12 Dekabr 2025 08:45
203
SİYASƏT
A- A+
Dövlətçilik məfkurəsinin memarı

Dövlətçilik məfkurəsinin memarı


Azərbaycan xalqının taleyinə yazılan parlaq şəxsiyyətlər çox olub. Lakin qədim tariximizin ən mürəkkəb dönəmlərində xalqın xilası, dövlətin bərpası və müstəqilliyin möhkəmlənməsi kimi ağır missiyanı öz üzərinə götürən liderlər barmaqla sayılacaq qədərdir. Bu liderlər sırasında Ulu Öndər Heydər Əliyevin adı xüsusi çəkilir. Çünki bu dahi şəxsiyyət təkcə dövlət başçısı olmayıb, həm də zamanları aşan irs qoyub gedib, böyük dövlətçilik məktəbi yaradıb. 

Bütün zamanlarda əziz xatirəsini hər zaman dərin ehtiramla andığımız Ümummilli Lider Heydər Əliyevin siyasi portreti yalnız hadisələrin ardıcıllığı ilə ölçülmür. Onun həyat yolu bütöv bir dövrün şərhini verir:

Xalqına sədaqət, dövlətinə məsuliyyət, gələcəyinə inam;

Azərbaycan dövlətçiliyinin yenidən doğuluşunu təmin edən dahi lider;

Bir dövrün deyil, bütöv bir millətin taleyinə istiqamət verən şəxsiyyət;

Azərbaycanın sabitliyinin, inkişafının və gücünün memarı;

Ağlı ilə tarix yaradan, cəsarəti ilə xalqına dayaq olan rəhbər;

Azərbaycanı xaosdan yüksəlişə aparan siyasi dahilik nümunəsi.

Adını tariximizə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını dövlət fəlsəfəsinə çevirən böyük şəxsiyyət idi. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

Əminliklə deyə bilərik ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın hər qarışında dalğalanan bayrağımızın əzəməti, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın möhtəşəm nailiyyətləri Heydər Əliyevin ideyalarının təntənəsidir.


Dövlətçilik fəlsəfəsinin banisi 


XX əsrin çətinlikləri fonunda Heydər Əliyev təkcə rəhbər kimi deyil, həm də xalqının gələcəyini düşünən dövlət qurucusu kimi fərqlənmişdir. O, milli birlik ideyasını gücləndirmiş, azərbaycançılıq fəlsəfəsini bir dövlət doktrinasına çevirmişdir. Zəngin təcrübəsi, qətiyyətli qərarları və sabitlik yaratmaq bacarığı Azərbaycanı hər zaman  böhranlardan çıxarmış, inkişafın möhkəm təməlini formalaşdırmışdır.

Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən dövrlərdə dövlətçiliyimizin təməlləri qoyulmuş, formalaşdırmışdır. Bu da gələcəkdə Azərbaycanın uğurlu inkişafını təmin edəcək yüksəliş konsepsiyasının əsasını təşkil etmişdir. Fenomen şəxsiyyətin adı təkcə bir epoxanın deyil, bütöv bir ideyanın - güclü, müstəqil və dünyaya inteqrasiya olunan Azərbaycanın ideyasının simvoludur. Onun yaratdığı irs bu gün də dövlət idarəçiliyi məktəbi kimi yaşamaqda, yeni nəsillərə yol göstərməkdədir.

Ulu Öndərin həyatı, xidmətləri və dövlətçilik fəaliyyətinin miqyası bir insan ömrünün sərhədlərindən daha genişdir. Bu ömür təkcə fərdi taleyin deyil, bütöv bir xalqın tarixinin mühüm mərhələsini özündə ehtiva edir. Heydər Əliyevin siyasi yolunun başlanğıcı sadəcə vəzifə və idarəçilik təcrübəsinin toplusu deyil, həm də Azərbaycan üçün sabitlik, inkişaf və özünüdərk kimi anlayışların formalaşmasına gedən mühüm addımlar idi. O dövrün geosiyasi reallıqları fonunda idarəçilik bacarığı, düşüncə çevikliyi və prinsipiallığı ona həm ölkə daxilində, həm də xaricdə hörmət qazandırmışdı. Bu hörmətin təməlində şəxsi nüfuzdan daha çox dövlət düşüncəsinin dərinliyi dururdu.

Müstəqillik illərinin ilk mərhələsində Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı. Ölkənin siyasi sistemi zəif, iqtisadi strukturlar dağınıq, cəmiyyətin sosial psixologiyası isə qeyri-müəyyənlik içində idi. Belə bir şəraitdə Ümummilli Liderin idarəçilik təcrübəsi və siyasi uzaqgörənliyi ölkə üçün dönüş nöqtəsinə çevrildi. Onun qəbul etdiyi qərarlar çox zaman böyük risklərin fonunda verilsə də, bu risklər dövlətin gələcəyi naminə idi. Sabitliyin bərpası, hüquqi dövlət quruculuğunun təməli, iqtisadi strategiyanın müəyyənləşdirilməsi məhz həmin mərhələnin ən vacib nəticələri oldu.

Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mərkəzində milli maraqların qorunması dayanırdı. Bu fəlsəfə yalnız siyasi müstəvidə deyil, həm də ictimai şüurda mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycançılıq ideyasının sistemli yanaşmaya çevrilməsi ölkənin çoxmillətli və müxtəlif təbəqələrdən ibarət cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinə şərait yaratdı. Onun siyasətində milli kimlik həm tarixi yaddaşa söykənirdi, həm də gələcəyə açılan qapı kimi dəyərləndirilirdi.

Beynəlxalq aləmdə Azərbaycanla bağlı formalaşan təsəvvürlərə nəzər salanda, Heydər Əliyevin diplomatik bacarığının nə qədər mühüm rol oynadığını görmək mümkündür. O, ölkənin geosiyasi mövqeyini reallıqlar və maraqlar balansı üzərində qurmağa çalışırdı. Enerji siyasətinin təməlinin qoyulması, regional əməkdaşlıq platformalarının genişləndirilməsi və Azərbaycanın müstəqil aktor kimi tanınması bu fəaliyyətin mühüm nəticələrindəndir. Bu yanaşma təkcə siyasi plan deyil, strateji düşüncə məktəbi idi.

Heydər Əliyevin irsindən danışarkən, onun yalnız hakimiyyət sahəsində gördüyü işlər yox, həm də cəmiyyətin inkişafına yönəlmiş humanist yanaşması da nəzərə çarpır. O, gənc nəslin təhsilinə, milli-mənəvi dəyərlərin qorunmasına, elmin və mədəniyyətin inkişafına xüsusi önəm verirdi. Onun fikrincə, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, həm də xalqın intellektual və mənəvi potensialı ilə ölçülür. Bu düşüncə bu gün də ölkədə həyata keçirilən çoxsaylı sosial və mədəni layihənin ideya əsasını təşkil edir.

Ümummilli Liderin şəxsiyyətini anlamaq üçün onu yalnız siyasi lider kimi deyil, həm də zamanın çətinlikləri ilə üz-üzə qalmış və bu çətinliklərdən xalqını çıxarmağa çalışan qərarlı bir insan kimi qiymətləndirmək lazımdır. Onun iradəsi çox zaman ən mürəkkəb anlarda özünü göstərmiş, qərarları isə uzunmüddətli nəticələr yaratmışdır. Tarix nadir hallarda belə şəxsiyyətlər yetişdirir - həm öz dövrünün reallıqlarını dəyişdirə, həm də gələcək nəsillərin yoluna işıq sala bilən lider...

Bu gün Heydər Əliyevin adı təkcə bir dövrün simvolu deyil, həm də dövlətçilik təfəkkürünün, milli birliyin və inkişaf strategiyasının təcəssümüdür. Onun irsi müasir Azərbaycanın formalaşması prosesinə yön vermiş, ölkənin siyasi və sosial istiqamətlərini müəyyən etmişdir. Bu irs zaman keçdikcə daha geniş mənada dəyərləndirilir və həm tarixçilər, həm də yeni nəsil üçün öyrənilməsi vacib bir məktəb kimi qalır.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həyatı liderlik, uzaqgörənlik və dövlətə bağlılığın bir araya gəldiyi nadir bir örnəkdir. Onun fəaliyyəti Azərbaycan tarixində təkcə bir mərhələ yaratmadı - bu fəaliyyət bir millətin gələcəyini formalaşdıran ən mühüm səhifələrdən birinə çevrildi.


Heydər Əliyev irsi - xalqın yaddaşında yaşayan ən böyük dəyər


Ümummilli Lider xalqın son ümid yeri, xilaskarı idi. Onun siyasi məktəbinin layiqli varisi - Prezident İlham Əliyev isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən lider oldu. 200 illik Ermənistan-Azərbaycan, 30 illik Dağlıq Qarabağ münaqişəsinə Zəfərlə son qoyub Ulu Öndərin yarımçıq qalan işlərini başa çatdırdı və indi Azərbaycan  məhz Heydər Əliyevin görmək istədiyi ölkə kimi dünyaya günəş kimi doğur. 

Bu gün dahi liderin ideyaları, zəngin irsi hər zaman təbliğ edilir. Əlbəttə ki, Azərbaycan dövlətçilik tarixinin ən dəyərli səhifələrindən biri, Ulu Öndər Heydər Əliyevin yaratdığı böyük irsin bu gün də yaşaması, inkişaf etməsi və yeni nəsillərə ötürülməsidir. Bu irsin sistemli şəkildə qorunması və gələcək naminə yenidən dəyərləndirilməsi üçün fəaliyyət göstərən mühüm qurumlardan biri də Heydər Əliyev Fondudur. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 21 il öncə yaradılan fond ötən müddət ərzində Ümummilli Liderin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, mədəniyyətimizin, tariximizin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi fəaliyyət prinsipi seçib. 

Heydər Əliyev Fondu fəaliyyətində Ulu Öndərin ideya xəttini - insan amilinə dəyər verməyi, təhsili, elmi, mədəniyyəti və milli-mənəvi dəyərləri yüksək tutmağı əsas prinsip kimi götürür. Fonda xas olan bu istiqamətlilik, klassik idarəetmədən daha çox, milli irsin qorunma və gələcəyə daşınma modeli kimi dəyərləndirilə bilər. Burada dövlətin inkişafı yalnız siyasi müstəvidə deyil, həm də cəmiyyətin sosial-mədəni potensialı ilə ölçülür.

Ölkəmizdə elə sahə tapılmaz ki, onun problemlərinin çözülməsində, aradan qaldırılmasında, inkişafında Heydər Əliyev Fondunun xidmətləri olmasın. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fondun gördüyü işlər inqilabi xarakter daşıyır. 

Fondun fəaliyyətinə ən böyük qiyməti isə Prezident İlham Əliyev verib. Dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fonduna çevrilib. Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır: "İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilməsi də Birinci vitse-prezidentin xalqı qarşısında xidmətlərinə verilən ən ali mükafatdır, çox yüksək qiymətdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu gün nicat ünvanı, xeyirxah aksiyaların, marafonların məkanıdır.

Bu gün fondun işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələr misilsizdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdikdən sonra qısa zamanda möhtəşəm layihələr reallaşdırıldı. Layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular və xüsusi işçi qrupları yaradıldı. Bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparıldı. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə etdi. Məhz həmin layihələr əsasında fond artıq bir çox mədəniyyət, dini-tarixi  abidənin bərpasını başa çatdırıb. Fondun fəaliyyəti göstərir ki, ikinci dəfə "yenidən doğulmaq" mümkündür - dağıdılmış, viran qoyulmuş torpaq, abidə, mədəni irs bərpa edilə, xalq öz yaddaşını, keçmişini bərpa edə bilər. Bu isə böyük irsin - dövlətçiliyin, mədəniyyətin, milli kimliyin layiqincə qorunmasının təcəssümüdür.


Ulu Öndərin görmək istədiyi Azərbaycan


Azərbaycan dövlətçilik tarixinin ən dəyərli səhifələrindən biri, Ulu Öndərin yaratdığı böyük irsin bu gün də yaşaması, inkişaf etməsi və yeni nəsillərə ötürülməsidir. Bu irsin ən layiqli davamçısı, Heydər Əliyev siyasi məktəbinin ən istedadlı məzunu möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. 

Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, xaos, vassal bir dövlətə çevrilmək təhlükəsindən qurtarıb işıqlı sabaha çıxarmışsa, İlham Əliyev hələ illər öncə Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Prezident yürütdüyü xarici diplomatiya ilə Azərbaycan qlobal dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil oldu. 

Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev coğrafi cəhətdən elə də böyük olmayan ölkəni - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirdi. Azərbaycan qısa zaman ərzində Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri oldu. Təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Əlbəttə ki, Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin  coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdir. 

Bu gün Prezident İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, o, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərinin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü qlobal təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 

Prezident İlham Əliyev son illər beynəlxalq siyasət arenasında artan nüfuzu və strateji yanaşmaları ilə diqqət çəkir. Bu da onu göstərir ki, İlham Əliyev yalnız Azərbaycanın milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda regiondakı və qlobal səviyyədəki sülh və sabitlik proseslərinə təsir edən liderə çevrilib. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu nüfuzun daha da gücləndiyini nümayiş etdirir.

Bununla da Prezident İlham Əliyevin diplomatik yanaşması, Azərbaycanı yalnız regionda deyil, həm də beynəlxalq aləmdə etibarlı və nüfuzlu bir tərəfdaş kimi tanıdır. Dövlətimizin başçısı Yaxın Şərq Sülh Sammitində iştirak edərək Azərbaycanı yalnız bir enerji ixracatçısı kimi deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində fəal iştirak edən bir aktor olaraq təqdim edir. Bu, onun Azərbaycanın beynəlxalq məsələlərdə yalnız regional deyil, qlobal məsələlərdə də mühüm söz sahibi olduğunu göstərir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada daha güclü bir mövqe qazanmasını təmin edib. Azərbaycan Xəzər regionunda və geniş Qafqazda mühüm bir regional oyunçuya çevrilib. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasında iştirak etməsi ölkənin diplomatik əlaqələrini möhkəmləndirib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji siyasətini effektiv şəkildə quraraq ölkənin enerji təchizatını, əsasən, Avropa bazarlarına yönəldən və Xəzər dənizinin enerji resurslarını dünyaya təqdim edən mühüm layihələrə imza atıb.

Azərbaycanın lideri ölkəmizi dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Bu gün orbitdə Azərbaycanın 3 peyki mövcuddur. Ölkə lideri qlobal transmilli layihələrin müəllifi kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", Orta dəhliz kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan regionun enerji və nəqliyyat xəritələrini yenidən tərtib edib. 

Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Bütün bunlarla yanaşı, dövlətimizin başçısı elə bir daxili və xarici siyasət yürüdür ki, bu gün Azərbaycan dünyada terror təhlükəsinin olmadığı nadir ölkələr sırasındadır. Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutunun 2025-ci il üçün hesabatında bunu görmək mümkündür. İnstitut tərəfindən hazırlanan 2025-ci il üzrə Qlobal Terrorizm İndeksinə (Global Terrorism Index - GTI) əsasən, Azərbaycan dünyanın terror təhlükəsinin ən az olduğu ölkələrindən biri elan olunub.

Artıq demək olar ki, Cənubi Qafqaz regionunda gərginlik dövrü bitməkdədir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanası istiqamətində real addımlar atılmaqdadır. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlər-arası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması demək idi. Bu günlərdə Minsk qrupunun ləğvi isə bir daha təsdiq etdi ki, artıq Ermənistandakı revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb. 

Əlbəttə ki, Cənubi Qafqazda sülhün bərqərar olması həm regional, həm də beynəlxalq səviyyədə bir çox mühüm dəyişikliklərə yol açacaq. Bu, yalnız dövlətlər arasındakı münasibətlərin yaxşılaşması ilə bağlı deyil, həm də iqtisadi, sosial, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahələrində əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər. Ekspertlər də hesab edirlər ki, Azərbaycanın neft və qaz ehtiyatları, Gürcüstanın limanları, Ermənistanın coğrafiyası və regional istehsal sahələri arasında daha effektiv bir əlaqə qurulması mümkündür. Bölgədəki nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və Trans-Xəzər nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bütün Qafqaz və Mərkəzi Asiya ölkələri faydalanar. Beləliklə, regionun iqtisadiyyatları daha çox inteqrasiya olar və Cənubi Qafqaz, həm regional, həm də beynəlxalq bazarlarda daha güclü rol oynaya bilər.

Cənubi Qafqazda sülh bərpa olunarsa, bu, həm də regional təhlükəsizlik vəziyyətini yaxşılaşdırar. Münaqişələrin aradan qaldırılması, ordu və təhlükəsizlik qüvvələrinin sərhədlərini qorumaq yerinə, sərbəst inkişafı dəstəkləyən fəaliyyətlərə yönəlməsinə səbəb olar. Ən əsası, bu, hərbi qarşıdurmaların qarşısını ala və ölkələr arasında qarşılıqlı inamı gücləndirə bilər. 

Sülh əldə edildikdən sonra yeni regional əməkdaşlıq formatlarının yaranması da mümkündür. Bölgə ölkələri, Güney Qafqazda birgə inkişaf və təhlükəsizlik məqsədilə müstəqil təşkilatlar və platformalar qura bilərlər. Bu, həm də regional güclərin və qonşu dövlətlərin iştirakı ilə genişlənə bilər. Cənubi Qafqazda sülhün bərqərar olması sadəcə olaraq dövlətlər arasındakı gərginliyin azalması ilə nəticələnməyəcək. Bu, həm də iqtisadiyyatın canlanması, sosial sabitliyin yaranması, regional təhlükəsizliyin təmin olunması və beynəlxalq əməkdaşlığın genişlənməsi kimi bir çox müsbət dəyişikliklərə səbəb ola bilər. Cənubi Qafqaz bir zamanlar qarşıdurmalarla tanınan bir regiondan, sabitlik və inkişafın mərkəzinə çevrilər. Lakin bunun reallaşması üçün iki ölkənin siyasi iradəsi və beynəlxalq dəstək vacibdir. Azərbaycan bütün zamanlarda sözünə, vədinə sadiq olduğunu isbatlayıb. Ermənistan əvvəlki siyasi oyunbazlığından əl çəkib sülhə sadiq olarsa, regionumuz qısa zamanda dünyanın ən təhlükəsiz məkanı ola bilər. 

2020-ci ilin Vətən müharibəsində əldə edilən qələbə, təməli Ulu Öndər tərəfindən qoyulan İlham Əliyev siyasətinin zirvəsi, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün təntənəsidir. Prezident İlham Əliyev bu siyasəti sülh və sabitlik prinsiplərinə sadiq qalaraq daha da dərinləşdirəcək və Azərbaycanı daha möhtəşəm nailiyyətlərə, qələbələrə qovuşduracaq. 


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 50 cinayətin açılması təmin edilib  

11:21
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

11:20
12 Dekabr

Azərbaycanla Böyük Britaniya arasında süni intellekt və kibertəhlükəsizliyə dair fikir mübadiləsi aparılıb  

11:19
12 Dekabr

Ulu Öndərin arzuladığı Azərbaycan  

11:11
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

10:40
12 Dekabr

Faktiki hava açıqlanıb

10:38
12 Dekabr

Azərbaycanın taleyini dəyişən lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi  

10:35
12 Dekabr

Heydər Əliyev fenomeni: dövlətçilik məfkurəsinin tarixi missiyası və müasir davamlılıq siyasəti

10:31
12 Dekabr

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

10:18
12 Dekabr

David Sumbadze: Yardımla bağlı məhdudiyyətlərin aradan qaldırılması bütün regionda əməkdaşlığın artmasına təkan verəcək

10:01
12 Dekabr

Gürcüstanla Azərbaycan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

09:25
12 Dekabr

Əriyən buzlaqlar - dağların "göz yaşı"

09:25
12 Dekabr

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram  

09:23
12 Dekabr

COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb

09:20
12 Dekabr

Dünya azərbaycanlılarının əbədi lideri

09:15
12 Dekabr

Heydər Əliyev və azərbaycançılıq ideologiyası

09:10
12 Dekabr

Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

09:05
12 Dekabr

Nadir şəxsiyyət, qüdrətli siyasi xadim

09:00
12 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin banisi

08:55
12 Dekabr

Ulu Öndər amallarından qüdrətli Azərbaycana

08:50
12 Dekabr

Dövlətçilik məfkurəsinin memarı

08:45
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!