Dünya ictimaiyyətinin diqqəti Yaxın Şərqə, xüsusilə strateji əhəmiyyətli Hörmüz boğazı ətrafında yaranmış gərginliyə yönəlib. Beynəlxalq logistika zəncirində mühüm halqa sayılan, coğrafi baxımdan Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazı regionun və dünyanın enerji arxitekturasında mühüm arteriya hesab olunur.
Şimaldan İran, cənubdan isə Oman və BƏƏ ilə hüdudlanan bu su keçidi xam neft ixracının ən mühüm qovşağı sayılır. Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Qətər kimi nəhəng enerji ixracatçıları öz karbohidrogen ehtiyatlarını dünya bazarına bu yolla çıxarırlar. Eyni zamanda boğaz mayeləşdirilmiş təbii qaz tranziti üçün əvəzolunmaz marşrutdur. O səbəbdən boğaz ətrafındakı hərbi toqquşma və blokada qiymətlərin kəskin bahalaşması ilə yanaşı, qlobal iqtisadi sabitliyin ciddi pozulmasına da yol açır. Dünyadakı neft axınının beşdəbirinin bu dar keçiddən asılı olması qlobal maliyyə bazarlarında zəncirvari böhranın yaranmasını qaçılmaz edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, boğazın uzunmüddətli qapadılması həm istehsalçı, həm də istehlakçı ölkələr üçün fəlakətli ssenari deməkdir.
Beynəlxalq dəniz hüququna əsasən, boğazın ən dar nöqtələri İran və Omanın ərazi sularına daxildir ki, bu da Tehrana ciddi geosiyasi üstünlük verir. İran tərəfi boğazdan keçid üçün yeni qaydalar hazırladığını açıqlayıb. Bu qaydalara əsasən, gəmilər xüsusi icazə və lisenziya almalı olacaqlar. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçid rejiminin artıq əvvəlki kimi olmayacağını bəyan edib. İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfazl Şekarçi isə bildirib ki, boğaz ABŞ və İsrail üçün uzun müddət bağlı qalacaq.
Məlumata görə, İran ölkələri üç kateqoriyaya ayırıb: "düşmən", "neytral" və "dost". Bildirilir ki, "düşmən" ölkələrin gəmilərinə Hörmüz boğazı vasitəsilə keçid qadağan edilə bilər. "Neytral" ölkələrin gəmilərindən yüksək rüsumların tutulacağı, "dost" ölkələrin isə boğazdan sərbəst keçid imkanına malik olacağı qeyd edilir. Fars körfəzi regionundakı bir çox ərəb ölkəsi "neytral" və ya "düşmən" kateqoriyasına daxil edilib. Bu isə həmin ölkələrin ya yüksək ödənişlərlə üzləşməsi, ya da ümumiyyətlə boğazdan istifadə imkanlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.
İranın xarici işlər nazirinin keçmiş müavini Mehdi Səfəri deyib ki, Hörmüz boğazından keçmək üçün rüsumlar İran rialı ilə ödənilməlidir: "Niyə Hörmüz boğazı üçün rüsumların ödənişində Çin yuanı müzakirə olunur? İndi bu rüsumların İran rialı əsasında alınmasının vaxtıdır. Hörmüz boğazından keçmək istəyən hər bir qurum rial əldə edə və keçid rüsumunu bununla ödəyə bilər".
Vəziyyətin kritik hal aldığını görən Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran tərəfindən bağlanan mühüm su yolunun yenidən açılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət ediblər. BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş bəyan edib ki, Körfəz ölkəsi Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə yönəlmiş beynəlxalq səylərə qoşulmağa hazırdır. Bəhreyn Krallığı da İranın cəhdləri ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edib. "The Wall Street Journal" nəşrinə görə, bu addımlar bölgədəki enerji blokadasını yarmaq üçün son diplomatik təşəbbüslərdir.
ABŞ isə Hörmüz boğazına nəzarəti ələ keçirmək və gəmilərdən keçid üçün ödəniş almaq niyyətində olduğunu bildirib. Prezident Donald Tramp deyib ki, boğazda normal gəmiçiliyin bərpası Vaşinqton üçün əsas prioritetlərdən biridir: "Bizim belə bir konsepsiyamız var ki, keçid üçün ödəniş tətbiq edək". "Reuters" agentliyində dərc olunan məqalədə vurğulanıb ki, ABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazı ətrafında yaranan vəziyyət dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Məqalədə qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın Tehrana sərt xəbərdarlığına cavab olaraq İran tərəfi rəqiblərini daha geniş və dağıdıcı hücumlarla hədələyib. Bildirilib ki, Hörmüz boğazı faktiki olaraq bağlanıb və bu vəziyyət enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub.
Eyni zamanda onlarca ölkə boğazda gəmiçiliyin bərpası yollarını müzakirə edir. Lakin konkret razılaşma əldə olunmayıb. Avropa ölkələri isə yalnız atəşkəs olacağı halda bu prosesə dəstək verə biləcəklərini bildiriblər. Mütəxəssislərin fikrincə, böhran davam edərsə, qlobal təchizat zəncirlərində problemlər, inflyasiya və iqtisadi geriləmə qaçılmaz olacaq.
Göründüyü kimi, Hörmüz boğazı qlobal güclərin qarşıdurma poliqonuna çevrilib. İranın keçid üzərində hegemonluğu və ABŞ-nin iddiaları qlobal inflyasiyanı idarəolunmaz həddə çatdıra bilər. Avropanın ehtiyatlı mövqeyi və BMT çərçivəsindəki təşəbbüslərin nəticəsiz qalması gərginliyin daha da dərinləşəcəyinə işarə edir. Dünya birliyi ya beynəlxalq dəniz hüququnun bərpası üçün ortaq məxrəcə gəlməli, ya da enerji təhlükəsizliyinin iflası ilə nəticələnəcək daha böyük qlobal böhranla üzləşməlidir. Hörmüz boğazı ətrafındakı oyunun qalibinin kim olacağı bəlli deyil, lakin qlobal iqtisadi sabitliyin sarsıldığı artıq məlumdur.
İsmayıl QOCAYEV,
"Azərbaycan"