Hər bir xalqın tarixində milli mübarizənin, böyük itkilərin və dövlətçilik iradəsinin rəmzinə çevrilən günlər var. Azərbaycan üçün 20 Sentyabr məhz belə tarixlərdəndir. Bu tarix 2023-cü ilin sentyabrında baş verən hadisələrin təqvimdəki ifadəsi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının simvoludur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilməsi tarixi hadisələrin mahiyyətindən irəli gəlir. Suverenlik yalnız dövlət sərhədlərinin mövcudluğu deyil, xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini müstəqil şəkildə qurmaq hüququdur. Azərbaycan bu hüququn bərpası üçün uzun və mürəkkəb mübarizə yolu keçib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb, tarixi və dini abidələrə ciddi ziyan vurulub.
“Beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, işğalın uzun müddət davam etməsi Azərbaycanı daha qətiyyətli addımlar atmağa vadar edib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini yalnız diplomatik bəyanatlarla deyil, dövlət siyasətinin bütün imkanları ilə müdafiə edib. Təxminən 30 il davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qaldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə bu prosesdə dönüş nöqtəsi oldu. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə işğalın son mərhələsi başa çatdı. 2020-ci il Zəfərindən sonra əsas vəzifələrdən biri Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpası olub. Bu istiqamətdə 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması mühüm addımlardan biri kimi qiymətləndirilir. Artıq Azərbaycan yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün sərhədləri boyunca suveren hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl addımlar atırdı”, - deyə Elnarə Akimova diqqətə çatdırıb.
Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşunun bərpası məqsədilə başlanan antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə nəticələnib. Əməliyyat 23 saat 43 dəqiqə davam edib və sentyabrın 20-də separatçı rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərpası üçün yeni mərhələ başlayıb.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması bu baxımdan yalnız hərbi uğurun qeyd edilməsi deyil, Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni mərhələnin rəsmiləşdirilməsidir. Dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqillik tarixində yeni səhifə açdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ilin sentyabrında həmin müstəqilliyin ərazi və siyasi bütövlüyünü tam təmin edən mərhələyə çatdı.
O qeyd edib ki, suverenliyin bərpası ilə qarşıda yeni vəzifələr də yaranıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın dövriyyəyə cəlb olunması və azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf məkanına inteqrasiyası bu istiqamətdə əsas məsələlərdəndir.
Deputat 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Konstitusiya və suverenlik bir-birindən ayrı təsəvvür edilə bilməz. Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması ölkənin müstəqil dövlətçilik tarixində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 20 Sentyabrın milli yaddaşda yaşadılması dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Dövlətçilik yalnız sərhədləri qorumaqdan ibarət deyil. Dövlətçilik həm də milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq və əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Suverenlik həm qürur, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir.