Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində süni intellekt, innovasiya və rəqəmsal transformasiyanın intellektual iqtisadiyyatların formalaşmasındakı roluna həsr olunan paneldə çıxış edib.
AZƏRTAC xəbər verir ki, nazir müavini bildirib ki, süni intellekt əvvəlki texnoloji dalğalardan daha sürətlə inkişaf edir və bu proses infrastruktur, enerji, insan kapitalı, kibertəhlükəsizlik, tənzimləmə və investisiyanı əhatə edən vahid yanaşma tələb edir.
Qeyd olunub ki, qlobal gündəm artıq strateji baxışdan icra mərhələsinə keçir və Azərbaycan bu mərhələyə hazırdır.
Çıxışda rəqəmsal inkişafın sürətləndirilməsinə dair yeni qəbul olunmuş Fəaliyyət Planı çərçivəsində görülən işlər, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt həllərinin dövlət qurumlarında tətbiqi diqqətə çatdırılıb. Həmçinin ölkənin strateji coğrafi mövqeyi, geniş rabitə şəbəkəsi və etibarlı enerji resursları nəzərə alınmaqla regional miqyaslı data mərkəzi imkanlarının yaradılması istiqamətində aparıcı beynəlxalq tərəfdaşlarla müzakirələrin aparıldığı vurğulanıb.
İnsan kapitalının inkişafına xüsusi önəm verildiyi qeyd edilib. Nazir müavini bildirib ki, süni intellekt üzrə təlimlərin ilk mərhələsi 30,000 dövlət qulluqçusunu əhatə edir və gələcəkdə bütün dövlət sektoruna şamil ediləcək. Bundan əlavə, rəhbər şəxslər, universitetlər, tələbələr və özəl sektor üçün xüsusi proqramlar həyata keçirilir.
Çıxışın sonunda startapların maliyyə imkanlarına çıxışını genişləndirəcək yeni qanunvericilik bazasından bəhs edilib, beynəlxalq tərəfdaşlar konkret layihələr əsasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Bakıya dəvət olunub.