Müasir dünyada dövlətlərin ayrı-arılıqda geosiyasi maraqlarını müdafiə etməsi olduqca çətindir. Qlobal problemlər qarşısında qalan bu və ya digər dövlət mütləq müttəfiqlərə malik olmalıdır, əks təqdirdə həmin dövlətin qlobal güclər qarşısında dayanması mümkün olmayacaq. Bu baxımdan türk dövlətlərinin bir araya gəlməsi mühüm məsələdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin dosent-doktoru, beynəlxalq siyasət üzrə ekspert Merve Suna Özəl Özcan deyib. O bildirib ki, Mərkəzi Asiya, Azərbaycan və Türkiyə coğrafi Avrasiyada sanki bir kəmərdir. Balkanlardan Orta Asiyaya, Qafqazdan Anadoluya qədər uzanan bu coğrafiya tarix boyu dünya siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə ciddi təsir göstərib. Müasir dövrdə isə türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarla inkişaf etməsi, ortaq siyasi iradənin formalaşması və qarşılıqlı strateji maraqların yaxınlaşması Türk dünyasının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır. Tarixə nəzər saldıqda türk xalqlarının müxtəlif dövrlərdə dünya siyasətində mühüm rol oynadığı aydın görünür. Tarixi təcrübə göstərir ki, türk xalqları böyük siyasi və strateji birlik yaratmaq potensialına malikdir. Müasir dövrdə türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mövqedə yerləşir. Bu coğrafiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi olmaqla yanaşı, enerji ehtiyatları baxımından da dünyanın ən mühüm regionlarından biridir.
“Bakıda “Türk Dünyası Həftəsi”nin keçirilməsi də təsadüfi xarakter daşımır. Dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər və adət-ənənələrin eyni olması bu xalqları birliyinin yaradılması üçün böyük zəmin yaradıb. Bu baxımdan Türk Dövlətlər Təşkilatı (TDT) Avrasiya regionunda mövcud olan digər siyasi və iqtisadi birliklərdən fərqlənir. Bu fərq hər bir türk dövlətinin ayrı və ümumi məqsədlərə verə biləcəyi töhfə ilə ölçülür. İstər Mərkəzi Asiya, istər Azərbaycan, istərsə də Türkiyənin böyük iqtisadi potensialı və qlobal siyasətdə aparıcı rola malikdir”, - deyə o bildirib. Ekspert nəzərə çatdırıb ki, 4,5 milyon kvadratkilometr ərazini əhatə edən Türk dünyası ümumilikdə böyük iqtisadi potensiala malikdir: “Ötən il bu ölkələrin ÜDM-i 2,1 trilyon dolları ötüb, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dollara çatıb. Ticarət dövriyyəsini artırmaq üçün xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin imzalanması istiqamətində işlər aparılır ki, bu da təbii olaraq təşkilata üzv olan ölkələr arasında ticarət və investisiya axınlarını artıracaq. TDT son 15 ildə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü regional struktura çevrilib. Hazırda təşkilat ticarət, enerji, nəqliyyat, innovasiya, rəqəmsallaşma da daxil olmaqla ümumilikdə 35-dən çox sahədə fəaliyyət göstərir. Əsas məqsəd Türk dünyasının qlobal təsirini genişləndirmək olmalıdır”.
Ekspert əlavə edib ki, türk dövlətlərinin həyata keçirdikləri birgə layihələrin böyük gələcəyi var və bu iqtisadi imkanlar həm də təsir vasitəsinə çevrilə bilər: “Orta Dəhliz (Trans-Xəzər marşrutu) və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi regiondaxili əlaqələrin genişlənməsinə töhfə verən əsas layihələrlə strateji infrastrukturun inkişafı prioritet olaraq qalmalıdır. Türkiyə türk dövlətlərinin Avropaya çıxışını təmin edir. Çindən Mərkəzi Asiyanı keçərək Avropaya daşınan yüklər Türkiyə üzərindən həyata keçirilir ki, bu da yalnız Türkiyəyə deyil, bütün türk dövlətlərinə üstünlük qazandırır. Müttəfiqlik əlaqələrinin inkişafı Avrasiyada yeni güc mərkəzinin yaradılmasının əsasını qoyur. Hər bir türk dövlətinin ordusu, texnoloji inkişafı, iqtisadiyyatı və müstəqil siyasəti var. TDT-nin yaranmasını şərtləndirən bu amillər perspektivdə daha da inkişaf edərək birliyin güclənməsinə də təkan verəcək”.