İnsanlar əziyyətdə, fermerlər ziyanda, mütəxəssislər axtarışdadırlar
Yeni Orleanda kranlardan duzlu su axır. Banqladeşdə fermerlər münbit torpaqları karides (krevet) yetişdirmək ücün yarı şirin su gölməçələrinə çevirməyə məcbur olurlar. Qambiyada isə kəndlilərin məhsullarının duzlaşma nəticəsində quruyub məhv olduğunu seyr etməkdən savayı əlacları yoxdur.
Dünyanın hər yerində əvvəllər etibarlı olan sahil şirin su mənbələri dəniz suyunun sızması səbəbindən duzlaşır. Qeyri-rəsmi olaraq "duzluluq böhranı" kimi tanınan bu qeyri-adi və tədricən də olsa yayılan böhran getdikcə dünya əhalisinə daha çox təsir göstərir.
Duzluluq (dəniz suyunun sızması kimi də tanınır) okean və ya dənizdən duzlu suyun şirin su hövzələrinə sızmasıdır. Hazırda Qambiya, Vyetnam və Banqladeş kimi aran ərazili ölkələr ən çox zərər çəkir. Lakin problem o qədər qlobaldır ki, hətta ABŞ-yə də təsir edir. Yeri gəlmişkən: 2050-ci ilə qədər Antarktida istisna olmaqla, hər qitədə ən azı 1 km dərinliyə duzlu suyun sızması qeydə alınan sahil ərazilərinin olacağı proqnozlaşdırılır.
ABŞ-dəki Qərbi Karolina Universitetinin professoru Robert Yanq deyir ki, duzlu suyun sızması, adətən, uzun müddət ərzində tədricən baş verir, lakin içməli su təchizatı, düyü becərilməsi və s. dünyanın sahil bölgələri üçün uzunmüddətli dağıdıcı nəticələrə səbəb olur. Ekspert deyir: "Duzlanma yavaş başlayan iqlim böhranıdır. Cox vaxt diqqət fırtına kimi böyük hadisələrə yönəlir, daha ləng dəyişikliklər isə gizli qalır. Biz səhvən fəlakətlərə hazırlaşırıq, əslində isə xüsusən inkişaf edən ölkələrdə sahil ərazilərinin gələcəyinə təsir edə bilən məhz yavaş başlayan iqlim fəsadlarıdır".
ABŞ-də duzlanma artıq bir çox sahil su hövzəsinə təsir göstərib və daha çox həssas Biskeyn hövzəsinin əsas şirin su mənbəyi olduğu cənubi Florida ovalığında kənd təsərrüfatına və içməli su təchizatına təhlükə yaradıb. Alimlər Rod-Aylenddəki quyuların da duzlu su ilə çirkləndiyini aşkar ediblər. "The Guardian" qəzetinin məlumatına görə, Luiziana sakinləri hətta kran suyunda duzlu bir dad hiss etməyə başlayıblar və 2023-cü ildə Luiziana qubernatoru duzlaşmanın təsirləri səbəbindən federal fövqəladə vəziyyət elan olunmasını tələb edib. Çünki duzlu su, sadəcə, xoşagəlməz bir dad deyil. Tədqiqatlar göstərir ki, duzlu su içən insanlar yüksək təzyiq və sağlamlıq üçün mənfi təsirləri olan digər halların riski altında olurlar.
Delaver Universitetinin (ABŞ) hidrogeoloqu Holli Mayklın sözlərinə görə, vəziyyət iqlim dəyişikliyi ilə daha da ağırlaşır ki, bu da temperaturun artmasına, yağıntının azalmasına və qlobal dəniz səviyyəsinin qalxmasına səbəb olur. ABŞ də daxil olmaqla, bəzi yerlərdə yeraltı suların məişət, kənd təsərrüfatı və sənaye məqsədləri üçün həddindən artıq istifadəsi də duzlu suyun şirin su hövzələrinə daxil olmasına əhəmiyyətli dərəcədə təsir göstərir və onun torpaqlara, çaylara sızmasına səbəb olur.
Bütün bunların qarşısını almaq üçün insanlar duzlu suyun sızmasına müqavimət göstərməyə çalışırlar. Məsələn, Floridada şirin suyu dəniz suyundan ayırmağa kömək etməkdən ötrü xüsusi duz nəzarəti qurğuları quraşdırılıb. Eynilə Vyetnamda ölkənin düyü plantasiyaları olan Mekonq deltasını duzlu suyun sızmasından qorumaq üçün milyonlarla dollara başa gələn şlüz qapıları tikilib. Lakin bu layihələr tez-tez problemlərlə qarşılaşır və həmişə təsirli olmur.
Amma problemin Floridada başqa bir mühəndislik həlli də var: çirkli sular toplanır, təmizlənir və sonra çaya axıdılır. Çin və Niderland da suyun təmizlənməsi və təkrar istifadəsinə oxşar yanaşmadan istifadə edir. Bütün bu həll yollarına baxmayaraq, universal, yəni bütün ərazilərdə işləyən vasitə mövcud deyil. Bunu Şimal-Şərq Universitetinin (ABŞ) iqlim dəyişikliyi üzrə tədqiqatçısı Lizzi Yarina deyir.
İqlim dəyişikliyi sürətləndikcə və əhali artımı şirin su hövzələrinə təzyiq göstərməyə davam etdikcə, duzluluq böhranı daha da pisləşəcək. Aparılan araşdırmaya görə, bu böhran 2100-cü ilə qədər dünyanın sahil xətlərinin təxminən 77 faizini əhatə edəcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"