İqlim dəyişikliyi artıq uzaq gələcəyin problemi deyil. Dəyişən hava, azalan su ehtiyatları, təhlükə qarşısında qalan yaşayış mənbələri və dərinləşən humanitar böhranlar onun izlərini bu gün dünyanın müxtəlif nöqtələrində göstərir. Ən ağır yük isə münaqişə, məcburi köçkünlük və humanitar ehtiyaclarla üzləşən, xüsusilə az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin üzərinə düşür. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.
O bildirib ki, iqlim böhranı həssas icmaların onsuz da ağır olan yükünü daha da artırır. Yaşayış vasitələri, ərzaq və su təhlükəsizliyi, inkişaf imkanları və uzunmüddətli sabitlik iqlim dəyişikliklərinin yaratdığı təzyiq altında qalır. Başqa sözlə, təbiətdə baş verən hər dəyişiklik bəzən bir ailənin süfrəsinə, bir icmanın gələcəyinə, hətta bütöv bir ölkənin sabitliyinə toxunur. Məhz bu reallıq fonunda COP29 çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Mərkəzin əsas məqsədi qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı mübarizədə həssas ölkələrə, o cümlədən Yaşıl İqlim Fondunun hazırlıq proqramı vasitəsilə dəstək göstərməkdir.
Muxtar Babayevin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq iqlim fəaliyyəti, sülh, yardım və bərpa istiqamətində mühüm öhdəliklər götürüb. İndi əsas məsələ bu vədlərin real addımlara çevrilməsidir. Çünki iqlim böhranı ilə mübarizədə vaxt da, təbiət də gözləmir. Dünyanın ən həssas nöqtələrində isə hər gecikən qərar yeni bir risk, hər atılan addım yeni bir ümid deməkdir.
Azərbaycan da iqlim və sülh gündəliyinin irəlilədilməsində fəal rol oynamağa və COP29 dövründə formalaşan təşəbbüsləri davam etdirməyə çalışır. Bakıdan verilən mesaj isə sadədir: iqlim üçün atılan hər addım həm də sülh, sabitlik və insanlığın gələcəyi üçün atılan addımdır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”