14 Mart 2024 08:05
27030
SİYASƏT
A- A+

Hücum diplomatiyasından hücum taktikasına

 

Azərbaycan 30 ilədək müddətdə beynəlxalq hüquqa sığındı, ədalətə inandı.
İnandı ki, "demokratik dünya", "dünya ictimaiyyəti" Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək, təcavüzkar Ermənistanın torpaqlarımızdan çıxarılması üçün müvafiq təsir və təzyiq göstərəcəkdir.
İnandı ki, dünyanın ən böyük, ən güclü və sözükeçən təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurası, Minsk qrupu və həmsədr dövlətlər aldıqları mandatın müqabilində vəzifə və vicdani borclarını layiqincə yerinə yetirərlər.
Bəlkə də inanmırdı, inanmaq istəyirdi.
Çünki həmsədr dövlətlərdən biri olan ABŞ 1992-ci ildə təcavüzkarı deyil, işğala məruz qalan tərəfi - Azərbaycanı cəzalandıraraq Azadlığı Müdafiə Aktına bədnam 907-ci düzəlişi etdi, ölkəmizə birbaşa yardımı dayandırdı.
Digər həmsədr dövlət sayılan Rusiya isə Ermənistana iki dəfə, hər dəfə bir milyard dollarlıq silah-sursat bağışladı.
Fransa isə bitərəf qalacağına söz versə də, əməldə ermənidən betər ermənilik etdi və Azərbaycana qarşı düşmənçilik hərəkətlərini indi də davam etdirir.

Bir həqiqəti də qeyd edək ki, 90-cı illər Azərbaycanının gücü və imkanları münaqişənin yalnız sülh yolu ilə həllinə çatırdı.
Münaqişə ilə bağlı keçirilən bütün görüş və tədbirlərdə Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışır, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini necə işğal etdiyini söyləyir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladır, təcavüzkarın ərazilərimizdən çıxarılması üçün zəruri təsir və təzyiq tədbirlərinin görülməsini xahiş edirdi.
Bu, Ulu Öndər Heydər Əliyevin dövründə də belə idi, cənab İlham Əliyev dövlət başçısı seçiləndən sonra da bu sayaq davam etdi.
Lakin Azərbaycanın hər iki rəhbəri bütün görüş və tədbirlərdə xüsusi olaraq vurğulayırdılar ki, əgər münaqişə sülh yolu ilə həllini tapmasa, Azərbaycan digər vasitələrlə öz torpaqlarını işğaldan azad edəcəkdir!
Görünür, nə Ermənistan, nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də dünya erməniliyi inanırdılar ki, Azərbaycan müharibə yolu ilə torpaqlarını işğalçılardan təmizləyər!
Odur ki, hərə öz işində idi:
* Ermənistan ərazilərimizi talayıb, yandırıb, dağıdaraq xarabalıqlara çevirir;
* ATƏT-in Minsk qrupu sonradan lətifəyə çevrilən səfərlər və görüşlər keçirir;
* Beynəlxalq hüquq iflic vəziyyətdə yatır;
* "Dünya ictimaiyyəti", beynəlxalq qurum və təşkilatlar isə ən yaxşı halda müəyyən bəyanat və açıqlamalarla kifayətlənirdi...
Azərbaycan da öz işində idi:
* Güclənir!
* Ordu qurur!
* Hazırlaşırdı!
İlk cəsarətli və qətiyyətli dönüş cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk illərdə "hücum diplomatiyası"na keçidlə başladı!
Əslində, bu həm də hücum taktikasının başlanğıcı sayılır.

Azərbaycan bir tərəfdən sülh danışıqlarını aparır, münaqişənin sülh yolu ilə həllinə "inandığını" göstərir, eyni zamanda problemin "digər vasitələrlə" həllinə imkan yaradacaq addımlar ataraq güc toplayırdı.
***
Bu il yanvarın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına ənənəvi müsahibəsində bu barədə də geniş və ətraflı danışıldı, jurnalistlərin bütün sualları konkret faktlar əsasında cavablandırıldı.
Bu həm də cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 ilinin yığcam hesabatı da sayıla bilər.
Azərbaycanı işğaldan Zəfərə çatdıran bu çətin, uzun, eyni zamanda möhtəşəm və mübarizələrlə dolu yolun necə keçirildiyinə, hansı problem və məsələlərin həll olunduğuna, hansı əngəl və maneələrin dəf edildiyinə birlikdə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətində qazandığı bütün uğur və qələbələri, onların ən uca zirvəsi sayılan möhtəşəm Qarabağ Zəfərini təkcə bu dövrlə məhdudlaşdırmaq yanlış olardı.
Bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasi kursuna sədaqət və onun uğurlu davamı, 1993-2003-cü illərdə yaradılan möhkəm təməl də dayanır!
İlham Əliyevin böyüklüyü həm də bunları qoruyub saxlamaqla yanaşı, daha da inkişaf etdirməsi, yeni mərhələyə yüksəltməsidir!
***
İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə əsas milli ideyamız işğal altındakı torpaqların azad edilməsi idi!
Lakin, qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycan hərbi vasitələrlə məqsədə çatmaq imkanında deyildi.
Əvvəla, Minsk qrupu bu vəzifəni öhdəsinə götürmüşdü və məsələni, guya, sülh yolu ilə çözəcəkdi. Onun "xidməti"ndən imtina isə yanlış olardı...
İkincisi, sülh yolundan vaz keçərək hərbi vasitəyə əl atmaq Azərbaycana baha başa gələ bilərdi...
Üçüncüsü, müharibə etmək üçün ən əvvəl böyük iqtisadi imkan, yaxşı silahlanmış və təlim görmüş ordu, beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın sözünü deyib, mövqeyini müdafiə edəcək dostların olması və digər məsələlər vacib sayılırdı.
Həmin dövrün özünəməxsus problemləri isə bambaşqa idi...
Bunu biz cənab İlham Əliyevin birinci prezidentliyi dövrünün başlanğıcında xalqa verdiyi vədlərin məzmunundan da aydın görürük:
* Regionların və sahibkarlığın sürətli inkişafına nail olunacaq;
* Bir nəfər də çadır şəhərciyində yaşayan qaçqın və məcburi köçkün qalmayacaq;
* Günün bütün saatlarında Azərbaycanın ən ucqar kəndində belə elektrik enerjisi olacaq;
* İşsizlik ən minimal həddə endiriləcək;
* Yoxsulluq səviyyəsi aşağı salınacaq;
* Bir qarış torpaq belə kimsəyə güzəştə gedilməyəcək, ölkəmizdə ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək!
Təkcə bu sadaladıqlarımız 20 il əvvəlki Azərbaycanın durumu barədə aydın təsəvvür yaradır!
İlham Əliyevin eyni vaxtda bütün sahələrin inkişafına diqqət yetirməsi, problemləri vaxt itirmədən həll etməsi zəruri dönüşün yaranmasına da səbəb oldu!
Və məqsədinə çatdı da!
Məhz görülən işlər, vaxtında və qətiyyətli şəkildə atılan addımlar sayəsində kifayət qədər güc toplayan Azərbaycan hücum taktikasına keçə, istək və məqsədinə öz iradəsi və imkanları sayəsində nail ola bildi! 
Beləliklə:
* Tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı!
* Çoxsaylı şəhərcik və yaşayış kompleksi inşa edilərək qaçqın və məcburi köçkünlərin həyat şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırıldı!
* Hər il minlərlə yeni iş yeri yaradılaraq işsizlik və yoxsulluq səviyyəsi 40 faizdən 5 faizə endirildi!
* Yeni, vətənpərvər gənclər nəsli tərbiyə edildi, ölkədə idmanın yüksəlişinə nail olundu, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanındı!
* Yeni nəsil gənclərin də iştirak etdikləri qüdrətli ordu yaradıldı və o, ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırıldı, yeni taktika və strategiya tətbiq olundu!
* Xalqın milli birliyi ən yüksək səviyyəyə çatdırıldı!
* Hücum diplomatiyası tətbiq edilərək beynəlxalq qurum və təşkilatlarla iş gücləndirildi, Azərbaycanın haqq işini müdafiə edən dostlarının sayı əhəmiyyətli dərəcədə artırıldı!
* Müstəqil, yalnız milli və dövləti maraqlara söykənən siyasət yeridildi, xalqın sosial rifahının əsaslı şəkildə yüksəldilməsinə nail olundu!
* Azərbaycanın beynəlxalq nüfuzu ən yüksək səviyyəyə qaldırıldı, özü isə Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevrildi!
Görülən bütün bu işlər, vaxtında və qətiyyətli şəkildə atılan addımlar hücum taktikasına keçən Azərbaycana məqsəd və hədəflərinə öz gücü və imkanları hesabına çatmağa şərait yaratdı!
20 ilin ən mühüm yekunu isə 44 günlük Zəfər müharibəsində torpaqların işğaldan azad edilməsi, əsas milli hədəfə çatmağımız oldu!

***
Artıq bu gün Azərbaycanda yeni dövrün yeni vəzifələrindən danışılır.
Prezident İlham Əliyev təkcə Azərbaycan torpağını "dəmir yumruğ"u ilə erməni işğalçılarından təmizləmədi...
Həm də böyük məharət və səbirlə, hesablanmış dəqiq addımlar sayəsində 2023-cü ilin 23 aprelində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi!
Daha sonra Ermənistanın üçtərəfli Bəyanatın şərtlərinə əməl etmədiyini görərək sentyabrın 19-20-də qısamüddətli lokal xarakterli antiterror tədbirləri keçirərək bir nəfər mülki vətəndaşa belə xətər toxunulmadan Ermənistanın Qarabağ ərazisindəki 15 min nəfərlik ordusunu təslim və tərk-silah edərək ölkə ərazisindən tamamilə çıxardı! 
Bununla da Azərbaycanın dövlət suverenliyi və Konstitusiya əsasları tam təmin edildi.
"Dəmir yumruğ"un bu unikal əməliyyatları nəticəsində ədalətə olan inam da, ədalətin özü də bərpa edildi!

Əslində, çoxdan həsrətində olduğumuz ədaləti öz rəhbərinə güvənən və daim onun ətrafında sıx birləşən Azərbaycan xalqı əzmi, qeyrəti və qüdrəti ilə bərpa etmiş oldu!
* "Onu da biz hamımız bilməliyik ki, ədalət öz-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən" - cənab İlham Əliyevin sözüdür!
* "Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlanır" - Bu da Prezidentimizin sözüdür.
* İlham Əliyevdən daha bir sitat: "Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq".
***
Bəs yeni dövr nədən və necə başlamalıdır?
Maraqlı sualdır, deyilmi?
"Prezident seçkiləri yeni dövrün başlanğıcı olmalıdır!" - jurnalistlərin suallarını cavablandıran dövlət başçısı İlham Əliyev bu fikrini də dəlillərlə əsaslandırdı!
Məntiqlə həm tarixi dövrüluk baxımından (işğaladək olan dövr, işğal dövrü və işğaldan sonrakı dövr), həm də tariximizdə buna bənzər Zəfərin olmaması, üstəlik, belə parlaq qələbənin yaratdığı və yaradacağı nəticələr sarıdan yeni dövrə başlarkən hər şey də yenilənməlidir.
Müstəqillik dövründə ilk dəfə olaraq azad və demokratik seçkilər Azərbaycanın bütün ərazisində keçirildi!
Əslində, azad edilmiş ərazilərdə ilk dəfə prezident seçkilərinin keçirilməsi həm arzuolunan, həm doğru, həm də ədalətli qərar idi!
Digər bir məqam isə ondan ibarətdir ki, cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 20 ili də tamam olmuşdur.
Bu 20 il başlıca olaraq milli ideyanın gerçəkləşdirilməsinə xidmət etmiş və ən yüksək nəticə qazanılmışdır.
Artıq baş hədəf dəyişib!

Odur ki, növbəti dövrün yeni hədəflərinə çatmaq üçün yeni dövrə yeni seçkilərlə və yeni milli ideya ilə başlanılması daha məqsədəmüvafiq sayıldı.
Belə ki, jurnalistlərə müsahibəsində cənab İlham Əliyev çox gərəkli bir məqama da toxunmuşdur: 
"Biz nə etmişiksə, etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki, birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır".
Dövlət başçısının "sakitləşmə ovqatı" ilə bağlı xəbərdarlığı heç də əbəs deyil!
Azərbaycana qarşı təhdidlər, qərəzli yanaşmalar və düşmənçilik hərəkətləri hələ də ara vermir.

Bundan sonra da davam edəcəyi isə heç kəsdə şübhə doğurmur!
* Əvvəla, Azərbaycan öz Zəfəri ilə bəzi ölkələr üçün müəyyən fəsadlar doğurmuşdur və bu, onlara hələ də baha başa gəlir.
* İkincisi, dünya miqyasında bir çox layları tərpətmişdir və bu, bir çoxlarının xoşuna gəlməmişdir.
Ermənistanı silahlandıranlar, onlara yersiz və əsassız ümid verənlər bu xəstə millətdə belə bir güman yaradırlar ki, guya, onlar nə vaxtsa yenidən Qarabağı bizdən qopara bilərlər.
Həm də istisna deyil ki, bu xülya Ermənistan cəmiyyətində, o cümlədən rəhbər qruplaşma daxilində get-gedə daha da geniş yayılacaqdır.
Bu reallıq yeni dövrün yeni hədəflərindən birini zəruri edir.
Bu barədə Prezident İlham Əliyev çox dəqiq və yığcam şəkildə söyləyib:

"Biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik".
***
Dövlət başçısının müsahibə zamanı bir sıra ünvanlara dəqiq və açıq mesajları da oldu.
Söhbət əsnasında cənab İlham Əliyev ilk dəfə olaraq çox aydın və maraqlı, eyni zamanda tutumlu termin işlətdi:
"Ermənistan plyus qruplaşması".

Artıq kimsəyə sirr deyil ki, Azərbaycanın Qarabağ problemini hərbi Zəfərlə, öz gücü ilə və birdəfəlik həll etməsi bəzilərinin xoşuna gəlməyib!
Heç gəlməsin də!
Həmin "bəziləri"nin bir qismi açıq, bir qismi həyasızcasına açıq, bəzisi gizli, bir başqası isə üstüörtülü və ehtiyatla erməniləri müdafiə edir, kömək göstərir, beynini (olmayan beynini) boş xülyalarla doldurur!
Kimin necə davranıb, necə hərəkət etməsindən asılı olmayaraq, İlham Əliyev kimi müasir dövrün ən nəhəng siyasətçilərindən birinə hər şey gün kimi aydındır.
Ancaq İlham Əliyev çox səbirlidir, diplomatik ifadələrdən ustalıqla və yerində istifadə etməyi yaxşı bacarır.
Prezidentimizin həmin mesajları ən əvvəl "Ermənistan plyus qruplaşması"na ünvanlanıb!
Necə deyərlər, qızım sənə deyirəm, gəlinim sən də eşit!
O mesajlar hansılardır!
* Biz təkcə ədalətli deyil, həm də haqlıyıq və haqlılığımızı istənilən tədbirdə və auditoriyada sübut edəcək kifayət qədər faktımız və əsaslarımız var!
Qarabağ məsələsində də biz haqlı tərəf kimi qalib gəldik!
* Biz müstəqil ölkəyik!
Əgər müstəqil dövlətiksə, niyə istədiyimiz və bildiyimiz kimi hərəkət etməməliyik?
Əslində və həmişə olduğu kimi də, ilk növbədə, milli maraqlarımızı müdafiə və təmin etməliyik və edirik də!
* Ən əsası, heç kəsin sözü ilə durub oturası deyilik!
Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, möhkəm yanılır!
* Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq və heç kəsin daxili işlərimizə burun soxmasına heç zaman yol verməyəcəyik!
* Bizimlə düşmənçilik edənlərin aqibəti yaxşı olmur!
Ölkəmizdə separatizm toxumu cücərdən, bizə qarşı qanlı müharibə aparan, Xocalı soyqırımı və digər vandallıqları törədən, şəhər və kəndlərimizi xaraba qoyan separatçılar, canilər, əli xalqımızın qanına batanlar, Qarabağa ixrac edilən "liderlər", "nazirlər" və digərləri Bakıda layiq olduqları yerdə oturaraq "çay içirlər".
Yerləri genişdir və yanlarına nə vaxtsa "qonaq" gələnlər də olacaq!
Qoy onlara baxıb separatizm və revanşizm xülyasına düşənlər özləri üçün müvafiq nəticə çıxarsınlar!
* Azərbaycan müharibə qurtaran kimi sülh müqaviləsinin bağlanmasını istəyib və bununla əlaqədar beynəlxalq hüquqa söykənən beş prinsip əsasında öz təkliflərini Ermənistan tərəfinə göndərib.
* Ermənistanın müxtəlif bəhanələr və şərtlərlə sülh müqaviləsinin imzalanmasını uzatması özünə ziyandır.
* Müqavilə zəmanətçilərsiz də imzalana bilər və biz onlara ehtiyac duymuruq. 
* Əgər Ermənistan kiməsə arxayın olaraq sülh müqaviləsini imzalamasa, dalanda qalan ölkə özü olacaqdır!
* Biz qalib tərəfik və şərtlərimizdən geri durmayacağıq!
* Qarabağ probleminin 30 il sürməsinin səbəbi münaqişənin beynəlxalq müstəviyə çıxarılması oldu.
* ATƏT-in Minsk qrupu problemi həll etməyə yox, uzatmağa, işğalı legitimləşdirməyə, bizi mövcud reallıqlarla barışdırmağa çalışırdı.
* İndi yeni reallıqlar var və bunu biz "dəmir yumruğ"umuzla yaratmışıq!
* Biz Ermənistan-Azərbaycan münasibətlərini yenidən geosiyasi mövzuya çevirmək fikrində deyilik və buna yol verməyəcəyik!
* Azərbaycan heç bir sanksiyadan qorxmur!
Əvvəla, Azərbaycan elə bir iş tutub addım atmır ki, onun əməlləri sanksiyaya tuş gəlsin.
İkincisi, artıq Qarabağ problemini öz gücümüzə həll etmiş, bədxahlarımızın əlindən həmin rıçağı çıxarmışıq və heç bir hədədən də qorxmuruq!
Üçüncüsü, biz bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan, beynəlxalq hüquqa söykənən əməkdaşlıqlar qurur, müqavilələr bağlayırıq.
Dördüncüsü, bizə "xox" gəlmək istəyən Avropa İttifaqının dövlətləri ilə tərəfdaşlıq edir, onlara son dərəcə ehtiyac duyduqları mavi qaz verir və "yaşıl enerji" ixracına hazırlıq görürük!
Ən nəhayət, əgər kimsə belə bir səhvə yol verərsə, nə etsə, özünə edəcəkdir, Azərbaycana yox!
Çünki bizim qazımızın Avropaya nəqlinin kəsiləcəyi təqdirdə daha çox bundan Avropa dövlətlərinə ziyan dəyəcəkdir!
Yox, əgər Avropa Parlamentində oturanlar qərəzlərini və inadlarını yerinə yetirsələr, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar!
Məsuliyyətsiz açıqlamalar verənlər bunları istəyirlərsə, buyursunlar!
***
Bu il Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrinin icrası davam etdiriləcəkdir!
Azərbaycan öz gücü, öz vəsaiti hesabına evlər tikir, yollar, tunellər, dəmir yolları çəkir, su anbarları, elektrik stansiyaları, xəstəxanalar, uşaq bağçaları, məktəblər inşa edir, mərhələlərlə keçmiş məcburi köçkünləri geriyə, rahat və hər cür şəraiti olan doğma yurda qaytarır!
Bu prosesdə iştirak etmək istəyən sahibkarlar, iş adamları və investorlar üçün yol açıqdır!
***
Azərbaycan "hücum taktikası"na çoxdan keçib...
Hələ 44 günlük Vətən müharibəsindən də öncə!
"Hücum taktikası" deyəndə təkcə hərbi əməliyyatlardakı hücum nəzərdə tutulmurdu!
Bu, hücum diplomatiyasının yeni, daha yüksək mərhələsidir!
Məhz Azərbaycanın iqtisadi gücü, siyasi nüfuzu, dünyadakı yeri və mövqeyi, gördüyü və görəcəyi işlər belə bir taktika tətbiq etməyə imkan verir.

Azərbaycan onun üstünə gələnlərin, qeyri-dost, qərəzli münasibət bəsləyənlərin, ədalətsizliyə yol verənlərin, təhdid və təsir göstərmək istəyənlərin qarşısında müdafiə olunmur, özünə bəraət qazandırmağa çalışmır, haqsız hücumları "mehribanlıq"la dəf etməyə çalışmır!
Azərbaycan öz ədalətli mövqeyini beynəlxalq hüquqa, öz gücünə və imkanlarına arxalanaraq müdafiə edir!
Həm də təkcə "passiv müdafiə" olunmur!
Yalançıları, qərəzliləri, ədalətsizləri ifşa edərək istəyinə çatır!
Bütün bunlara isə gücü və imkanları çatır!

***
Bu gün İlham Əliyev Azərbaycanı yeni yolla yeni hədəflərə doğru aparır!
* Bu yol həm də Heydər Əliyev yolunun davamı olan İlham Əliyev yoludur!
* Bu yol bütövləşən, qüdrət və söz sahibinə çevrilən Azərbaycanın yeniləşən yoludur!
* Bu yol Böyük qayıdışa gedən, 30 illik yurd həsrətinə son qoyan, "məcburi köçkün" adı üzərindən xətt çəkən, insanları doğma yurda və xoşbəxtliyə qovuşduran yoldur!
* Bu yol Azərbaycanın Avropanı "yaşıl enerji" ilə təchizatını təmin edən yoldur!
* Bu yol bütün mənfur niyyətləri, qərəzli xislətləri məhv edən yoldur!
* Bu yol Ulu Öndərimizin arzularının çiçəkləndiyi, istəklərinin reallaşdığı yoldur!
* Bu yol Azərbaycan xalqını yüksək rifaha, xoş və xoşbəxt günlərə qovuşduran yoldur!
Bizi yeni hədəflərə çatdıracaq yolumuz mübarək olsun!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video