Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Zaur Əhmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. Vurğulanıb ki, Ulu Öndər fəaliyyətinin hər mərhələsində Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Diplomat bildirib ki, Heydər Əliyev birinci rəhbərliyi dövründə yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanı Sovet İttifaqının qabaqcıl respublikalardan birinə çevirdi, həm də müstəqillik illərində ölkəmizin ordu quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlərə imza atdı.
Səfir, həmçinin Ulu Öndərin gənclərə və tələbələrə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıb.
“Beş gün öncə Uppsala şəhərində İsveçdə təhsil alan azərbaycanlı tələbələrlə görüşümüzdə xüsusilə qeyd etdik ki, sovet dövründə Ulu Öndərin təşəbbüsü ilə minlərlə istedadlı Azərbaycan gənci Sovet İttifaqının qabaqacıl universitetlərinə təhsil almaq üçün göndərildi. O zaman 15 mindən artıq azərbaycanlı tələbə 250 ixtisas üzrə 170 universitetə göndərilmişdi. Həmin şəxslər sonradan Azərbaycanın inkişafına töhfə vermiş oldular”, - deyə Zaur Əhmədov vurğulayıb.
Diplomatın çıxışından sonra diaspor nümayəndələri Heydər Əliyevin tarixi rolundan danışıblar. Onlar çıxışlarında vurğulayıblar ki,
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, ölkənin birliyini və bütövlüyünü qorudu və dövlətin gələcəyini müdrik, uzaqgörən bir rəhbərə — Ali Baş Komandan İlham Əliyevə etibar etdi. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.