Tarixinin ən qüdrətli Azərbaycanının müəllifi İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən 5 il ötür. Dövlət başçısının xüsusən bu müddətdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, həmçinin hərbi diplomatiyası nəticəsində Azərbaycan tarixi nailiyyətlərə və möhtəşəm zəfərə imza atıb, regionda yeganə güc sahibi olduğunu isbatlayıb.
Ötən dövrdə uzun illər işğal altında qalmış torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə öz hərbi gücümüz hesabına düşmən tapdağından azad edilməsi ölkəmizin gücünü bir daha göstərdi. Vətən müharibəsi tariximizin qəhrəmanlıq salnaməsinə çevrildi. Bu tarixi yazan isə müzəffər sərkərdə İlham Əliyev oldu.
Ölkə rəhbərinin düşünülmüş siyasəti, uğurlu fəaliyyəti müxtəlif partiya mənsubları tərəfindən də yüksək qiymətləndirilir. Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının sədrləri bununla bağlı bizimlə fikirlərini bölüşüblər.
Adı tarixə düşən müzəffər sərkərdə
Asim MOLLAZADƏ,
Demokrat İslahatlar Partiyasının
sədri, Milli Məclisin deputatı:
- Prezident İlham Əliyevin son 5 ildəki fəaliyyətində yeni strateji sistem yaratması, daxili və xarici siyasətimizi, hərbi gücümüzü gücləndirərək torpaqlarımızı işğaldan azad etməsi mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dünyada strateji mövqeyə malik və qüdrətli dövlət kimi tanındı.
Prezident İlham Əliyev 2020-ci ildə İkinci Qarabağ müharibəsində müzəffər sərkərdə kimi adını tarixə yazdırdı. Nəticədə uzun illər ərzində erməni tapdağında qalan torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan beynəlxalq təşkilatların otuz il ərzində həll edə bilmədiyi Qarabağ problemini cəmi 44 gündə rəşadətli ordumuzun gücü, qüdrəti ilə həll etdi və ədalət bərpa olundu. Bununla xalqımızın qüruru, inamı özünə qayıtdı.
Müharibədən ötən dövrdə isə dövlət başçısı Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün addımlar atır.
İlham Əliyev həm ölkədə, həm də xaricdəki bütün çıxışlarında Azərbaycanın milli maraqlarını qoruyur və bu istiqamətdə fikirlərini bildirir.
Bundan başqa, ölkəmiz son illərdə müxtəlif Avropa ölkələrinin enerji sahəsində etibarlı tərəfdaşına çevrilib. Bu da həyata keçirilən, ölkəmizin rəhbərinin təşəbbüsü ilə reallaşdırılan böyük və əhəmiyyətli enerji layihələrinin nəticəsidir.
Ümumiyyətlə, son illərdəki islahatlar Azərbaycanın inkişafını sürətləndirib və ölkəmizi dünyada tanıdıb. Ümid edirəm ki, bu islahatlar prosesi uğurla davam edəcək. Həmçinin ölkədə idarəetmə sistemindəki dəyişikliklər də bu inkişafa əsas verib.
Prezident İlham Əliyevin düşünülmüş, balanslaşdırılmış xarici siyasəti nəticəsində bir çox ölkələrlə əlaqələr genişlənib, müxtəlif istiqamətlərdə əməkdaşlıq artıb. Elə bunun nəticəsində ölkəmizə xarici investorların da marağı getdikcə çoxalır.
Son beş ildə baş tutmuş beynəlxalq mühüm tədbirlərə Azərbaycanın uğurla evsahibliyi etməsi də ölkəmizin nüfuzunu artırıb. Bütün bunlar məhz İlham Əliyevin müdrik siyasətinin nəticəsidir.
Böyük qələbənin müəllifi
Fəzail AĞAMALI,
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı:
- 2003-cü il Azərbaycan dövlətçiliyində kifayət qədər gərgin və həyəcanlı il idi. Ulu Öndərimizin səhhətində yaranmış ciddi problemlər onun Türkiyədə, daha sonra ABŞ-də müalicə olunması xalqımızda böyük həyəcan və nigaranlıq yaratmışdı. Xalqın böyük sevgisi və inamı ilə 2003-cü ilə qədər ölkəmizi böyük fəlakətlərdən qurtarıb müasir Azərbaycan dövlətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevdən sonra hakimiyyətə kimin gələcəyi və həmin şəxsin yaradılmış müasir dövlətimizə töhfələr verə biləcəyi və ya verə bilməyəcəyi, Azərbaycanın yenə ayrı-ayrı dövlətlərdən asılı olacağı və digər suallar hər birimizi düşündürməkdə idi.
Belə bir zaman kəsiyində xalqımızın gözü vətənsevər, dövlətə və Heydər Əliyev ideyalarına sadiq olan İlham Əliyevə doğru yönəlmişdi. İlham Əliyev artıq 2003-cü il ərəfəsində Milli Məclisin deputatı kimi həm Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, həm də digər platformalarda özünü parlaq və böyük gələcəyi olan siyasətçi kimi təqdim etməkdə idi. Digər tərəfdən, Azərbaycanın yeni neft strategiyasının əsaslarının yaradılmasında Azərbaycan Neft şirkətinin Birinci vitse-prezidenti kimi də olduqca önəmli töhfələrini verməkdə idi. Təbii ki, biz də xalqımızın mütləq əksəriyyəti ilə bərabər idik. Xalqın dəstəyi, iradəsi ilə hakimiyətə İlham Əliyevin gəlməsinin vacibliyini önə çəkirdik. Bu, ilk növbədə, xalqımızın Heydər Əliyevə və onun dövlətçilik konsepsiyasına inam və sədaqəti ilə bağlı idi. İlham Əliyevin dövlət başçısı seçilməsi onun üstün keyfiyyətlərə malik olması ilə bərabər, həm də Heydər Əliyev siyasi kursunun davamlı olması baxımından da etibarlı idi. Belə bir vaxtda xalqımız yanılmadı və Ulu Öndərin müraciəti ətrafında sıx birləşərək 2003-cü ildə İlham Əliyevi prezident seçdi.
İlham Əliyev Ulu Öndərimizin bütün istiqamətlərdə siyasətini yüksək səviyyədə davam etdirməyə başladı. Neft strategiyasının reallaşmasında həlledici rol oynayan prezident, ilk növbədə, Azərbaycanın Avropaya inteqrasiya olunmasına xüsusi diqqət və əhəmiyyət verdi. Bununla bağlı irəliyə doğru konkret addımlar atıldı. Ölkənin idarə edilməsində bu və ya digər boşluqları aradan qaldırmaq üçün struktur dəyişiklikləri etdi. 2003-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasını sürətləndirdi. Əslində, İlham Əliyev bütün mənalarda Azərbaycan xalqının ona göstərilən inam və etimadını yüksək səviyyədə doğrultdu. Eyni zamanda müasir dünyanın çağırışlarını Azərbaycan dövlətinin güclənməsinə transfer edərək beynəlxalq nüfuzunu artırmaq sahəsində həyata keçirdiyi tədbirlər onun beynəlxalq səviyyədə dövlət başçısı kimi nüfuzunu artırdı. İlham Əliyev qətiyyətli, prinsipial, olduqca dürüst, verdiyi sözə əməl edən və Azərbaycanın milli və dövlət maraqlarını nəzərə alıb fəaliyyətini bu istiqamətə yönəldən və reallaşdıran parlaq bir siyasətçi və dövlət xadimi kimi özünü təsdiqlədi. Təsadüfi deyil ki, Azərbaycan xalqı növbəti dəfə də İlham Əliyevə etimad göstərdi, böyük səs çoxluğu ilə o, prezident seçildi. Onun prezident kimi ikinci dönəmində xalqımızın qarşısında ciddi sual dayanırdı ki, Konstitusiyanın vermiş olduğu məhdudiyyətlər İlham Əliyevin ikinci dönəmdən sonra prezident seçilməsini məhdudlaşdıracaqmı? Belə bir vaxtda Ana Vətən Partiyası təşəbbüslə çıxış etdi ki, Konstitusiyaya dəyişiklik olunsun və Azərbaycan xalqının seçimini, onun seçim hüququnu Konstitusiya ilə məhdudlaşdıran maddə aradan götürülsün.
Ümumiyyətlə, Azərbaycanda prezident seçkilərinin keçirilməsi konkret müddətlə məhdudlaşdırılmasın, çünki bu səlahiyyət xalqa aiddir.
Sonrakı dövrdə İlham Əliyevin xalqın etimadını qazanması dəyərli nəticələrini verdi. Biz nəticə etibarilə 44 günlük Vətən müharibəsində qələbə əldə etdik. Bu qələbənin müəllifi Azərbaycan xalqı ilə, xalqın iradəsinə söykənərək torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyev oldu. Əminəm ki, bundan sonra da dövlət başçısı mürəkkəb beynəlxalq vəziyyətlərdə qarşılaşmış olduğu çətinlikləri aradan qaldıraraq ölkəmizi daha uğurlu gələcəyə doğru aparacaq. Ulu Tanrının xalqımıza bəxş etdiyi möhtərəm cənab Prezident öz xidmətini uğurla davam etdirəcək.
Azərbaycanın bütövlüyünün başlanğıcı
Tahir KƏRİMLİ,
Vəhdət Partiyasının sədri,
Milli Məclisin deputatı:
- Prezident İlham Əliyevin son 5 ildəki fəaliyyətində ilk olaraq yada düşən Qarabağ zəfəridir. Əlcəzairdə keçirilmiş islam dövlətlərinin konfransında Azərbaycandan əhalisi dəfələrlə çox olan ölkələrin nümayəndələri ilə rəsmi, qeyri-rəsmi görüşlər keçirirdik. Onların hamısı İlham Əliyevə heyranlığını ifadə edirdi. Bildirirdilər ki, on milyonluq dövlətə, başçısına son yüz illərdə ilk dəfə islam torpağını geri qaytarmaq şərəfi qismət olub. Bu, çox böyük, qürurlu hadisədir. Azərbaycan tarixində daim xatırlanacaq.
Bu, təkcə Qarabağın işğaldan azad edilməsi deyil, ümumiyyətlə, Azərbaycanın bütövlüyünün başlanğıcıdır. Bu başlanğıcı isə cənab Prezident qoyub. Azərbaycan bundan sonra bu istiqamətdə səylərini, uğurlu siyasətini davam etdirəcək. Prezidentin ötən 5 ildəki fəaliyyəti haqqında geniş danışmaq mümkündür. Bu illər ərzində ölkə həyatında mühüm hadisələr baş verib. Dövlət başçısının uğurlu, balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan qüdrətli, tanınmış ölkəyə çevrilib.
Xüsusən, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, pandemiya kimi çətin dövrdə Azərbaycanı layiqli şəkildə təmsil etməsi dünyada rezonans doğurdu. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra həmin ərazilərdə dərhal yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi böyük hadisədir. Prezidentin nüfuzu ölkə daxilində və xaricdə daha da artıb. Buna şübhə yoxdur. Yaxın günlərdə Laçın yolu üzərində nəzarəti də bərpa etdik. Ümid edirəm ki, Xankəndiyə nəzarətimiz də bərpa olunar. Prezidentin strategiyasını tam müdafiə edirik və alqışlayırıq. Təki hər şey dövlətimizin, xalqımızın istədiyi kimi olsun.
Uğurlu xarici siyasət, dünyada tanınan Azərbaycan
Razi NURULLAYEV,
Milli Cəbhə Partiyasının sədri,
Milli Məclisin deputatı:
- Son beş ilə nəzər salsaq, yadda-qalan və xalqımızın, regionumuzun taleyini dəyişən ən mühüm məsələ işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi oldu. Artıq biz Xudafərin körpüsünü şəkillərdə görmürük, Şuşanı xəyallarımızda canlandırmırıq. Şuşaya gedə və qala bilirik. Azad olunmuş bütün şəhər və kəndlərimiz yenidən qurulur. Həm də ona görə yaddaqalan hadisədir ki, son 200 il ərzində Azərbaycan torpaqlarını qazana bilməmişdi, ancaq itirmişdi.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ilk dəfə torpaqlarını qaytara bildi. Bu gün ölkəmiz xarici siyasətdə xeyli öndədir. Azərbaycanla hesablaşan ölkələr var. Ölkəmiz artıq tanınır. Zaman var idi ki, xarici ölkələrdə olanda Azərbaycan deyəndə sözü belə deyə bilmirdilər. İndi isə ölkəmizi hər kəs tanıyır. Yalnız neft və qazına görə deyil, həm də 2020-ci ildə Azərbaycanın apardığı mübarizədə, müharibədə yeni müasir hərbi texnologiyalardan istifadə edərək öz torpaqlarını işğaldan azad etməsinə görə. Ölkəmizin bu uğuru bu gün həm də dünyanın müxtəlif hərbi məktəblərində dərs kimi keçirilir, öyrədilir. Bu da təbii ki, İlham Əliyevin prezidentliyi dövrünə düşdü və bunu o bacardı.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"