30 Sentyabr 2023 09:00
29657
SİYASƏT
A- A+
İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ

 

Qarabağ münaqişəsi dünya erməniliyinin layihəsi idi.
Qarabağ münaqişəsi Cənubi Qafqaza soxulmaq və burada nüfuz sahibi olmaq istəyən dövlətlərin bəd əməllərinin nəticəsi idi.
Qarabağ münaqişəsi Cənubi Qafqaz dövlətlərinə və burada yaşayan əhaliyə heç bir fayda verməyən, əksinə, fəlakət, dağıntı, ölüm-itim və yoxsulluq gətirən layihə idi.
Azərbaycan Prezidenti İlham Əliyev "dəmir yumruğ"u və iti zəkası ilə bu münaqişəyə və müharibəyə son qoymaqla həm də bütövlükdə Cənubi Qafqaza sülh, əmin-amanlıq və inkişaf gətirir!
Nəticədə uzaqda oturub ara qarışdıranların, mənfur istək və siyasətləri ilə yüz minlərlə insanın normal yaşayışını pozanların əlləri və ayaqları bu zəngin və cəlbedici bölgədən birdəfəlik kəsilir!
***
Son dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin məşhur "nəyi nə vaxt və necə etmək" formulunun qürurunu və fərəh dolu nəticələrini dəfələrlə yaşadıq!
Hadisələr başa çatdıqdan və müəyyən zaman məsafəsi keçdikdən sonra isə daxili bir əminliklə belə qənaətə gəldik ki, bəli, bu addımlar məhz bu zamanda və bu sayaq atılmalı idi!
Söhbət təkcə uğurlu nəticə qazanılmasından getmir...
Həm də düşmənlərin əlinə dəstəvuz verilməməsi, bizə qarşı xain addımların qarşısının irəlicədən alınması, bəd niyyətlərin qabaqcadan pozulması ustalıqla təmin olunur.
Məlumdur ki, erməni heç zaman öz ağzı ilə hürməyib, həmişə havadarlarına və müdafiəçilərinə arxalanıb.
Ona görə də uzun illər nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi, nə də sülhə gəldi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Ermənistanın yeni rəhbəri N.Paşinyanın lovğalıqla bəyan etdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatından məharətlə istifadə etdi!
Bundan ötrü əlverişli auditoriya seçməklə əvvəlcə "Valday" Diskussiya Klubunda, sonra Münhen Təhlükəsizlik Konfransında Paşinyanın bu yekəxana açıqlamasının cavabını qətiyyətlə verdi:
"Qarabağ Azərbaycandır və nida işarəsi".

Azərbaycan Prezidenti bununla təkcə Qarabağın Azərbaycan torpağı olduğunu və sonadək də belə olacağını vurğulamadı!
Həm də bütün dünyaya sülh danışıqlarını pozan, torpaqları danışıqlar yolu ilə qaytarmaqdan birmənalı şəkildə imtina edən tərəfin məhz Ermənistan olduğunu göstərdi!

Üstəlik, Azərbaycanın hərbi vasitəyə əl atmasının səbəbinin məhz Ermənistanın mövqeyindən qaynaqlandığını sübut etdi.
Ermənistanın "Yeni müharibə, yeni ərazilər olacaq" hədəsini və Tovuzda atəşkəsin ciddi şəkildə pozulması faktını da dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
***
2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın təcavüzünə cavab olaraq hərbi əməliyyatlara başlayanda erməni diasporunun təsiri altında olan ABŞ və Fransa öz başlarının hayında idilər.
Prezident seçkilərinin nəticələrindən narazı qalan Trampın tərəfdarları Kapitoliyə hücum edərək dağıntılar törətmiş, qan axıtmışdılar.
Fransadakı "sarıjiletlilər" isə Parisin küçələrini alova, qana bələmişdilər.

Çox əlverişli məqam yaranmışdı...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gündə düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi, irəli sürdüyü şərtlər təmin olunduğundan üçtərəfli Bəyanatı imzaladı!

***
İlham Əliyevin belə uğurlu qabaqlayıcı addımlarının daha iki dəfə şahidinə çevrildik.
23 aprel 2023-cü ildə Laçında nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra Ermənistanın əl-qolu bağlandı, daha istədiyi vaxt və istədiyi sayaq Azərbaycan ərazisinə burun soxa bilmədi.
Yolun açdırılması ilə bağlı bütün çabaları isə Azərbaycanın sərt və qəti mövqeyi ilə puça çıxarıldı!
Belədə haylar "köhnə üsula" əl atdılar, "humanitar fəlakət" şousu düzəldərək yardım üçün Xankəndiyə 20 TIR ərzaq göndərdilər.
Qabaqcadan Azərbaycanla razılaşdırılmadığına görə yardım maşınları qapı ağzında qaldı!
Hayların hay-küyü heç nəyi dəyişmədi!
Bu dəfə Paşinyan "böyük bacı"sını köməyə çağırdı.
Makron qabağa düşərək Parisin meri ilə "yardım karvanı" göndərdi.
Həm də əmin idilər ki, bu yardımı Laçın postu ilə buraxmamağa kimsə cürət etməz!
Halbuki Azərbaycan yardım üçün reinteqrasiyaya da kömək edəcək Ağdam-Xankəndi yolunu tövsiyə edirdi.
Fransadan yardım gəlib çatanadək Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Ağdam yolu ilə Xankəndiyə iki TIR ərzaq yola saldı.
Hikkələnən ermənilər Əsgəran yolunu beton piltələr və bloklarla bağlayaraq yardımdan imtina etdilər.
Beləliklə, Azərbaycan Qarabağda heç bir "humanitar fəlakət" baş vermədiyini və bunun bir şou olduğunu sübuta yetirmiş oldu!
Çünki Xankəndidəki ermənilər ac qalsaydılar, bu yardımdan imtina etməzdilər.
Bu məntiqlə də Laçın yolu ilə gələn fransız yardımı Azərbaycan ərazisinə buraxılmadı.
Makronun dəstəsi kor-peşman geri qayıtdı.

Bundan qəzəblənən Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biri kimi Azərbaycanın məsələsini yenidən TŞ-də müzakirəyə çıxardı.
Əleyhimizə hansısa sənədin qəbuluna, həm də əvvəlki cəhddəki uğursuzluğunun əvəzini çıxmağa çalışırdı.

Azərbaycan daha cəld tərpənərək lokal xarakterli antiterror tədbiri keçirməklə 23 saat ərzində Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ağ bayraq qaldırmasına, tərk-silah edilməsinə nail oldu!
BMT TŞ-də müzakirələr başlayanda artıq Azərbaycan Qarabağdakı erməniəsilli vətəndaşlarının təmsilçiləri ilə Yevlax şəhərində görüşərək ciddi razılaşmalara nail olmuşdu.
Nəticədə BMT TŞ-nin budəfəki müzakirələri də nəticəsiz, heç bir sənəd qəbul edilmədən başa çatdı.
Vədəsində görülən tədbirlər bədxahlarımızın əllərini boşda qoydu!

*** 
Ermənistan Qarabağda separatizm toxumlarını cücərdərək torpaqlarımızı işğal edəndə ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanlar başçılıq edirdi.
O zaman sərhədlər şərti idi, Moskvanın hökmü hər iki respublikada keçirdi.
Ermənilər isə Qorbaçovun və arvadı Raisanın sevimlisi hesab olunurdu.
Xankəndidə "yenidənqurma" adı ilə etiraz aksiyalarına başlayanda, "miatsum" bağıranda kimsə onların xətrinə dəymirdi.
Əksinə, keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətinin" iqtisadi cəhətdən geridə qaldığını bəhanə gətirərək Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin müvafiq qərarının çıxarılmasına nail oldular.
... İrəvanda ordu yaradılaraq silahlandırılır və Azərbaycan ərazisinə ötürülürdü.
Ermənistandan gələn "saqqallılar" isə etiraz aksiyalarına qoşulmayan yerli əhalini qorxudaraq meydana sürükləyirdilər.
366-cı sovet atıcı alayının erməniləşdirilərək Qarabağa yeridilməsi vəziyyəti kəskin şəkildə separatçıların xeyrinə dəyişdi.
Sonradan bu alay Xocalı soyqırımının törədilməsində mühüm rol oynadı.
Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun işğalından, SSRİ-nin süqutundan sonra da Rusiya Ermənistana silah-sursat sarıdan daim kömək göstərdi.
Hətta iki dəfə bir milyard dollardan artıq pulsuz silah-sursat və hərbi texnika verdi.

Ötən otuz ildə də müxtəlif yardımlar, yerli və gəlmə ermənilər hesabına Azərbaycan ərazisində canlı hərbi qüvvə, külli miqdarda silah, sursat, hərbi texnika cəmləşdirildi, güclü müdafiə qurğuları və müxtəlif istehkamlar quruldu.
Ağdam, Laçın, Kəlbəcər və Ağdərədə yerli relyefin təbii imkanlarından istifadə olunaraq xəndəklər, səngərlər qazıldı, "Ohanyan səddi", müdafiə mövqeləri, minalanmış ərazilər, atəş nöqtələri yaradıldı.
Ermənistan havadarlarının iştirakı və yardımı ilə əslində Qarabağı və Şərqi Zəngəzuru alınmaz qalaya çevirdi.
Bütün görülən işlərlə "90-cı illər müharibəsi"nə hazır idi və hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə qalib gələcəyinə inanırdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün bunları gözəl bilirdi, odur ki, "XXI əsrin yeni müharibəsi"nə hazırlaşırdı.
***
"Qarabağ Ermənistandır və nöqtə" - Paşinyanın bu bəyanatı İlham Əliyevin səbr kasasını doldurdu.
Beləliklə, Azərbaycan öz ordusuna, öz strategiya və taktikasına güvənərək öz müharibəsinə başladı.
Bu müharibədə ən yeni silahlar işlədildi, hətta köhnə texnika belə, məsələn, AN-2 təyyarələri ("kukuruznik") yeni təyinatda istifadə olundu.
İlham Əliyev hücuma göydən keçdi, düşmənin başına havadan od yağdırdı!
Əvvəlcədən müəyyən olunmuş legitim hədəflərə dəqiq, dağıdıcı zərbələr endirildi!
Sonra "dəmir yumruq" yerdə hərəkətə başlayaraq düşmən ordusunu əzdi, məhv etdi!
Belə hazırlıqlı ordu, belə taktika və strategiya, hücum silahları gözləməyən düşmən 44 gündə yerlə yeksan olaraq aman dilədi, kapitulyasiya aktına imza atmağa hazır olduğunu bildirdi.
Ən güclü mövqeləri olan rayonları - Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz geri qaytardı.
İlham Əliyevin qorxaqlar və fərarilər yığnağına çevirdiyi Ermənistan ordusu silah və sursatlarını, hərbi texnikalarını ataraq işğal etdikləri ərazilərdən birdəfəlik çıxdılar!
8 NOYABR 2020-Cİ İLDƏ AZƏRBAYCAN İŞĞALDAKI TORPAQLARINI AZAD ETDİ!

***
ATƏT-in otuz illik "barışdırıcılıq missiyası" dövründə Ermənistan sülhə gəlmədi, bir qarış torpağı belə könüllü, dinc yolla qaytarmadı.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmədi, buna görə ona sanksiya tətbiq olunmadı, heç bir təsir və təzyiq göstərilmədi.
Hətta kriminal Ermənistan rəhbərliyi o qədər qudurdu ki, "ən yüksək muxtariyyət"lə belə razılaşmadı.
Özləri də inanmışdılar ki, Azərbaycan ərazilərini öz gücləri ilə işğal ediblər, həqiqətən "qalib millət" və "qalib dövlət"dirlər.
Sonadək də bu inamlarında və ağıllarında qaldılar.
Hətta bu gün də köhnə siyasətlərini yürüdürlər.
* Rusiyadan inciyirlər ki, niyə II Qarabağ müharibəsində yenidən bizim əvəzimizdə döyüşərək torpaqları saxlamaqda kömək etmədiniz!
* Fransadan küsürlər ki, kiçik bacılarını tək qoydular, Cənubi Qafqaza ordu yeritmək əvəzinə "pensiyaçı müşahidəçilər" göndərdi.
ABŞ-yə kəm baxırlar ki, niyə Azərbaycanı cəzalandırıb Ermənistanı sözdə deyil, əməldə müdafiə etmədilər.
* "Məğlubedilməz xalq" belə hesab edir ki, hamı - rus da, fransız da, amerikalı da gəlib onun yerinə döyüşməli, ölməli, Azərbaycan torpağının əbədi olaraq işğalda qalmasını təmin etməlidirlər.
Elə bu ağılla da forpost dövlətə, əhalisi ölkədən qaçan, dilənçi günündə yaşayan əraziyə çevriliblər...
Azərbaycan isə dünyada baş verən prosesləri, yeni reallıqları nəzərə alaraq yeni siyasət yeridir. 
Bu siyasəti ilə Azərbaycan özünə, öz imkanlarına güvənir, dünyada baş verən prosesləri nəzərə alır, hadisələri önləməyi məharətlə bacarır:
 * Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir ki, Azərbaycan "hücum diplomatiyası" tətbiq edir. 
* Azərbaycan dövlətarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini əsas tutur, təkcə özünün yox, tərəfdaşlarının da maraqlarını nəzərə alır, beləliklə, dostlarının sayını artırır.
* İlham Əliyevin Qoşulmama Hərakatına sədrliyi dövründə dostlarımızın sayı xeyli çoxaldı.
* Azərbaycan TDT-nın aparıcı üzvlərindən biridir.
* R.T.Ərdoğanla İlham Əliyev dostluğu və qardaşlığı strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsində özünün ən yüksək səviyyədə təsdiqini tapdı.
* Ölkəmizin İsrail və Pakistanın simasında etibarlı dostları və tərəfdaşları vardır.
* İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə dostluq və əməkdaşlıq münasibətləri qurub.
* Orta dəhlizin tezliklə gerçəkləşməsi bütün bu uğur və əlaqələri daha da möhkəmləndirəcəkdir.
Azərbaycan heç kəsdən heç nə tələb etmir, əksinə, hər iki tərəf üçün faydalı və səmərəli olan əlaqə və münasibətlər qurur!
İlham Əliyev siyasətinin də əsl mahiyyəti budur!

***
Aprel və Günnüt əməliyyatları da daxil olmaqla son illər baş verən hadisələr zəncirinə diqqət yetirdikdə İlham Əliyevin nə qədər uzaqgörən, səbrli, gərəkli hadisələr yaratmağı bacaran, üstəlik, baş verən hadisələrdən ustalıqla istifadə edən dahi siyasətçi olduğunun şahidlərinə çevrilirik!
 * Artıq ermənilərin sülh yolu ilə torpaqlarımızdan çıxmayacağı bəlli idi...
*ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların da işğalçıların nazı ilə oynadıqları aydın görünürdü.
Ordu quruculuğunu başa çatdıran, "hücum diplomatiyası"nı uğurla aparan və bu sahədə də "möhkəm müdafiə xətti" quran Azərbaycan rəhbəri "digər vasitələrə" əl atılmasının vaxtı çatdığı qənaətinə gəlmişdi.
Aprel "şapalağı" və ardınca Günnüt "yumruğu" düşməni ağıllandırmasa da, şoka saldı:
* Ermənilər Şuşada bina tikərək oyuncaq "parlament"lərini Azərbaycan üçün çox əziz olan bu şəhərə köçürmək niyyətlərini açıq şəkildə bəyan etdilər.
*Sonra Şuşada dalbadal tədbirlər keçirərək bizə qıcıq verməyə başladılar.
* Hətta Paşinyan peysəri ət bağlamış erməni generalları ilə bərabər "qələbə günü"nü burada keçirdi, sərxoş vəziyyətdə yallı da getdi.
* Ən nəhayət, məlum "bəyanatı"nı verərək sülh danışıqlarına son qoydu.
Elə Azərbaycana da bu lazım idi!
Lovğa baş nazir və "məğlubedilməz ordu" tezliklə qulaqburmasını aldılar!
Ancaq bu dəfə onların təkcə qulaqları yox, boyunları da "dəmir əl"lə burulmuşdu.

Üçtərəfli Bəyanatı imzaladıqdan sonra yenidən danışıqlara qayıdaraq tezliklə sülh müqaviləsini imzalayacaqlarını bildirdilər.
Amma havadarları yenə onları başdan çıxardılar.
Yenidən Azərbaycan ərazisinə silah-sursat daşımaqla qisas əməliyyatına hazırlaşmağa başladılar.
23 aprel 2023-cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılaraq giriş-çıxışın tam nəzarətə götürülməsi Ermənistanı daha da qəzəbləndirdi.
Ağıllanmaq əvəzinə Hindistandan və İrandan yeni silahlar alaraq revanşizm əhvali-ruhiyyəsini körükləməyə başladı.
Azərbaycanın Rusiya ilə səmimi və tədbirli davranışı hayları yeni səhvlərə məcbur etdi.
Onlar Rusiyaya arxa çevirməyə, onu erməniləri satmaqda ittiham etməyə, KTMT-dən çıxacaqlarını bəyan etməyə başladılar.
Hətta ABŞ ilə birgə hərbi təlimlər keçirdilər, Fransanın ayağını bölgəyə açdılar.
Azərbaycana sülh müqaviləsi bağlamaqdan ötrü qəbuledilməz "şərtlər" irəli sürdülər və yenə də ciddi səhvə yol verdilər.
İlham Əliyev bu məqamdan da məharətlə istifadə etdi!
19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri keçirilərək Azərbaycanın dövlət suverenliyi və Konstitusiya əsasları 23 saata bərpa olundu!

***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ikiəsrlik Qarabağ münaqişəsini möhtəşəm zəfərlə başa çatdırması bütün dünyanı heyran qoyub!
Artıq dünyanın bir çox tanınmış siyasi xadimləri İlham Əliyevin separatizmə və bundan doğan işğala son qoymağın modelini yaradan siyasətçi və sərkərdə olduğunu hörmətlə etiraf edirlər.
Bəli, güclülərin "kiçik"ləri tələyə salaraq ram etməyə çalışdıqları "sınanmış üsul"un ən effektiv çarəsi tapıldı!
Bu, siyasətlə hərbin əlaqəli şəkildə tətbiq edildiyi, beynəlxalq hüquqa söykənən yeni tipli mübarizədir!

Uzun illər boyu dünya gücləri və beynəlxalq təşkilatlar bizi inandırmağa çalışdılar ki, Qarabağ probleminin hərbi yolla həlli variantı yoxdur.
Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik tarixi olan münaqişəni məhz hərbi yolla, "dəmir yumruq"la başa çatdırdı!
Həm də sırf hərbi yolla həllinə nail olmadı...
Hər iki vasitədən yerli-yerində və məharətlə istifadə etdi:
* 44 günlük Zəfər müharibəsi dövründə, lokal xarakterli antiterror tədbirlərinə başlananadək siyasi vasitələrə üstünlük verildi, diplomatik gedişlər ön planda saxlanıldı.
* Hərbi əməliyyatlar isə çox qısa müddətdə böyük dəqiqliklə, düşməni darmadağın etməklə başa çatdırıldı.
Bu isə ordunun hazırlanması, ən müasir silahlarla silahlandırılması, peşəkar xüsusi təyinatlıların yetişdirilməsi ilə bağlı idi.
* Yenə də Azərbaycan Prezidenti sülhə, barışa, diplomatiyaya üstünlük verir!
* Yenə də Ermənistan rəhbərliyini ağla gətirərək Azərbaycana qarşı ərazi iddialarından çəkinməyə, revanşist niyyətlərdən uzaq durmağa çalışır.
* Yenə də Cənubi Qafqazda əmin-amanlığa, əməkdaşlığa, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dəvət edir.
Həm də Ermənistan rəhbərliyini başa salmağa çalışır ki, kənardan heç kəs bu bölgəyə sülh gətirməyəcək, bölgədə yaşayan xalqlar əl-ələ verməklə özləri sülhə nail olmalıdırlar!
***
Müharibə bitdi, quruculuq və mübarizə isə davam edir!
* Bu mübarizə millətindən asılı olmayaraq hər bir insanın rahat, təhlükəsiz və firavan yaşayışı uğrunda mübarizədir!
* Bu mübarizə dövlətlərin azadlığı, suverenliyi uğrunda mübarizədir!
* Bu mübarizə dövlətlərin öz imkan və vəsaitlərini dağıdıcı müharibələrə deyil, insanların öz evlərində qorxusuz yaşayaraq övladlarını normal şəraitdə böyütmələri, dünya güclərinin məkrli və fərdi maraqlarına yönəlik siyasətlərindən yaxa qurtarmaq uğrunda mübarizədir!
Dünya yeni düzənə keçmək üçün qanlı müharibələr, terror və təhdidlərlə üzbəüzdür.
Yeni düzəndə zorakılıq, hədə və təhdidlərə yer olmamalıdır, birgə maraqların təmininə yönəlik əməkdaşlıq üstün tutulmalıdır.
İnsanlar və dövlətlər öz imkanlarını təbiətin fəsadlarının birgə səylərlə aradan qaldırılmasına yönəltməli, dağıtmağa yox, qurmağa dəstək verməli, güclülər zəifləri əzməyə, talamağa çalışmamalıdırlar!
Azərbaycan Prezidenti İlham Əliyev belə bir düzənin yaranmasına can atır, onun tezliklə bərqərar olunması üçün bütün qüvvə və bacarığını əsirgəmir.
* İlham Əliyev öz siyasətini səhvsiz qurur, beynəlxalq hüquqa, konvensiyalara əsaslanır, heç bir boşluğa yol vermir;
* İlham Əliyev siyasət yeridəndə, dost qazananda səmimi olur, hamının maraqlarını təmin etməyi və uzlaşdırmağı bacarır;
* İlham Əliyev rəqiblərinin səhvlərindən məharətlə istifadə edir, xəyanəti bağışlamır;
* İlham Əliyev təkcə Azərbaycanı yox, Türk birliyini də gücləndirir; 
* İlham Əliyev dünyada gedən prosesləri hamıdan öncə duyur və bilir, bundan ölkəmizin xeyrinə istifadə etməyi bacarır! 
"Dəmir yumruq"la xeyirxah siyasətin vəhdəti isə mənfur layihələri pozur, Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir!
Beləliklə, 28 sentyabr 2023-cü ildə Xankəndidəki separatçı qurumun özünü buraxması xalqlara faciə və ölüm gətirən bu beynəlxalq layihənin iflasının sonuncu nöqtəsi oldu!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

16:11
07 Oktyabr

Siqaret idxalına qadağa qoyula bilər  

15:42
07 Oktyabr

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

15:36
07 Oktyabr

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!