01 Noyabr 2022 02:24
1646
Mədəniyyət
A- A+
Heydər Əliyev Fondunun layihələri əsasında abidələrimiz bərpa edilir

Heydər Əliyev Fondunun layihələri əsasında abidələrimiz bərpa edilir

 

Azərbaycanın tarixi-mədəni abidələrlə, qalalar, məscidlər, məbədlər və s. ilə zəngin ərazilərindən biri də Ermənistan silahlı birləşmələrinin 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsi olmuşdur. 
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "dəmir yumruğ"u və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bölgədə 2020-ci il noyabrın 8-dən erməni işğalına son qoyulub. Görünən odur ki, ərazilərimiz işğal altında olanda burada ermənilər vandalizm və tarixi abidələrimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri məhv edilib. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi qəsdən dağıdılıb. Vandallar 30 illik işğal dövründə məscidlərimizi, ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı dağıdıblar. Tariximizə iddia edə bilmədikləri məqamlarda yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyublar. Xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür vəhşiliyə əl atıblar.
Məlumdur ki, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Bu gün qətiyyətlə demək olar ki, 30 ilə yaxın erməni əsirliyində qalmış Qarabağdakı dini abidələrimiz üçün intibah mərhələsi başlayıb.
Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, eləcə də Heydər Əliyev Fondunun layihələrinə əsasən, aidiyyəti şirkət və qurumlar ötən müddətdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçiriblər, hazırda bu istiqamətdə işlər davam etdirilir. Tikinti, quruculuq və bərpa işləri gündən-günə yeni vüsət alır. 
29 il işğal altında olan və iki il əvvəl düşməndən azad edilən ölkəmizin mədəniyyət beşiyi, "Qafqazın konservatoriyası" hesab edilən Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin olmuşdur. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa düşmən tərəfindən işğal ediləndən sonra şəhərdə tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. İşğalın davam etdiyi 29 il ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən, 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı yaradılıb. İki otaq, bir eyvandan ibarət bu evdə Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Təəssüf ki, 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra bu muzey də ermənilər tərəfindən talan edilmişdir.
Bir il bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin və büstünün açılışı olmuşdur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirakı, habelə musiqi mədəniyyətimizə olan diqqət və qayğısı ictimai rəydə rəğbətlə qarşılanmışdır.
Şuşada bərpa olunan tarixi-mədəni abidələr sırasında Ulu Öndər Heydər Əliyevin qədirbilənliyi və şəxsi təşəbbüsü ilə ucaldılmış görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin məqbərəsinin özəlliyi başqadır. Xatırladaq ki, 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan məzarı ziyarət etmişdir. Ulu Öndər bu məzarın Vaqifə layiq bir görkəmdə yenidən inşa olunması üçün tapşırıqlar vermişdir. Vaqifin məzarı üzərində 1980-1981-ci illərdə abidə və türbə tikilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən 80-ə yaxın eksponat sərgilənmişdir. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə məqbərənin təntənəli açılışı olmuşdur. 
Ulu Öndər Şuşada şairin məqbərəsi ilə yanaşı, Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişdir. Təəssüf ki, bundan 10 il sonra, 1992-ci il mayın 8-də Şuşa erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış və məqbərə erməni vandalları tərəfindən dağıdılmışdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Vaqif türbəsini ziyarət edən Prezident İlham Əliyevin tapşırığı ilə burada təmir-bərpa və yenidənqurma işlərinə başlanılıb. Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Eyni zamanda abidənin dam örtüyü yenidən qurulub. 
Ötən il avqustun 29-da Şuşada görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Bir gün sonra - 2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Vaqifin məqbərəsi işğal edilmiş torpaqlardakı bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalıb, bu gün isə məqbərə tam bərpa edilib və ikinci açılışı olub.
İşğaldan azad edilən ərazilərdə erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksidir. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın "ArtCloud Network International s.c.r.l." şirkəti tərəfindən hazırlanıb. İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanışlıqdan sonra XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.
Bölgədə işğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur ki, qəbul edilmiş layihələrə əsasən, Heydər Əliyev Fondunun rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə məsciddə bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş və görülən işlərlə yaxından tanış olmuşlar. 
Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə işlər keyfiyyətlə davam etdirilir. Məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub və digər işlər görülüb.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir, bərpa və quruculuq işləri sırasında Şuşa şəhərində XIX əsrin sonlarında Qarabağ memarlıq məktəbinə xas olan üslubda inşa edilən binada görülən işlərlə də tanış olublar. İşğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmış üç yaşayış kompleksini özündə birləşdirən bu tikilidə binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. 
Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən də Şuşada Heydər Əliyev Fondunun layihələri əsasında bütün tarixi, mədəni, dini abidələr bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!