30 İyun 2026 08:40
155
Elm və texnika
A- A+
Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi


Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə dövrün çağırışları və prioritetlərindən biri kimi rəqəmsal inkişaf və süni intellektin yaratdığı yeni imkanları xüsusi vurğulamışdır. Dövlət başçısı bu faktoru dünyanın "yeni inkişaf mərhələsinə qədəm qoyması" kontekstində təqdim etmiş, həmin əsasda "Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır" tezisini irəli sürmüşdür.

Dövlət başçısının yeni texnologiyaların tətbiqi və onun təsir səviyyəsi ilə əlaqədar ifadə etdiyi bu qənaət fundamental mahiyyət daşıyır. Bu, fəlsəfi, geosiyasi, iqtisadi, texnoloji və politoloji tədqiqatlarda özünü göstərir. Biz irəlidə yeni informasiya və elektron texnologiyaların siyasi-nəzəri və geosiyasi tədqiqi ilə bağlı bir sıra qənaətlərə müraciət edəcəyik. Hələlik isə Prezidentin gəldiyi həmin fundamental qənaətin fonunda Azərbaycan və türk dünyası ilə bağlı məqamları nəzərdən keçirək.


Azərbaycanın rəqəmsal suverenliyi və süni intellekt strategiyası


Prezident İlham Əliyev Türküstan Zirvə görüşündə Azərbaycanla bağlı demişdir: "Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır".

Rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin vahid kontekstdə verilməsi ciddi məsələdir. Bunun təməlində Azərbaycanda süni intellekt strategiyasının mahiyyəti, rəqəmsallaşma və yeni informasiya texnologiyalarının tətbiqi xətti durur. Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası bu məqsədlə yaradılmışır. Bütövlükdə götürdükdə, bu trendin konseptual, ideya və praktiki-tətbiqi mahiyyəti dövlət başçısının da xüsusi vurğuladığı Süni İntellekt Strategiyasının məzmunundan irəli gəlir.

Həmin strategiyanın məqsədləri ilə bağlı dövlət başçısı bildirmişdir: "Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır".

Prezident İlham Əliyev Azərbaycanda yeni informasiya və elektron texnologiyaların tətbiqinin çox mühüm bir aspektinə diqqət yönəltmişdir. Ölkə rəhbəri türk dövlətlərinin Zirvə görüşündə süni intellekt və rəqəmsallaşma ilə bağlı qeyd etmişdir: "Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir".

Nəhayət, Azərbaycanda süni intellekt və rəqəmsallaşdırma strategiyasının TDT konteksti də vacib məsələ kimi Azərbaycan Prezidenti tərəfindən xüsusi vurğulanmışdır. Dövlət başçısı demişdir: "Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır".

Bunlardan aydın olur ki, Azərbaycan rəhbərliyi davamlı və düşünülmüş olaraq ən yeni texnologiyaların bütün növlərinin Azərbaycanda strategiyasını reallaşdırmaqdadır. Burada onların tətbiqinin müxtəlif sosial-mədəni və etik tərəfləri bir-biri ilə sıx əlaqədə reallaşdırılır. Eyni zamanda həmin xüsusiyyətlər Azərbaycanın xarici siyasəti vasitəsilə TDT-yə proyeksiya olunur. Deməli, rəqəmsallaşma və süni intellekt siyasi kontekstdə müxtəlif sferalara tətbiq olunur. Bu isə səbəbsiz deyildir və onun Azərbaycan üçün iki səviyyədə əhəmiyyəti vardır. Birincisi, TDT səviyyəsində ən yeni texnologiyaların müxtəlif sferalara tətbiqinin rəsmi sənədlərdə ifadəsi ilə əlaqəlidir. İkincisi, müasir dünya miqyasında süni intellekt və rəqəmsallaşmanın tətbiqinə olan elmi və politoloji münasibətlə bağlıdır.


TDT-də ən yeni texnologiyaların tətbiqi perspektivləri


Azərbaycanla Türkiyə "müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığa" və müəyyən "struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviqinə önəm verirlər". Eyni zamanda iki dost və qardaş dövlət təhlükəsizliyin müasir mərhələdə mühüm tərkib hissəsi olan müxtəlif elektron alətlər vasitəsilə (məsələn, kibervasitələrlə) yaradılan təhlükələri aradan qaldırmaq sferasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar. Bu sahədə iki dövlət gələcəkdə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

Faktlar göstərir ki, bu yanaşma fəlsəfəsi TDT-də ən yeni texnologiyalarla bağlı məqamlarda əsas yeri tutur. Bu, 2024-cü ildə Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən Qarabağ Bəyannaməsinin müəyyən bəndlərindən də aydın görünür. Belə ki, TDT-də "rəqəmsal hökumət (e-Hökumət) infrastrukturlarının daha da inkişaf etdirilməsi üzrə türk dövlətləri arasında əməkdaşlıq və mübadilələr" xüsusi yer tutur. Bu sırada "elektron sənəd mübadiləsi üçün e-imza/rəqəmsal imza mexanizmləri uyğunlaşdırılır". Onlayn dövlət xidmətləri inteqrasiya olunur.

Təşkilatda kiberüsullarla həyata keçirilən dağıdıcı hücumlara qarşı "ümumi kibertəhlükəsizliyin qorunması tədbirləri" həyata keçirilir. Həmin kontekstdə süni intellekt üzrə siyasətlərin, təlimatların və tərəfdaşlıqların qurulmasına da xüsusi diqqət yetirilir. TDT üzvləri bir-biri ilə əlaqəli şəkildə "məlumat mərkəzlərinin və bulud  infrastrukturlarının yaradılması üzrə siyasət və ən yaxşı təcrübələrin inkişaf etdirilməsini təşviq edirlər".

Buradan aydın olur ki, TDT miqyasında ən yeni informasiya və elektron texnologiyaların bütün aspektləri sistemli şəkildə nəzərə alınmışdır - idarəetmə, təbliğat, təşviqat və konkret layihələrin həyata keçirilməsi arasında sıx bağlılıq əksini tapmışdır. Bu prosesdə süni intellektin tətbiqi məsələsi xüsusi yer tutur. TDT-də "Süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük dil modelinin yaradılmasının və mədəniyyətlərarası ünsiyyəti asanlaşdırmaq, təhsil platformalarını inkişaf etdirmək, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadi inteqrasiyanı təşviq etmək üçün böyük dil modeli formasında ümumi platformadan istifadə" çox vacib vəzifə sayılır.

Beləliklə, həm Azərbaycanda, həm də TDT çərçivəsində həyata keçirilən ən yeni texnologiyaların tətbiqi üzrə siyasət ölkənin inkişafının fundamental faktorları ilə sıx əlaqədə reallaşdırılır. Burada müasir dövrdə aktual olan bütün aspektlərdə rəqəmsallaşma, kompüterləşmə və robotlardan istifadə vəhdətdə siyasi kursun mahiyyətinə daxildir. Bu məqam prinsipial əhəmiyyət kəsb edir.

Bundan başqa, yuxarıdakı təhlildən görünür ki, Azərbaycanda daxili və xarici siyasətdə ən yeni texnologiyaların tətbiqi ciddi şəkildə nəzərə alınmaqla sistemli proqramlar həyata keçirilir. Azərbaycanın dövlət başçısının bu istiqamətdə dərin düşünülmüş kurs reallaşdırdığı təsdiqini tapır. Eyni zamanda yuxarıda vurğuladığımız kimi, müasir dövrdə aparılan geosiyasi və politoloji tədqiqatlar Azərbaycan liderinin tam haqlı olduğuna dəlalət edir. Məsələnin bu aspekti üzərində geniş dayanaq.


Kissincerin yanaşması


Henri Kissincer "Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə düşüncələr" əsərində yeni texnologiyalar - süni intellekt və kibertəhlükəsizliklə bağlı indi də fundamental sayıla biləcək suallar qoymuşdur. Tanınmış siyasətçi və dövlət xadimi, beynəlxalq münasibətlər üzrə ekspert vaxtilə yazmışdır: "Texnologiya dünyanın hər yerində fərdlər və ya qurumlar arasında əlaqə qurmağa, eləcə də bir düyməyə toxunmaqla çoxlu miqdarda məlumatın saxlanmasına və əldə edilməsinə imkan verən ünsiyyət vasitəsi yaratmışdır. Bəs bu texnologiya hansı məqsədlər üçün istifadə olunur? Texnologiya gündəlik həyatın elə bir hissəsinə çevrilibsə və öz dünyasını yeganə uyğun aləm "sayırsa", beynəlxalq nizamla bağlı nə baş verir?"

H.Kissincer kompüterləşmə prosesi ilə bağlı fikirlər də ifadə etmişdir. O hesab edirdi ki, XXI əsrdə kompüterləşmədə inqilab baş verir ki, bu da mütləq surətdə insan-cəmiyyət və insan-təbiət münasibətlərinə yeniliklər gətirəcək. H.Kissincer yazırdı: "Kompüterləşmə sahəsindəki inqilab bu qədər çox insanı və prosesi eyni ünsiyyət mühitinə gətirən və onların hərəkətlərini tək bir texnoloji dildə tərcümə edən və izləyən ilk inqilabdır. Kiberməkan - əsasən, hipotetik bir anlayış kimi 1980-ci illərdə ortaya çıxan bu ifadə fiziki məkanı zəbt etmişdir və ən azından böyük şəhər mərkəzlərində onunla birləşməyə başlayır. Onun üzərindən eksponensial olaraq çoxalan qovşaqlar arasında ünsiyyət demək olar ki, ani olur".

Lakin 2018-ci ildə H.Kissincer rəqəmsallaşma və süni intellektin cəmiyyətin bütün fəaliyyət sferalarına daha dərindən nüfuz etdiyi qənaətinə gəlir. Bunu o, həmin ildə qələmə aldığı "Maarifçilik necə sona çatır" adlı məşhur məqaləsində ifadə edir. Müəllif yazır ki, "süni intellekt sistemlərinin funksionallığı daim dəyişir... onlar daha təkmil olurlar". H.Kissincer bu tezisin fonunda belə qənaətə gəlir ki, "bəşəriyyət fəlsəfi və intellektual baxımdan süni intellektin bu həmləsinə hazır deyildir". Bu prosesin nəticəsi olaraq H.Kissincer siyasi proseslərə də ciddi təsiri ola biləcək üç aspektdən bəhs edir. Birincisi, "süni intellekt öncədən görülə bilinməyən nəticələrə çata bilər... Daha çox ehtimallıdır ki, süni intellekt konteksti dərk edə bilmədiyindən insan instruksiyalarını düzgün interpretasiya edə bilmir". İkincisi, "süni intellekt qarşıya qoyulan məqsədlərə çatmaq prosesində insan təfəkkürünü və insan dəyərlərini dəyişə bilər". Üçüncüsü, süni intellekt nəzərdə tutulan məqsədlərə çata bilər, lakin öz nəticələrini izah edə bilməz. Bir sıra sferalarda, məsələn, obrazların tanınmasında süni intellekt insan qabiliyyətlərini aşır. Əgər belə davam etsə, "süni intellekt situasiyaları optimallaşdıra bilər, ancaq bunu insan kimi edə bilməz".

Bütün bunlardan ortaya belə bir sual çıxır: "Əgər insan şüuru süni intellektdən geridə qalacaqsa, onda insan şüurunun taleyi necə olacaq və cəmiyyət artıq mövcud olan dünyanı özü üçün mənası olan terminlərdə mənalandıra bilməyəcək?" H.Kissincer qoyduğu suallara cavabları 2024-cü ildə daha iki tanınmış mütəxəssislə birlikdə qələmə aldığı əsərdə vermişdir. Onlar informasiya texnologiyaları üzrə mühəndis və sahibkar Erik Şmidt və Kreyq Mandidir. H.Kissincer ABŞ siyasi realizm məktəbinin ən görkəmli və nüfuzlu nümayəndələrindən biri olmuşdur. E.Şmidt və K.Mandi isə ən müasir informasiya texnologiyaları, mühəndislik üzrə tanınmış mütəxəssislərdir, lakin onların da qlobal siyasətə aidiyyəti vardır. Bill Geyts həmin kitabın rəylər hissəsində yazır: "Siz süni intellektin biliklər, hakimiyyət və siyasətlə qarşılıqlı əlaqəsinə aid əsəri oxuyursunuz". Məsələnin bu tərəfini vurğulamaqda məqsəd üç tanınmış müəllifin süni intellekt və rəqəmsallaşma fenomenlərinin müasir siyasətə təsirini xüsusi qeyd etməklə bağlıdır.

Kitabda vurğulanır ki, rəqəmsallaşma, yeni informasiya texnologiyaları və süni intellekt fundamental səviyyədə qlobal siyasətin mahiyyəti, məzmunu və məqsədini dəyişə bilər. Bunun fərdi mövcudluq və cəmiyyət kimi varolmaqla yanaşı, dövlətin milli siyasəti ilə də birbaşa əlaqəsi vardır. Hətta süni intellekt hazırlayan və ona sahib olan şirkətlər sosial, iqtisadi, hərbi və siyasi sahələrdə hakimiyyəti ələ ala bilərlər.

Ümumi səviyyədə isə süni intellekt sistemlərinin inkişafı və onlara insan reaksiyaları başqa məqamlarla yanaşı, diplomatiyanın əsaslarını və bütün beynəlxalq sistemi transformasiya edə bilmək qabiliyyətinə malikdir, həm də "süni intellektdə qorxu hissi yoxdur". Buradan müəlliflər bir neçə mümkün inkişaf ssenariləri haqqında nəticə çıxarırlar. Onlardan biri də aktiv siyasi-diplomatik fəaliyyətlə, yəni insanla süni intellektin birgə, mötədil və balanslı inkişaf etməsidir.

Bu əsasda belə bir qənaət yaranır: yeni informasiya texnologiyaları, rəqəmsallaşma və süni intellekt siyasəti hər bir dövlət üçün milli siyasət statusunda olmalıdır. Məsələ bu iki yeni texnoloji fenomenin insan həyatının və cəmiyyətin mövcudluq fəlsəfəsi və arxitekturasını yeniləşdirə bilməsi ilə bağlıdır.

Məhz H.Kissincer, E.Şmidt və K.Mandinin gəldikləri bu qənaət kontekstində Azərbaycan Prezidenti İlham Əliyevin həm ölkə daxilində, həm də TDT miqyasında həyata keçirdiyi rəqəmsallaşma, yeni informasiya-kommunikasiya texnologiyaları və süni intellekt siyasəti çox uğurludur. Azərbaycan liderinin bu istiqamətdə reallaşdırdığı siyasət cari çağırışlarla yanaşı, strateji aspektdə də son dərəcə əhəmiyyətlidir. Həmin kontekstdə sözügedən əsərin siyasətə aid hissəsində vurğulanan aşağıdakı fikir maraq doğurmaya bilməz: "Siyasi qərar qəbuletmədə süni intellektdən istifadənin zəruriliyi və ya faydalılığı barədə fikir birliyi daha azdır. Bu sahədə müstəsna nəticələr təmin edilsə belə, texnologiyaya bu qədər əhəmiyyətli gücü həvalə edə biləcəyimizə şübhə etmək təbiidir. Elmi vasitələr biliklərimizin sərhədlərini genişləndirərək dünyanı anlamaq üçün yeni üfüqlər açmışdır... Lakin siyasi hakimiyyət həmişə insanın ixtiyarında olmuşdur və bu anlamda indiyə qədər texnologiya tərəfindən toxunulmaz olaraq qalmaqdadır".

Nəhayət, müəlliflər apardıqları tədqiqatdan belə bir ümumi nəticə çıxarırlar: hazırkı tarixi dönəmdə bəşəriyyət qarşısında "...texnoloji, bioloji, sosial və siyasi ölçülərdə" yeni bir dövr başlayır. Bu, elə bir epoxadır ki, "yeni paradiqma üzrə inkişaf edir" və buraya məntiq, zaman və inanc daxildir. Qalır insanın "sağlam nikbinliyi".

Lakin əsas məsələ ondan ibarətdir ki, süni intellekt və rəqəmsal texnologiyalar dövründə insanın "sağlam nikbin" olması heç də asan məsələ deyil. Bu, xüsusilə idarəçilikdə səmərəli fəaliyyət üsullarının tətbiqini, dövlətin öz vəzifələrini daha çevik həyata keçirməsini tələb edir. Azərbaycan Prezidentinin atdığı addımlar bu baxımdan çox əhəmiyyətli və uğurludur. Bu barədə siyasilər və ekspertlər fikir bildirirlər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin həyata keçirdiyi infrastruktur diplomatiyası kontekstində bildirmişdir: "Yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir".

Təsadüfi deyil ki, ekspertlər və media nümayəndələri də Azərbaycan Prezidentinin "rəqəmsal transformasiya və süni intellekt", "Rəqəmsal İpək yolu" və digər məqamları yeni prioritetlər səviyyəsinə yüksəltməklə, faktiki olaraq, geniş anlamda "yeni kommunikasiya xəritəsi" yaratdığını xüsusi vurğulayırlar.

Beləliklə, bu yazıda vurğulanan məqamlardan ümumi politoloji qənaətlər əldə edə bilərik. Hər şeydən öncə, Azərbaycan rəhbərliyi ölkənin xarici siyasətində rəqəmsallaşma və süni intellekt fenomenlərini düşünülmüş formada davamlı olaraq nəzərə almaqdadır. Bu zaman Azərbaycan Prezidenti ölkənin milli maraqlarını üstün tutaraq ən yeni texnologiyaların dövlət quruculuğuna geniş tətbiqini reallaşdırır. İnformasiya, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi hazırda idarəetmə sferası da daxil olmaqla, çox geniş miqyasda cəmiyyətin bütün sahələrinə sirayət etməkdədir.

Şübhəsiz ki, bu məqam Azərbaycanın regional siyasətində də ciddi surətdə nəzərə alınır. Buna görədir ki, rəqəmsallaşma və süni intellekt fenomenləri həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazın digər ölkələri ilə əlaqələrin inkişafında aparıcı yer tutmaqdadır.

Nəhayət, həmin faktorlar qlobal miqyasda əməkdaşlıq, təhlükəsizlik və sülhün təmin olunması istiqamətlərində fundamental rol oynamalıdır. Bunun zəruriliyini H.Kissincer və bir çox digər tanınmış mütəxəssislərin apardıqları tədqiqatlar sübut edir.

Burada diqqət ediləsi məqamlardan biri Azərbaycanın süni intellekt sahəsində regional lider mövqeyinin möhkəmləndirilməsi və qlobal rəqəmsal ekosistemdə tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinin ölkənin kommunikativ aspektdə fəaliyyəti ilə sıx bağlı olması gerçəkliyidir. Buna görə də mütəxəssislərin, adətən, yeni nəqliyyat dəhlizləri və enerji infrastrukturu ilə rəqəmsal şəbəkələrin sıx qarşılıqlı əlaqəsini vurğulamaları təsadüfi deyildir. Bu məqam Azərbaycan Prezidentinin həm ölkədaxili, həm də TDT miqyasında atdığı addımlarda özünü aydın göstərir. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb

10:00
30 İyun

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

09:53
30 İyun

Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb

09:52
30 İyun

Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib

09:43
30 İyun

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

09:42
30 İyun

Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb

09:41
30 İyun

Anomal istilər Avropanı sınağa çəkir

08:50
30 İyun

4 ayda 4,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

08:45
30 İyun

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

08:40
30 İyun

Fransanın beynəlxalq iflası

08:35
30 İyun

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

08:30
30 İyun

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

08:25
30 İyun

İrəvanda vəzifə manipulyasiyaları

08:20
30 İyun

Bir əsr sonra yenidən Bakıda

08:15
30 İyun

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

08:10
30 İyun

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

08:05
30 İyun

“AZƏRBAYCAN”ın Qarabağ səfəri

08:00
30 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!