
vuruşmaq istəyən qeyrətli oğullar çoxdur! Gözlərində ölüm qorxusu yoxdur! Bircə
himə bənddirlər! Yerlərindən qopsalar, qarşılarını almaq, onları saxlamaq mümkün
olmayacaq!”
Biz Lələtəpə uğrunda gedən döyüşlərdə bir
daha Mübarizlərin nəyə qadir olduğunu gördük.
Mübariz valideynlərinə döyüşdən əvvəl yazdığı
vida məktubunda deyirdi: "Canım atam və anam. Məndən sarı darıxmayın. Vətənin dar
günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik
tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın.
Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim”.
2010-cu ildə Mübarizin yazdığı bu məktuba
bu gün hər bir əsgərimiz imza atmağa hazırdır. İnsan bu dünyaya gəlir və gedir,
amma qəhrəmanlıq, şərəf gətirən şəhidlik hər igidə nəsib olmur.
Qardaşımız Ağakərimin, bacımız Şamamanın
oğlu və bütün şəhidlərimiz bizim də balamızdır və onların qəhrəmanlığı hər birimizin
ürəyində əbədi rəşadət rəmzinin məşəli kimi yanacaq! Bu çırağın işığı, nuru hələ
çox qəhrəmanlıqlara təkan verəcək və çoxlarını çəkib arxasınca aparacaq!
Mübariz İbrahimovun qəhrəmanlığı yalnız ordu
üçün yox, bütün Azərbaycan xalqı üçün xüsusi məna kəsb edir. O, bir əsgər kimi ruhən
zəngin idi. Daxilində vətənə elə müqəddəs bir sevgi vardı ki, onu öz ölümü belə
bu yoldan daşındıra bilməzdi! O gündən üzübəri orduya çağırılan gənclərın hər biri düşməni Mübariz kimi məhv etməyə, son nəfəsinədək
döyüşməyə hazırdır.
Mübariz gecənin qaranlıqlarında təkbaşına
nərə çəkərək, içində gurlayan qəzəbin və kinin gücüylə düşmənin üstünə atıldı! İşğal
olunmuş ərazilərdə, özgə torpağı üstündə gəzən düşmən bu xofdan, əzəmətli vahimədən
özünə gələ bilmədi. İndi də erməni səngərlərində bu ad gələndə diksinirlər, qorxurlar!
Yalnız bir Azərbaycan əsgəri bircə həmləsiylə işğalçı Ermənistan ordusunun nə qədər
aciz və zəif olduğunu ortaya qoydu. Əvvəl Rusiyanın, indi də Qərbin qucağında mürgü
vurub məzələnən erməni millətçiləri bir nəfərin qəhrəmanlığının timsalında ordumuzun
möhtəşəmliyinin şahidi oldular.
Mübarizin torpağa tapşırıldığı gün, dövlətin
təşkil etdiyi vida mərasimi ölkəmizin tarixində fəlsəfi məzmununa görə xalqla dövlətin
vəhdətini özündə ehtiva edən unudulmaz və bənzərsiz hadisələrdən biridir. O günü
indi də unutmaq mümkün deyil. Sanki bütün ölkə vahid, canlı bir orqanizm kimi idi.
Hamımız - kiçikdən böyüyə, əsgərdən Ali Baş Komandana qədər, orada olub-olmamağımızdan
asılı olmayaraq, sanki bu vida mərasimində bir bayrağın altında idik. Azərbaycan
Prezidenti İlham Əliyev də orada idi. Bu, vida mərasimindən daha çox Üzeyir bəyin
"Koroğlu” operasının uvertürası qədər qələbənin təntənəsini və vətən uğrunda ən
müqəddəs savaşın hələ irəlidə olduğunu anladan əzəmətli döyüş cəngisi idi. Yəqin,
çoxları xatırlayar ki, Ali Baş Komandan bu gün kədərlə qürurun qoşalaşdığını vurğuladı:
"Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür”.
İlham Əliyev bu mərasimdə etiraf etdi ki,
"Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən,
torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz
bütün gənclər üçün örnəkdir, nümunədir”.
Biz həmişə sərkərdələri ordunun başında görmüşük.
Həmin gün isə generallar Mübarizlə Fəridin fəxri keşiyində dayanmışdılar. O günü
Milli Qəhrəman Mübariz İbrahimovla şəhid baş leytenant Fərid Əhmədovun cənazələri
Şəhidlər xiyabanına gətirildi, son mənzilə yola salındı. Dəniz kimi kükrəyən izdiham
yaylım atəşinin göylərdən qayıdan sədaları altında igidlərimizlə vidalaşdı. Bütün
bunlar unudulması mümkün olmayan müqəddəs xatirələrdir.
Dövlət başçısı öz vəzifəsini şəhidin vida
mərasimində iştirakla bitmiş hesab etmədi. Mübariz İbrahimova Vətənin müstəqilliyinin
və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə
görə Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Başqa bir sərəncamı ilə xatirəsinin
əbədiləşdiriməsi üçün Biləsuvar rayonunun orta məktəblərdən və rayon mərkəzindəki
küçələrdən birinə onun adının verilməsini tapşırdı və bu, yerinə yetirildi.
Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi
"İstiqlal” snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəngə onun şərəfinə
"Mübariz” adı verildi. 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun
heykəlinin və Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi
üçün tikilmiş yaşayış evinin açılışı oldu. Həmin ildə "Palmali” şirkətinin Türkiyədə
hazırladığı yük gəmisi də "Mübariz İbrahimov” adlandırıldı. 2014-cü ildə Kanadanın
Ottava şəhərində yerləşən Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə qəhrəmanın
adına xatirə lövhəsi vuruldu. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Mübarizin
adı verildi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə heykəli ucaldıldı.
Onun haqqında 2010-cu ildə rejissor Etibar
Məmmədov "Müqəddəs zirvə” filmini çəkdi. Türkiyədə onun qəhrəmanlığı dillərdə dastana
çevrildi. 2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığına TRT 1 kanalında nümayiş
olunan "Sakarya Fırat”, 2014-cü ildə nümayiş olunan "Qızıl Alma” seriallarında geniş
yer ayrılmışdır. Fəxrəddin Mustafayev "Mübarizlər yolu”, Maarif Köçkün "Mübariz
cəsarəti”, Zaur Ustac "Oriyentir Ulduzu” kitablarını yazdılar. Elxan Elatlı "Qisas
gecəsi”, Balayar Sadiq "Hünər simfoniyası”,
Baxşeyiş Abbasoğlu "Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi”, Mustafa
Çəmənli "Mübariz” romanlarını, Rauf İlyasoğlu "Vətən sağ olsun” poemasını yazdılar.
Mübariz Azərbaycanın hərb tarixində heç vaxt
sönməyən bir günəşdir! Amma təəssüf ki, bəzən ən müqəddəs hislərimizi də yaralamaq
istəyənlər tapılır. Son günlər psixoloq adı altında gündəmə gələn, amma nə psixologiyaya,
nə də müharibəyə dəxli olan bəsit dünyagörüşlü, dayaz təfəkkürlü birisinin xalqımızın
baş əydiyi, ruhu önündə səcdəyə getdiyi igid oğlunun şəhidliyini şübhə altına almağa
cəhdi nifrət və təpki ilə qarşılandı. Əslində bu üzdəniraq "psixoloq” heç bircə
kəlmə ilə də tənqid olunmağa layiq deyil. Faciəvi dərəcədə savadsızdır, şəxsiyyət
kimi natamam, insan kimi kal, vətəndaş kimi cılızdır. Əməlinə görə üzr istəsə də,
görünür ki, idarə olunur, kimlərinsə əlində oyuncaqdır, kimlərinsə vədlərindən ilhamlanıb.
Mühakimələri sayıqlamağa bənzəyir, Mübarizin ucaldığı zirvələrin ətəyində iməkləməyə
belə layiq deyil. Dövlət onu öz vicdanının mühakiməsinə buraxıb. Xalq isə onun çıxışlarına
sosial şəbəkədə 6 min nifrət dolu kommentlə cavab verib. Min onun kimisi yığılsa belə Mübarizin nüfuzuna azacıq
da xələl gətirmək gücündə deyil! Onun deməyindən belə çıxır ki, biz işğalçı qoşunu
əvvəl yuxudan oyatmalıyıq, süfrə açıb səhər yeməyini verməliyik, yalnız bundan sonra
döyüşə dəvətnamə göndərməliyik. Ona fikir verilməsə, daha yaxşı olar. Bu üzdəniraq
"psixoloq” düşünür ki, Qarabağda düşmən bizim yatan əsgərlərin heç birini öldürmür,
dinc sakinləri, uşaqları qətlə yetirmir və hamısı ağzı əmzikli mama uşaqlarıdır.
Atalarımızın müdrik bir kəlamı var: dərd o deyil ki, xəstəsən, ehtiyac içindəsən!
Dərd odur ki, sənə deyirlər, amma sən anlamaq iqtidarında deyilsən. Görünür, bu
üzdəniraq "psixoloq” da nə etdiyini ya anlamır, ya da, ola bilsin ki, ölkədən çıxıb
özünə "gün ağlamaq” üçün bu yolu seçib!
Bahadur İMANQULİYEV,
"Azərbaycan”