Azərbaycan xalqının ümummilli lideri, müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi
ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları
ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. XX əsrin
70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz
Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı
dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin
yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini
müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının
həmrəyliyinin ideya əsasını yaratmışdır.
Milli özünüdərk və milli özünəqayıdış dövrü
Zəngin tarixə malik olan xalqımız hər zaman
müstəqil dövlətə sahib olmaq arzusu ilə yaşamış və bu müqəddəs istəyini reallaşdırmaq
üçün böyük mücadilələr aparmışdır. 1920-ci
ildə bolşevik Rusiyasının hərbi-siyasi təcavüzü nəticəsində süquta uğrayan Azərbaycan
Xalq Cümhuriyyəti qısa müddətdə fəaliyyət göstərsə də, milli dövlətçiliyin inkişafı,
milli varlığın və milli şüurun yüksəlişi yolunda mühüm xidmətlər göstərdi. Lakin
fəal işğalçılıq siyasəti yeridən bolşevik imperiyası gələcək varlığının təhlükəsizliyini
təmin etmək məqsədilə milli dövlətçilik məfkurəsinin daşıyıcılarına qarşı qırmızı
terror həyata keçirdi. İmperiyanın mahiyyətinə və xislətinə uyğun olaraq hakimiyyət
sükanı milli məfkurədən uzaq, kosmopolit şəxslərə tapşırılırdı.
Yalnız 1969-cu ildə Heydər Əliyevin respublika
rəhbərliyinə gəlişi ilə Azərbaycan tarixinə, milli soykökə, qan yaddaşına, iqtisadi
inkişafa, milli-mənəvi tərəqqiyə dönüş mərhələsi başlandı. Heydər Əliyev Kremlin
iqtisadi və mədəni asılılıq siyasətindən məharətlə yayınmaqla ittifaq miqyasında
hökm sürən ümumi prinsip və qaydalardan kənara çıxaraq, mümkün imkanlardan həssaslıqla
istifadə edib Azərbaycanı sürətli tərəqqi yoluna yönləndirir, respublikanın zəngin
təbii sərvətlərini, əqli və intellektual potensialını gələcək müstəqil dövlətin
əsaslarının yaradılması naminə səfərbər edirdi.
1960-cı illərin sonunda Azərbaycan iqtisadi
inkişafın ən mühüm göstəricisi sayılan milli gəlirin artımına görə digər sovet respublikaları
sırasında axırıncı yeri tuturdu. Respublikada əsaslı vəsait qoyuluşunun azlığı,
elmi-texniki nailiyyətlərin tətbiqinə diqqət yetirilməməsi, əsas fondların aşınması,
yeni sənaye sahələrinin yaradılmasına yarıtmaz münasibət ölkənin dinamik inkişafına
imkan vermirdi. Sənaye müəssisələrinin 90 faizi ittifaq tabeçiliyində idi. Əsaslı
vəsait qoyuluşu, investisiya və infrastruktur siyasəti, məqsədli proqramların hazırlanması
ölkənin iqtisadi siyasətinin tərkib hissəsi kimi mərkəzdə formalaşdırılırdı. Bu
problemlərin həllində dönüş yaratmaq o qədər də asan deyildi. Bütün bu və digər
ciddi çətinlikllərə baxmayaraq, Heydər Əliyev Azərbaycana yüksək əsaslı vəsait qoyuluşu
strategiyasını həyata keçirməyə müvəffəq oldu. Azərbaycanın 1970-1980-ci illərdə
iqtisadi sahədə əldə etdiyi böyük uğurlar - iqtisadiyyatın yeni sahələrinin yaradılması,
sənaye istehsalının sürətli artımı, yüzlərlə nəhəng sənaye müəssisələrinin işə salınması,
kənd təsərrüfatının dinamik inkişafı özlüyündə siyasi müstəqilliyə xidmət edirdi.
Çünki ölkənin siyasi müstəqilliyini şərtləndirən başlıca amil onun iqtisadi qüdrətidir.
Böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda yüksək iqtisadi,
elmi, intellektual, kadr, energetika, infrastruktur potensialı formalaşdırmaqla
bugünkü müstəqil dövlətçiliyin bünövrəsini yaratdı, onun yaşamasına tarixi şans
verdi. Heydər Əliyevin rəhbərliyi ilə sovet dövründə Azərbaycanda görülən və intibahı
şərtləndirən işlərdən biri də təhsilə xüsusi diqqət yetirilməsi, Azərbaycan dilinə
dövlət dili statusu verilməsi olmuşdur. Hər il minlərlə gəncin Sovet İttifaqının
böyük şəhərlərindəki nüfuzlu ali məktəblərə göndərilərək gələcək müstəqil dövlətin
ixtisaslı kadrlara ehtiyacını ödəmək məqsədilə təhsil almaları təmin edilirdi. Cəmşid
Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə
cəlb olunması, minlərlə zabitin hərb sənətinə dərindən yiyələnməsi ölkəmizin bugünkü
müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verdi. Qəbul olunmuş
qərarlarla respublikanın sənaye əsasında inkişaf etdirilməsi, iri cihazqayırma,
radiotexnika, elektrotexnika, neft maşınqayırma müəssisələrinin yaradılması və təkmilləşdirilməsində
yeni mərhələnin başlanğıcı qoyuldu. Təsadüfi deyildir ki, bu illər Azərbaycanın
quruculuq tarixinə sürətli inkişaf dövrü kimi daxil olmaqla iqtisadi və sosial tərəqqiyə,
struktur islahatlarının xarakterinə, xalqın maddi rifahının keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına görə yeni tariximizin intibah mərhələsi kimi daxil olmuşdur.
Milli
ruh və dövlətçilik məfkurəsi Kreml mühitində
Heydər Əliyev idarəetmə fəlsəfəsinin fonunda
görülən işlər xalqın milli dövlətçilik məfkurəsini daha da inkişaf etdirmişdir.
Bu dahi şəxsiyyət Azərbaycanın inkişaf potensialını sistemləşdirərək milli maraqlarımızı
müdrikliklə reallaşdıra bilmişdir.
1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edilən Heydər Əliyev 5 il bu nəhəng ölkənin rəhbərlərindən
biri kimi dünyada gedən qlobal proseslərin fəal iştirakçısına çevrildi. Bu vəzifəsində
də mövcud imkan və səlahiyyətlərindən maksimum istifadə etməklə Azərbaycanın hərtərəfli
tərəqqisinə çalışan böyük dövlət xadimi mərkəzi büdcənin geniş investisiya imkanlarını
respublikamıza yönəltməklə elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın əsaslı
şəkildə inkişafına tarixi töhfələr verdi. İttifaq miqyasında açıq nəzərə çarpan
tənəzzül və durğunluq fonunda Azərbaycan Heydər Əliyevin sayəsində tərəqqi və intibah
mərhələsini yaşamaqda davam edirdi. Milli ruh, böyük dövlətçilik məfkurəsi, Vətənə
və xalqa bağlılıq Heydər Əliyevi total siyasi və ideoloji məhdudiyyətlər çərşivəsində
belə müstəqil Azərbaycan dövlətçiliyinin zəruri əsaslarının yaradılmasınaruhlandırırdı.
Xilaskarlıq
missiyasından doğan siyasi iradə və cəsarət nümunəsi
1987-ci ildə görkəmli dövlət xadimi Heydər
Əliyev istefaya göndərildikdən sonra erməni separatçıları və imperiya mərkəzi tərəfindən
ortaya atılmış Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünə, vətəndaşlarımızın
konstitusion hüquqlarına qarşı yönəldilmiş təcavüz aksiyası idi. Bu bənzərsiz ədalətsizliyə
qarşı etiraz səsini ucaldan xalqa SSRİ rəhbərliyi vəhşicəsinə divan tutdu. Ayağa
qalxan xalqın iradəsini qırmaq, Mərkəzin qərarlarını qeyd-şərtsiz qəbul etdirmək
üçün 1990-cı il yanvar ayının 20-də sovet ordu hissələri Bakıya yeridilərək qanlı
qırğın törədildi. Heydər Əliyevin Azərbaycandan ayrı salındığı dövr ölkəmizin tarixində
Kremlin ağır repressiyaları, erməni təcavüzü, qanlı müharibə, torpaqlarımızın işğalı,
soydaşlarımızın qətli və deportasiyası, iqtisadi, siyasi və hərbi böhranlarla müşahidə
olundu. Ulu öndərin, görkəmli dövlət xadiminin xalqdan ayrı salınması Azərbaycanın
ölçüyəgəlməz itkilərlə üzləşməsinə səbəb oldu. Heydər Əliyev yaranmış ağır vəziyyəti
görür və hər vəchlə xalqının yanında olmağa, onu məkrli düşmənlərin çirkin planlarından
hifz etməyə çalışırdı.
Ulu öndər 1990-cı ilin iyulunda çox çətinliklə
Azərbaycana qayıda bildi. Lakin Moskvanın müti köləsinə çevrilmiş respublika rəhbərliyi
də, hakimiyyət uğrunda mübarizədə ən çirkin vasitələrdən belə çəkinməyən avantürist
qüvvələrin cəmləşdiyi AXC də Heydər Əliyevin Bakıya qayıdışından əndişələnir, onun
aradan götürülməsi üçün yollar arayırdılar. Yaranmış gərgin durumu düzgün dəyərləndirən
ümummilli lider Naxçıvana getməyə qərar verdi. Beləliklə, Heydər Əliyevin məşəqqətli,
lakin tarixi fəaliyyətinin Naxçıvan dövrü başlandı. Amma onun fəaliyyət coğrafiyası
nəinki Naxçıvanla məhdudlaşır, hətta Azərbaycan
çərçivəsinə belə sığmırdı. Naxçıvanda Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda
mübarizənin ən parlaq səhifələri yazılırdı. Lakin odövrkü hakimiyyət millətin və torpaqlarımızın taleyini düşünmək,
Dağlıq Qarabağda və onun ətrafında, Ermənistanla sərhəd rayonlarda təcavüzə məruz
qalmış kənd və şəhərlərimizi, soydaşlarımızı düşmənin caynağından xilas etmək əvəzinə
Heydər Əliyev kimi dahi şəxsiyyəti susdurmaq, bütün proseslərdən kənarda saxlamaq,
hətta onun fiziki cəhətdən məhvinə çalışırdı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası
Ali Soveti tərəfindən Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə
yeni mərhələnin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında
çox geniş inkişaf perspektivləri açırdı. Bu tarixi hadisə sayəsində Azərbaycan xalqı,
ilk növbədə, öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı. Yeni, qüdrətli
dövlət qurmaq üçün respublikanın müəyyən imkanları mövcud idi. Ölkənin zəngin təbii
sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli coğrafi mövqeyi və
digər amillər Azərbaycanın regionda və dünyada özünün layiqli yerini tutmasını şərtləndirən
vacib faktorlardan idi. Dünyanın aparıcı ölkələrinin regiona, xüsusən də Azərbaycana
olan geostrateji maraqları, onların respublikamızla geniş əlaqə qurmağa can atmaları
müstəqil dövlət quruculuğu prosesinin dinamik şəkildə inkişaf etməsinə əlavə təminatlar
yaradırdı. Ancaq bütün bu üstünlüklərə, potensial imkanlara baxmayaraq, müstəqillik
qazanıldıqdan sonra ilk illərdə başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər
və çətinliklərlə müşayiət olunmağa başladı. Bu çətinliklərin bir qismi Ermənistanın
ölkəmizə ərazi iddiaları irəli sürməsi və hərbi təcavüzə əl ataraq xarici havadarlarının
köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxmışdı. Əslində,
ermənilərin bu işğalçılıq siyasətinin arxasında böyük geostrateji maraqlar dayanırdı.
Məlumdur ki, erməni millətçilərinin əsrlərlə "Böyük Ermənistan” xülyasına uyaraq
Azərbaycan və Türkiyə torpaqlarında erməni dövləti yaratmaq cəhdləri həmişə bölgədə
qanlı toqquşmalara səbəb olmuş və düşmən hər dəfə ciddi müqavimətlə üzləşərək layiqli
cavabını almışdır. İstər XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti illərində
bu cəhdlər mütəmadi xarakter daşımış və məqam düşən kimi erməni separatizmi yenidən
baş qaldırmışdır.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər
ki, görkəmli dövlət xadimi Heydər Əliyev sovet hakimiyyəti dövründə erməni separatizminin
qarşısını qətiyyətlə alırdı.
Həmin dövrdə etnik separatizmin və digər
anti-Azərbaycan planların qarşısını ala biləcək Heydər Əliyev kimi görkəmli şəxsiyyət
bütün proseslərdən təcrid edilmiş, xalq hərəkatının rəhbərliyində səbatsız şəxslərin
təmsil olunması üçün əlverişli şərait yaradılmışdı. Əslində, elə bir mühit formalaşdırılmışdı
ki, siyasi hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanda gedən proseslər
keçmiş imperiyanın maraqlarına cavab verirdi. Müstəqil dövlət quruculuğu prosesinə
ciddi maneə yaradan amillərdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların
Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunmaları ilə bağlı idi. Milli mənafelərimizə
biganə münasibət bəsləyən, dövlətçilik və idarəçilik səriştəsi olmayan, yalnız öz
şəxsi maraqlarını düşünən həmin siyasi qüvvələr müstəqil Azərbaycan dövlətinin inkişaf
perspektivləri haqqında heç bir konkret təsəvvürə və proqrama malik deyildilər.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqının
müstəqil yaşamaq iradəsini qırmağa çalışanlar A.Mütəllibovu hakimiyyətə gətirə bildilər.
Lakin bu şəxs yeni dövrün siyasi lideri tələblərinə cavab vermirdi. Ancaq o, mərkəzin,
yəni Moskvanın əsas göstərişlərinə əməl etməyə canla-başla hazır idi. Çox keçmədi
ki, milli maraqların mahiyyətini belə anlamayan A.Mütəllibov hakimiyyəti birdəfəlik
tərk etmək məcburiyyətində qaldı. Həmin siyasi hakimiyyət Azərbaycan cəmiyyəti üçün
çoxsaylı mürəkkəb problemlər miras qoydu.
Bu dövrdə cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik
və özbaşınalıq siyasi hakimiyyəti ələ keçirmək niyyəti güdən müxtəlif təmayüllü
qüvvələrin dağıdıcı fəaliyyəti üçün münbit şərait yaratdı. Beləliklə, ölkədəki böhrandan
yararlanan Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi. Təsadüfi və idarəetmə
təcrübəsi olmayan şəxslərin müstəqilliyə yenicə qovuşan respublikanın siyasi hakimiyyətində
təmsil olunmaları çox keçmədən özünün ağır fəsadlarını qabarıq şəkildə göstərdi.
AXC- "Müsavat” hakimiyyəti özünün səriştəsizliyi ucbatından yaratdığı sosial-iqtisadi,
siyasi və mənəvi-psixoloji böhranın aradan qaldırılması yollarını axtarıb tapmaq
əvəzinə sağlam təfəkkürə sığmayan əməllərə rəvac verməyə başladı. Cəbhə hakimiyyəti
Azərbaycanda zəngin dövlətçilik təcrübəsinə görə böyük nüfuza malik Heydər Əliyevə
qarşı siyasi təqib yolunu tutdu. Bu diletantlar çox tez bir zamanda öz naşı əməlləri
ilə ağır ictimai-siyasi, iqtisadi və hərbi problemlərin girovuna çevrildilər. AXC-"Müsavat”
rəhbərliyinin təcrübəsizliyi və kobud səhvləri Azərbaycanda müstəqil dövlət quruculuğu
prosesini xeyli ləngitdi və torpaqlarımızı zəbt edən Ermənistana layiqli cavab verilməsini
çətinləşdirdi.
Bu hakimiyyətin səriştəsiz idarəçiliyi nəticəsində
yaranmış sosial-iqtisadi böhran, getdikcə dərinləşən xaos və anarxiya ölkə ictimaiyyətini
ciddi narahat etməyə başladı.
Çətin
durumun nicat ünvanı olan Heydər Əliyevlə yeni, müstəqil, qüdrətli Azərbaycana doğru
Respublikanı belə çətin durumdan yalnız böyük
və zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını sevən müdrik dövlət xadimi
Heydər Əliyevin xilas edə biləcəyini düşünən ziyalılar onun Azərbaycanın siyasi
rəhbərliyinə gəlməsinə nail olmağa çalışırdılar. Əslində, ulu öndər Heydər Əliyevin
Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ilə bağlı getdikcə güclənən çağırışlar
xalqın, cəmiyyətin sosial sifarişi idi. Ölkə vətəndaşları Heydər Əliyevin Azərbaycanın
siyasi rəhbərliyinə qayıdışını əngəlləməyə çalışan və bunun üçün müxtəlif üsullardan
yararlanmaq istəyən respublikanın ovaxtkı yarıtmaz rəhbərlərinin qeyri-demokratik
addımlarına qarşı etiraz səslərini qaldırırdılar. Gündən-günə pisləşən ictimai-siyasi
vəziyyət, vətəndaş itaətsizliyinin, sosial-iqtisadi böhranın dözülməz həddə çatması
xalqın haqlı tələbini daha da gücləndirirdi.
Belə bir vəziyyətdə, yəni ötən əsrin 90-cı
illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk illərində xalqı öz ətrafında
yumruq kimi birləşdirəcək, cəmiyyəti öz arxasınca aparacaq bir liderin və partiyanın
bütün ölkə miqyasında siyasi fəaliyyət arenasına çıxmasına böyük ehtiyac var idi.
Belə bir möhtəşəm siyasi qüvvə xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu
olduğu Yeni Azərbaycan Partiyası oldu. Ulu öndər Heydər Əliyevin xeyir-duası və
rəhbərliyi ilə həyata vəsiqə qazanan YAP yarandığı gündən etibarən ölkəmizin son
onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Xalqımızın müqəddəs
arzularının, sabaha olan ümidlərinin, müstəqilliyinin və azadlığının təminatçısı
kimi yaranan Yeni Azərbaycan Partiyası ötən illər ərzində ümidləri bütünlüklə doğruldub,
sözün əsl mənasında, ümumxalq partiyasına çevrildi.
Zaman XX əsrin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən
biri, müdrik siyasətçi olan Heydər Əlirza oğlu Əliyevin üzərinə daha böyük missiya
qoydu. Yeni Azərbaycan Partiyasının yaranmasından az bir müddət keçəndən sonra ulu öndər 15 iyun 1993-cü ildə xalqın təkidli tələbindən
sonra siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın çağdaş tarixində yeni bir şərəfli
səhifə açdı. Onun qayıdışı partiyanın təsis konfransından keçən qısa müddət ərzində
ölkənin ən böyük siyasi güc mərkəzlərindən birinə çevrilmiş YAP-ı da hakimiyyətə
gətirdi və bu siyasi təşkilat Azərbaycanda dövlət quruculuğu, demokratikləşmə prosesinin
hərəkətverici qüvvəsi kimi çıxış etdi.
1993-cü il iyunun 15-də H.Əliyevin parlamentin
sədri seçilməsi Milli Məclisin nüfuzunu əsaslı şəkildə qaldırmaqla, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, eyni zamanda, parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratdı. Bu vəzifədə cəmi 4 ay işləməsinə baxmayaraq qısa
müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə nümunəvi siyasi mədəniyyət
gətirdi. Həmin müddətdə parlamentin qanunvericilik fəaliyyətinin mühüm istiqamətini
cəmiyyət və dövlət həyatının bütün sahələrində stabilləşmə, qanunçuluğun bərqərar
olması üçün məqsədyönlü şəkildə aparılacaq
köklü islahatların hüquqi konturları müəyyənləşdirdi. Onun rəhbərliyi ilə Milli
Məclisin qəbul etdiyi məcəllələr və bir sıra digər qanunvericilik aktları Azərbaycanın demokratik yolla ardıcıl inkişafı,
respublikamızın hüquqi dövlətə çevrilməsi üçün zəruri olan hüquqi təminatları yaratdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qurtuluşu
üçün atdığı məqsədyönlü addımların real nəticələri isə elə ilk günlərdən özünü göstərməyə
başladı. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu,
anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı, qanunsuz silahlı dəstələr ləğv
edildi, respublikada kriminogen vəziyyət nizamlandı, ictimai-siyasi sabitlik bərqərar
oldu. Bu siyasət Azərbaycanda demokratik cəmiyyətin əsaslarını formalaşdırmaqla
bərabər, insanların gələcəyə olan ümidlərini artırdı, müstəqil dövlətçiliyimizi
möhkəmləndirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü
seçildi. Müdafiə və təhlükəsizlik sahəsində böyük işlər görüldü. Ermənistan atəşkəs
sazişini imzalamağa məcbur oldu.
1993-2003-cü illərdə Heydər Əliyevin gərgin
əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin
əbədiliyi və dönməzliyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu.
Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması,
milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması,
nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini
hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından
qaynaqlanır.
Xalqın
milli iftixarı və qürur mənbəyi
Ulu öndər qəti və aydın şəkildə müəyyənləşdirilmiş
həyat prinsiplərinə və amallarına malik şəxsiyyət idi. O, həyatının bütün mərhələlərində
ali məqsədlərini - mənsub olduğu xalqa və cəmiyyətə sədaqət, vicdanlı və əzmkar
xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç vaxt dönməmişdir. Heydər Əliyev
mənəvi keyfiyyətlərinə, biliyinə, möhkəm iradəsinə, idarəçilik və liderlik qabiliyyətinə
görə fenomenal şəxsiyyət, xarizmatik lider kimi səciyyələndirilir. İşgüzar və mənəvi
keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri
- müdrikliyi, aydın zəkası, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti,
hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünə inam hissini aşılamaq qabiliyyəti
Heydər Əliyevin lider portretini dolğunlaşdıran cizgilərdir. Məhz bu keyfiyyətlər
ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa müddət ərzində milli mənafelərin,
dövlətçiliyin ifadəçisi kimi Azərbaycan xalqının və dövlətinin əleyhinə olan qüvvələrin
qarşısında keçilməz sədd çəkməklə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa
və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə
nail olmağa imkan vermişdir.
Dünya siyasətinin və mədəniyyətinin kamil
bilicisi kimi yüksək intellekti, dərin ensiklopedik
biliyi, analitik düşüncə tərzi ilə hər kəsi heyrətləndirən Heydər Əliyev təkcə Azərbaycan
səviyyəsində deyil, qlobal miqyasda sözünün keçəri olan görkəmli mütəfəkkir və Tanrının
siyasi fəhm kimi nadir keyfiyyətlə mükafatlandırdığı qüdrət sahibi olmuşdur. Qürurvericidir
ki, dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət
nümayəndələri Heydər Əliyevi idarəetmədə səriştəli və təcrübəli dövlət xadimi kimi
yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini etiraf edirlər. Dünyada siyasətlə
məşğul olan insanlar çoxdur, lakin öz xalqının və dövlətinin şəksiz lideri və öndəri
titulunu qazanmaq çox az sayda şəxslərə müyəssər olmuşdur. Bu mənada o, xalqımızın
milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlıdır.
Çağdaş
Azərbaycanın uğurları Heydər Əliyev ideyalarının təntənəsidir
Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində
daşıdığı ən ümdə arzuları -Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi
və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini - memarı və qurucusu olduğu
müstəqil Azərbaycanı etibarlı əllərə əmanət etdi.
Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran,
həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosıal-iqtisadi
və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan
inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında
bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi
Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin,
məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi
tərəqqisinə şərəflə xidmət edir.
Beləliklə, Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı
olaraq onun müstəqil, suveren, azad Azərbaycan dövlətini qurması faktı birmənalı
şəkildə təsdiqlənir. Bu mənada xalqımızın onu müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu sayması üçün tam və tutarlı əsasların olması faktları inkaredilməzdir.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin
ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz
xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi
inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü
layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə
xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür
belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur.
Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın
tükənməz sevgisini qazanmış və bu günlərdə anadan olmasının 96-cı ildönümünü böyük
təntənə ilə qeyd edəcəyimiz ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı,
əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.
Bahar MURADOVA,
Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru