Misirin Aralıq
dənizi hövzəsində, Nil çayının deltasında yerləşən İsgəndəriyyə Şimali Afrikada
Qahirədən sonra ikinci ən böyük şəhər sayılır. Arxeoloji qazıntıların nəticələrinə
əsaslanaraq insanların bu ərazidə miladdan əvvəl 2700-2200-cü illər arasında məskunlaşdıqları
bildirilir.
İsgəndəriyyə
şəhərinin təməli isə miladdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən
qoyuldu. Amma ona bu şəhəri görmək nəsib olmadı. Dünyaya hökmranlıq etmək istəyən
Makedoniyalı İsgəndərin ömrü başa çatdı. Bu şəhərdəki mavzoleydə dəfn edildi.
Misir hökmdarlığının paytaxtı...
Makedoniyalı
İsgəndərin sərkərdəsi və silahdaşı olmuş Ptolomey Soter hakimiyyəti ələ keçirdi.
Misirin yeni hökmdarı dərhal İsgəndəriyyəni öz iqamətgahı elan etdi. Həmin ərəfədə
İsgəndəriyyə bütün yunan məmləkətində ən məşhur şəhərə çevrilmişdi.
I Ptolomeylə
bir sülalə hökmranlığının əsası qoyuldu. Həmin hakimiyyətin son nümayəndəsi miladdan
əvvəl 31-ci ildə vəfat edən Kleopatra oldu. 300 il müddətində dövləti maarifçi despot
kimi idarə edən Ptolomeylərin dövründə elm və incəsənətin inkişafına böyük vəsait
xərcləndi...
Hökmdar I
Ptolomey eramızdan əvvəl 290-cı illərdə zülmət gecələrdə, əlverişsiz havalarda şəhər
limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün nəhəng mayak tikməyi əmr etdi. Fırtınalı sularda, təhlükəli
sahillərdə gəmiçiləri istiqamətləndirmək məqsədilə Misirin İsgəndəriyyə şəhərinin
önündə, Nil çayının mənsəbindəki Faros adasında tikilinin bünövrəsi qoyuldu. Mayakın
tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik etdi.
Dünyanın ən hündür mayakının "sirləri”
I Ptolomey
Soter zamanında başlanan inşaat işləri onun ölümündən sonra, oğlunun hökmdarlığı
dövründə başa çatdı. Tikinti təxminən 5 il davam etdi. Bu, Qədim Yunanıstanın ən
böyük mayakı idi. Müxtəlif mənbələrdə üçyaruslu qüllənin hündürlüyünün 120 metrə
çatdığı bildirilir. Bu göstəriciyə əsaslanaraq,
İsgəndəriyyə mayakının əsrlər boyu dünyada ən hündür tikili olduğu qeyd edilir.
Gündüzlər
belə günəş işığını dənizə əks etdirmək məqsədilə hazırlanmış cilalı bürünc aynaları
mayaka qeyri-adilik gətirir, sirli göstərirdi. Gecələri isə qüllənin zirvəsindəki
daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırdı. Atəşlər aynaların qarşısında
yandırıldığından əks etdirdiyi işıq gecə təxminən 50 kilometr məsafədən görünürdü.
Farosdakı
mayak 1500 ildən artıq müddətdə gəmilərə
yol göstərdi. Miladdan əvvəl 30-cu ildə İsgəndəriyyə şəhəri Roma imperiyası uğrunda
vuruşan Oktavian tərəfindən işğal olundu. İsgəndəriyyənin şöhrəti Roma dövründə
də bitmədi. Bütün imperiyada Romadan sonra ikinci böyük şəhər kimi əhəmiyyətli yer
tutdu. Burada antik dövr üçün əhali sıxlığı mövcud idi. Belə ki, şəhərdə təxminən
500000-ə qədər əhali məskunlaşmışdı.
Zamanın qovğaları, təbiətin şıltaqlıqları...
Roma imperatorluğunun
dağılması ilə dəniz ticarəti də zəiflədi. Nəticədə mayaklar uzun müddət istifadəsiz
qaldı. İsgəndəriyyə mayakından da Roma imperiyasının süqutundan sonra istifadə edilmədi.
Müxtəlif dövrlərdə baş vermiş zəlzələlərdən, fırtınalardan, əldən-ələ keçən hökmranlıqlardan
İsgəndəriyyə mayakının da başı çox bəlalar çəkdi.
Ərəblərin
işğalından sonra, VII əsrdə isə abidə "gündüz mayakı”na çevrildi. Tikiliyə 955-ci
ildə baş verən zəlzələ və fırtınada çox ciddi zərər dəydi. Gövdəsi isə 1302-ci ildə
başqa bir zəlzələdə çökdü.
İsgəndəriyyə
mayakını 1326-cı ildə olan güclü zəlzələ
yerlə yeksan etdi. Dəniz limanı XIII əsrdə Məmlüklər dövründə qumla örtüldü. XIV
əsrin əvvəlindəki zəlzələdən sonra mayak tamamilə dağıldı. Dünyanın ən böyük memarlıq
əsərlərindən biri - İsgəndəriyyə mayakı xarabalığa çevrildi. Qalıqlarından istifadə
edilərək yerində orta əsr qalası tikildi.
İsgəndəriyyə
mayakının qalıqları 1944-cü ildə arxeoloqlar tərəfindən aşkarlandı. Sonralar tikilinin
surəti kompüter modelləşdirməsi vasitəsilə qismən bərpa olundu.
İsgəndəriyyə limanının rəmzi
Doğrudur,
İsgəndəriyyə şəhərinə yalnız bu möhtəşəm tikili dünya şöhrəti gətirmədi. İsgəndəriyyə
antik dövrdən etibarən mədəniyyət mərkəzi sayıldı. Burada 700000 yazı vərəqləri
saxlanılan kitabxana vardı. İsgəndəriyyə məktəbində dünya miqyaslı filosoflar, alimlər
Heron, Pifaqor, Evklid və başqaları çalışdılar.
Ancaq bu mayakın
sayəsində İsgəndəriyyə antik dünyanın yeddi möcüzəsindən birinin yerləşdiyi məkana
çevrildi. Yüzillər boyu mayak İsgəndəriyyə limanının rəmzi hesab olundu.
Z.FƏRƏCOVA,
"Azərbaycan”