14 Dekabr 2023 10:05
785
CƏMİYYƏT
A- A+
İnsan hüquqlarının müdafiəsini şərtləndirən əsaslar: hədəflər və çağırışlar

İnsan hüquqlarının müdafiəsini şərtləndirən əsaslar: hədəflər və çağırışlar

 

Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Heydər Əliyev

 

İnsan hüquqları insan sivilizasiyası qədər qədim tarixə malikdir və hər bir insanın ləyaqətindən irəli gələn mənəvi tələbatıdır. Bu hüquqlar bütün insanlara xasdır, onların təbii istəklərinin nəticəsi olmaqla bərabər, həm də ləyaqətli həyat yaşamağa istiqamətlənmişdir. 
İnsan hüquqlarının müdafiəsinin təmin edilməsi ölkədə qanunun aliliyinin əsas göstəricilərindən biridir və onların qorunmasına həyatın bütün sahələrində ehtiyac var. İnsan hüquqlarının mövcudluğu hər bir fərdin öz həyatını azad, bərabər və insan ləyaqətinə hörmət mühitində qurmaq imkanı verir.
Hər bir dövlətin insan hüquqlarına hörmətlə yanaşmaq, onları qorumaq və zəruri təminatlar yaratmaq öhdəliyi var. Bu hüquqların minimum standartları dövlətlərin konstitusiyalarında, beynəlxalq hüquq normaları və digər qanunvericilik aktlarında öz əksini tapır. İnsan hüquqları universal, ayrılmaz və bir-biri ilə əlaqəli olmaqla, onların müdafiəsi üçün xüsusi alət və mexanizmlərin mövcudluğu zəruridir.
Yaşamaq, bərabərlik, şəxsi həyatın toxunulmazlığı, təhsil, ədalətli məhkəmə araşdırması və digər hüquqlar insanların demokratik cəmiyyətdə yaşamaları üçün əsas şərtlərdən biridir. 

 

Siyasi iradə

 

XX əsrin sonlarında Azərbaycan Respublikası yenidən öz müstəqilliyini əldə etməsinə baxmayaraq, ilk illərdə şəxsi mənafelər və qeyri-peşəkar idarəetmə nəticəsində insanların fundamental hüquqlarının pozulması, sui-istifadə, özbaşınalıq halları geniş vüsət almışdı.
Yalnız xalqın təkidli xahişi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik quruluşa malik dünyəvi dövlət quruculuğu, insan hüquqlarının qorunması və müdafiəsi sahəsində mühüm addımlar atıldı. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilməklə, milli dövlətçilik ənənələrinin inkişafı, insan hüquqlarının müdafiəsinin təməli qoyuldu, demokratik hüquqi dövlətin bütün prinsipləri təsbit olundu, insan və vətəndaş hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanların həyat şəraitinin və rifah səviyyəsinin artırılması üçün hüquqi dövlət quruculuğu yolunda mütərəqqi islahatlar aparmış, insan meyarı əsas götürülməklə onların hüquqlarının təmin edilməsi prosesi keyfiyyətcə yeni müstəviyə keçirilmişdir. Ölkədə normativ-hüquqi bazanın formalaşdırılması təmin edilmiş, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Müasir dövrdə insan hüquqlarının minimum standartları BMT-nin "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi", "İnsan Hüquqları üzrə Vyana Bəyannaməsi" və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasında öz əksini tapmışdır. Həmin beynəlxalq sənədlərin hər biri özündə yaşamaq, azadlıq, bərabərlik, ləyaqət, həmrəylik və ədalət prinsiplərini ehtiva edir. Bu beynəlxalq normalar ideal ictimai münasibətləri nəzərdə tutsa da, təəssüf ki, çağdaş dövrdə biz bunun real tətbiq edilmədiyinin işğal altında olmuş torpaqlarımızdan məcburi köçkün düşən vətəndaşlarımızın timsalında uzun illər şahidi olmuşuq.
Biz hamımız erməni təcavüzü nəticəsində beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunun, uzun illər ərzində Qarabağ münaqişəsinin "ikili standartlar" siyasəti səbəbindən həll olunmadığının, qaçqın və məcburi köçkünlərimizin yaşamaq, azad hərəkət etmək, təhsil, mülkiyyət və sair fundamental hüquqlarının pozulduğunu görmüşük.
Qürurla deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz vətəndaşlarımıza qarşı törədilən bu hüquq pozuntularına son qoymağa nail oldu. İşğal edilmiş torpaqlarımız düşmən tapdağından azad olundu.
Habelə işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizlik hüququnun təmin olunması məqsədilə bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa edildi. Hazırda vurulmuş ziyanın aradan qaldırılması, vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, öz yaşayış yerlərinə qaytarılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz quruculuq işləri həyata keçirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, səhiyyə, sosial, mədəni irsin qorunması və digər sahələrdə vətəndaşlarımızın hüquqlarının təmini, qadın və uşaq hüquqlarının qorunması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlər və əldə olunan nailiyyətlər hüquqi dövlətin möhkəmlənməsinə xidmət edir.

 

Normativ-hüquqi baza

 

İnsanların layiqli həyat şəraiti və fundamental hüquqlarının müdafiəsi, sosial ədalətin bərqərar olması, cəmiyyətdə iqtisadi inkişaf, əmin-amanlığın təmin edilməsi demokratik cəmiyyətin təməl prinsiplərini təşkil edir. Bu hədəflərə çatmaq üçün dövlətimiz tərəfindən aparılmış uğurlu siyasət nəticəsində qəbul edilən qanunvericilik aktları, milli fəaliyyət planları və proqramları uğurla icra edilir. Vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən iki sənədin əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Bunlar ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci il dekabrın 27-də imzalanmış "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"dır.
Əgər Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edirdisə, Milli Fəaliyyət Proqramı müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsinə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə olmuşdur.
Bundan başqa, dövlətimiz "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına və ona əlavə edilmiş protokollara qoşulmaqla insan hüquq və azadlıqlarının səmərəli beynəlxalq hüquq müdafiəsi mexanizminin yurisdiksiyasını qəbul etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi sayəsində insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirmişdir.

 

Şəffaf cinayət mühakimə icraatı

 

İnsan hüquqlarının müdafiə olunmasını şərtləndirən əsas amillərdən biri də insanların şəxsi təhlükəsizlik hüququnun və ədalət mühakiməsinə əlçatanlığının təmin edilməsi, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının qanunvericiliyin tələblərinə uyğun, səmərəli və şəffaf fəaliyyət göstərməsidir. Bu baxımdan həmin sahədə ixtisaslaşan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, elektron xidmətlərin artırılması və digər tədbirlərin görülməsi nailiyyətlər qazanılması üçün əsas hədəflərdən biri olmuşdur.
Habelə tutulmuş, həbs edilmiş şəxslərin qanun qarşısında bərabərlik, əsassız həbsə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması və sairə hüquqlarının müdafiəsi də dövlətimizin daim prioritet vəzifələrindən biri olmuşdur.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən əfv institutunun tətbiqi nəticəsində bu günədək 69 əfv, habelə 12 amnistiya aktı nəticəsində 10 minlərlə insanın azadlığa qovuşması təmin edilmişdir.
Təkcə Azərbaycan Respublikası Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" 8 may 2023-cü il tarixli sərəncamı ilə ümumilikdə 801 məhkum əfv edilmişdir.
Bu gün qeyd olunan məqsədlərə çatmaq üçün Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuşdur. Cinayət təqibinin həyata keçirilməsi, qanunların icrasına nəzarət, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində önəmli vəzifələr daşıyan prokurorluq uzun illərdir qanunçuluğun təmin edilməsi, hər kəsin qanun qarşısında bərabərlik hüququnun qorunması, insanların hüquq və azadlıqlarına hörmət edilməsi istiqamətində öz fəaliyyətini uğurla davam etdirir.
    

Prokurorluğun insan hüquqlarının müdafiəsində rolu

 

Prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsinin əsas təminatlarından biri kimi funksionallığı ondan ibarətdir ki, o, həm məhkəməyə qədər aparılan cinayət təqibi zamanı insan hüquqlarının qorunmasını təmin etmək, həm də məhkəmə baxışı zamanı dövlətin adından ittihamı müdafiə etməklə vətəndaşların, eləcə də dövlətin və cəmiyyətin mənafeyini müdafiə etmək öhdəliyi daşıyır.
Nəzərə almaq lazımdır ki, hüquq və vəzifələr bir qəpiyin iki üzüdür. Hüquqa dəyər verən amil insanların öhdəlikləri, eləcə də başqalarının hüququna dözümlülüklə yanaşmalarıdır. Bir insanın öz hüquqlarından məmnun qalması üçün mütləq şəkildə başqalarının, o cümlədən dövlətin və cəmiyyətin ondan tələb etdiyi vəzifələri yerinə yetirmək məcburiyyəti vardır. Əks halda, hər hansı cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlinin qarşılığında bir çox hüququ - azadlıq, təhsil, əmək, sosial və sairə hüquqları məhdudlaşdırılacaqdır.
Bu baxımdan prokurorluq orqanları cinayət törədərək başqalarının yaşamaq, sağlamlıq, mülkiyyət və digər hüquqlarını pozmuş şəxslərin hüquqlarını məhdudlaşdırmaqla, yaxud azadlıq kimi ən ali hüququndan məhrum edilməsini təmin etməklə cinayətdən zərərçəkmiş şəxslərin hüquqlarını bərpa etmək öhdəliyi daşıyır.
Müəyyən olunmuş birgəyaşayış qaydalarını pozan şəxsə tətbiq edilən cəza onun üçün məhrumiyyətlər yaratmaq və ya onun hüquq və azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, sosial ədalətin bərpası, onun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşımaqla digər insanların hüquqlarını müdafiə edir.
Qeyd olunmalıdır ki, 2023-cü ilin birinci yarım ili ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən ittiham aktı təsdiq edilmiş 6867 cinayət işi üzrə məhkəmələrdə dövlət ittihamı müdafiə edilməklə 7548 şəxs barəsində ittiham hökmü çıxarılmışdır.
Prokurorluq cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi, yaxud hüquqlarının məhdudlaşdırılması sayəsində digər şəxslərin hüquqlarını qorumaqla yanaşı, cinayət törətməkdə təqsirli şəxslərin özlərinin də hüququnu müdafiə etmək öhdəliyi daşıyır.
Ədalətli məhkəmə araşdırması, qanun qarşısında bərabərlik, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq və sairə hüquqların müdafiəsi prokurorluğun üzərinə düşən ən əsas vəzifələrdən biridir. Prokurorluq ibtidai istintaq apararaq ağır cinayət törətmiş şəxsləri ifşa etməklə yanaşı, ibtidai istintaqa prosessual rəhbərlik, qanunların icrasına nəzarət funksiyasını həyata keçirməklə digər təhqiqat və ibtidai istintaq orqanları ilə məhkəmə orqanları arasında körpü rolunu oynayır. Eləcə də, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və təyin edilmiş cəzaların məqsədinə çatmasında iştirak etməklə mühüm vəzifələr daşıyır. Bu yolda prokurorluğun ali məqsədi insan hüquqlarının müdafiəsi, cinayət mühakimə sisteminin effektiv işləməsi, vətəndaşların yeni cinayətlərdən mühafizəsi, dövlətin və cəmiyyətin maraqlarının təmin edilməsindən ibarətdir. Məhz bu baxımdan prokurorluq orqanlarının əməkdaşları daim öz bilik və peşəkarlıqları ilə seçiliblər.

 

Müasir yanaşma

 

Xüsusən də, son illərdə Baş Prokurorluğun yeni rəhbərliyi tərəfindən aparılmış geniş islahatlar nəticəsində prokurorluq orqanları insan hüquqlarının müdafiəsi sahəsində öz fəaliyyətini müasir çağırışlara uyğun, çevik və dinamik şərtlər əsasında quraraq uğurla həyata keçirir. 
Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə cənab Prezidentin 2020-ci il 10 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmışdır. 
Bundan başqa, idarəçilik, icra və əmək intizamı, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlar və tabe prokurorluqlar arasında münasibətləri tənzimləyən Baş Prokurorluğun İşin Təşkili Qaydaları təsdiq edilməklə ayrı-ayrı sahələrin vahid normativ sənəddə tənzimlənməsi təmin olunmuşdur.
İşin Təşkili Qaydalarında qanunla müəyyən edilmiş əsas prinsiplərlə yanaşı, prokurorluq orqanlarının fəaliyyətində qanunçuluq, kollegiallıq, ədalət, qərəzsizlik və obyektivlik prinsipləri rəhbər tutulmaqla, Baş Prokurorluqda ilk dəfə olaraq İntizam Komissiyası, Etik Davranış Komissiyası, Əmək Məsələləri Komissiyası kimi qurumlar təsis edilərək fəaliyyət göstərməkdədir.
Yenidən təşkil olunan Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi müstəqil struktur qurum kimi fəaliyyət göstərməklə idarənin əsas vəzifə və funksiyalarına, həmçinin Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə və bu sahədə beynəlxalq standartlara riayət olunmasına nəzarətin gücləndirilməsi, hüquq tətbiqetmə prosesində Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi prinsipləri, mövqe və standartlarına istinad olunması təcrübəsinin prokurorluq orqanlarında təşviq edilməsi, eləcə də İnsan Hüquqları üzrə Müvəkkildən (Ombudsman) daxil olan müraciət və sorğuların icrası məqsədilə prokurorluğun sisteminə daxil olan qurumların fəaliyyətinin əlaqələndirilməsi kimi funksiyalar daxil edilmişdir.
Bundan başqa, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun media ilə birgə əməkdaşlığı müasir tələblər və dinamik şərtlər əsasında qurulmuş, mətbuat xidməti vasitəsilə prokurorluğun fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılmaqla aşkarlıq və hesabatlılıq prinsipləri təmin edilmiş, maarifləndirmə, media vasitəsilə vətəndaş müraciətlərinin operativ araşdırılması təşkil edilmişdir.
Habelə, prokurorluq işçiləri tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi məqsədilə Baş Prokurorluqda İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılmaqla, portalda 2975 sayda materialın yerləşdirilməsi təmin edilmişdir. Eyni zamanda hazırda insan hüquqlarına dair beynəlxalq prinsipləri, eləcə də Avropa Məhkəməsinin presedent hüququnu təsbit edən informativ məlumatların hazırlanaraq "#İnsanhüquqları" həştəqi ilə prokurorluğun daxili poçt şəbəkəsi vasitəsilə prokurorluğun bütün struktur qurumlarına göndərilməsi təmin edilir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın, "Mülki və siyasi hüquqlar haqqında", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktların müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinad edilməklə, vahid istintaq və məhkəmə təcrübəsinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə çoxsaylı sorğu və rəylərin verilməsi təmin edilməklə Konstitusiya Məhkəmə icraatında iştirak edilmişdir.
Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.
Bir faktı da qeyd etmək lazımdır ki, dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə böyük qələbənin ilk ildönümü ərəfəsində humanizm ənənələrinə sadiqliyin növbəti əyani təcəssümü olmuş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 noyabr 2021-ci il tarixində qəbul edilmiş "8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrası ilə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorlarının iştirakı ilə məhkəmələrdə baxılmış təqdimatlar üzrə məhkumların cəzası azaldılmışdır.
2023-cü ilin birinci yarım ili ərzində vətəndaş məmnunluğunun təmini istiqamətində minlərlə vətəndaş qəbul edilərək bir sıra məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunmuş, eyni zamanda vətəndaşın şikayəti əsasında cinayət işinə xitam verilməsi haqqında 10, cinayət işi üzrə icraatın dayandırılması haqqında 4 qərarın ləğv edilməsi təmin edilmişdir.
Təkcə onu demək kifayətdir ki, bu dövr ərzində ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 35 qəsdən adam öldürmə cinayətinin Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Penitensiar Xidməti ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər ifşa edilmişdir. 
Qeyd edilməlidir ki, cari ilin ilk 10 ayı ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə xüsusi mülkiyyətə dəymiş 54 milyon 63 min manat məbləğində vurulmuş maddi ziyandan 20 milyon manatdan artıq vəsaitin dövlət büdcəsinə ödənilməsinə nail olunmuşdur. 
Bu gün prokurorluq orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanları ilə birlikdə antiterror tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə müəyyən edilmiş faktların araşdırılması, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin ifşa edilərək Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normalarına əsasən cinayət məsuliyyətinə cəlb edilərək layiqli cəzalarını almaları istiqamətində qürurla öz xidmətlərini həyata keçirirlər.
Əminliklə deyə bilərik ki, bu illər ərzində şərəfli inkişaf yolu keçmiş prokurorluq orqanlarının işçiləri bundan sonra da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursa, milli dövlətçilik ideyalarına sadiq qalaraq, fəal vətəndaşlıq mövqeyində dayanmaqla qanunçuluq prinsipini rəhbər tutaraq cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və  dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində öz fəaliyyətlərini davam etdirəcəklər.

Heydər MƏMMƏDOV,
Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

13:39
15 İyun

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

13:28
15 İyun

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyən tarixi manifestdir

13:06
15 İyun

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

12:58
15 İyun

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb

12:06
15 İyun

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir 

11:28
15 İyun

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir  

11:03
15 İyun

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır 

10:36
15 İyun

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

10:36
15 İyun

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir 

10:31
15 İyun

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur 

10:21
15 İyun

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

10:17
15 İyun

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

10:17
15 İyun

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır 

10:13
15 İyun

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

10:07
15 İyun

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir  

10:01
15 İyun

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

09:58
15 İyun

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır   

09:51
15 İyun

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

09:42
15 İyun

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

09:41
15 İyun

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

09:38
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!