Müstəmləkəçi təfəkkür, irqi ayrı-seçkilik və qərəzli yanaşma bu ölkəni dünyanın geosiyasi səhnəsindən uzaqlaşdırır
Fransa həm daxili böhranlar, həm də xarici siyasətdəki ardıcıl uğursuzluqlar ucbatından çöküş dövrünü yaşayır. Bir vaxtlar beynəlxalq münasibətlər sistemində əsas güc mərkəzlərindən hesab edilən bu ölkə artıq qlobal proseslərin axarına təsir etmək imkanlarından məhrum olur.
Keçmiş Prezident Fransua Ollandın dövründə təməli qoyulan tənəzzül mərhələsi Emmanuel Makron iqtidarında pik həddə çatıb. Yelisey sarayının illər boyu qurduğu təsir alətləri, diplomatik manevrlər və "yumşaq güc" siyasəti dünya ictimaiyyətinin gözünün önündə iflas etməkdədir. Bu uğursuzluq Parisin beynəlxalq arenadakı çəkisini azaltmaqla bərabər, həm də onun qlobal güc statusunu ciddi şübhə altına qoyur.
Fransanın əsrlər boyu müstəmləkə altında saxladığı, sərvətlərini taladığı Afrika qitəsi də Parisin diktəsini, birtərəfli siyasi və iqtisadi təzyiqlərini qəbul etmir. Region dövlətləri öz milli maraqlarını ön plana çəkərək, Parisin asılılıq zəncirini qırmağa başlayıblar. Xüsusilə Makron iqtidarının qitə xalqlarına qarşı yürütdüyü təzyiq siyasəti, onlara yuxarıdan baxması və yerli xalqları hələ "müstəmləkə qulları" kimi görməsi regionda kəskin anti-Fransa dalğasının yaranmasına səbəb olub. Uzun illər qanlı şəkildə basdırılan etirazlar imperiya ambisiyalarına qarşı daha güclü müqavimət hərəkatına çevrilərək Fransanı qitədən sürətlə sıxışdırıb çıxarmaqdadır.
Bunun son nümunəsi Burkina-Faso tərəfindən gəlib. Burkina-Faso hökuməti iyunun 26-da rəsmi Parisin yeni müstəmləkəçi meyillərinə, daxili işlərə qarışmasına cavab olaraq Fransa ilə diplomatik münasibətləri tamamilə kəsdiyini elan edib. Hökumətin yaydığı kommünikedə qeyd edilib ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil. Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu bəyan edən Burkina-Faso hökuməti Parisin neokolonial meyillər nümayiş etdirdiyini, Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyini vurğulayıb. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi qeyd olunub.
Burkina-Faso bu yolda tək deyil. Qərbi Afrikada yerləşən Mali də Parisin "terrorla mübarizə" adı altında keçirdiyi "Barxan" əməliyyatının uğursuzluğundan sonra fransız hərbçilərini ölkədən çıxarıb. Strategiya və uran resursları baxımından Fransanın ən mühüm qalalarından hesab olunan Mali ölkə ərazisində Parisin hərbi və siyasi varlığına son qoyub. Bunlardan əlavə, Mərkəzi Afrika Respublikası da Fransanın regional asılılıq zəncirini qıraraq digər qlobal tərəfdaşlarla əməkdaşlığa üstünlük verib. Ümumiyyətlə, Fransanın təsir dairəsində olan bir çox ölkədə Fransa əleyhinə ovqat və Parisin hərbi bazalarından xilas olmaq tələbləri güclənib.
Özü də Fransanın təsir dairəsini itirməsi təkcə Afrika ilə məhdudlaşmır. Bu ölkə Asiya və Yaxın Şərqdən də sürətlə sıxışdırılıb çıxarılır. Ərəb ölkələrinin əksəriyyəti uzun müddətdir ki, xarici tərəfdaşlıqda üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livanda nümayiş etdirdiyi uğursuz "xilaskar" rolu və daxili siyasi böhranları manipulyasiya etmək cəhdləri ərəb dünyasında onun etibarsız tərəfdaş statusunu möhkəmləndirib.
Eyni mənzərəyə Cənub-Şərqi Asiyada da rast gəlmək olar. Vyetnam, Kamboca və Laos kimi keçmiş fransız müstəmləkələri artıq Parisin geosiyasi ambisiyalarından beziblər. Bu dövlətlər iqtisadi və hərbi təhlükəsizlik tərəfdaşı olaraq ABŞ, Çin, Avstraliya və Yaponiya ilə birbaşa dialoqa üstünlük verirlər.
Afrika və Asiyada böyük geosiyasi məğlubiyyətlərə uğrayan Emmanuel Makron hökuməti son dönəmlərdə itkilərin yerini Cənubi Qafqaza soxulmaqla doldurmağa çalışır. Lakin Parisin bölgəyə yanaşmasındakı ənənəvi qərəz onun burada mövqe qazanmaq şansını sıfıra endirir. Fransa 30 il boyu işğalçı Ermənistanı müdafiə edib. Bu gün də rəsmi Paris Ermənistandan təsir vasitəsi, geosiyasi alət kimi istifadə etməyə çalışır. Lakin regional və qlobal gücə çevrilən, qüdrətli ordusu, dayanıqlı iqtisadiyyatı və daxili birliyi olan Azərbaycan qarşısında Makron hökumətinin ambisiyaları uğursuzluğa məhkumdur. Zaman-zaman Fransanın təhriki ilə beynəlxalq platformalarda Azərbaycana qarşı atılan qeyri-konstruktiv addımlar isə yalnız Avropa təsisatlarının və Fransanın öz imicinə ağır zərbə vurur.
Fransanın xarici siyasətdəki riyakarlığı onun daxili idarəçiliyindəki eybəcərliklərin birbaşa təzahürüdür. Beynəlxalq arenada başqa ölkələrə "demokratiya və insan hüquqları" dərsi keçməyə çalışan Yelisey sarayı öz daxilində dərin sosial-iqtisadi və irqi böhranı görməzdən gəlir. Fransada insanlar hələ də dərilərinin rənginə, etnik mənşəyinə və inanclarına görə diskriminasiyaya məruz qalırlar. Bu isə vaxtaşırı küçə iğtişaşlarına və daxili sabitliyin pozulmasına gətirib çıxarır.
Fransanın xarici tərəfdaşlıqları və iqtisadi əməkdaşlığı öz siyasi ambisiyalarına qurban verməsi ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Sürətli iqtisadi və sosial geriləmə yaxın gələcəkdə Fransanın "Böyük Yeddilik" (G7) ölkələri sırasındakı yerinin də ciddi şəkildə laxlayacağını proqnozlaşdırmağa əsas verir.
Dünya dəyişir, lakin Fransa öz köhnəlmiş, müstəmləkəçi təfəkkürünü dəyişə bilmir. Digər dövlətləri bərabərhüquqlu tərəfdaş yox, tabeliyində olan asılı dövlət kimi görmək xəstəliyi Parisin olan-qalan nüfuzunu tamamilə itirməsi, qlobal geosiyasi səhnədən birdəfəlik silinməsi prosesini sürətləndirməyə xidmət edir. Nəticə etibarilə hazırda beynəlxalq ictimaiyyət vaxtilə özünü "demokratiya mərkəzi" elan etmiş Fransanın daxildə və xaricdə tarixi iflasına şahidlik edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"