31 Mart 2023 03:09
1090
SİYASƏT
A- A+

Heydər Əliyev faktoru: Qüdrətli dövlətçilik, davamlı inkişaf və böyük zəfər

 

Bu il xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd edir. Heydər Əliyev Azərbaycana fərqli dövrlərdə rəhbərliyi zamanı dövlət idarəetməsinin yükünü, ümumilikdə isə dövlətçiliyi "Titan Atlas" kimi öz çiyinlərində saxlayırdı. O, Azərbaycanda haqlı olaraq Ümummilli Lider adlanır, beynəlxalq ictimaiyyət də Ona layiq olduğu dəyəri verir.
Konqresmen H.Lafli Heydər Əliyevi Mərkəzi Asiyanın Corc Vaşinqtonu adlandırırdı, Fransa Prezidenti J.Şirak Heydər Əliyevin böyük uzaqgörənlik, nüfuz, siyasi iradə və təcrübəyə malik Şəxs olduğunu bildirirdi, Prezident C.Buş Onun liderliyinə, cəsarətinə, dünyagörüşünə və natiqliyinə valeh idi, S.Dəmirəl Heydər Əliyevi türk dünyasının qüdrətli lideri, N.Nazarbayev isə Heydər Əliyevi xalqını və Vətənini hər şeydən üstün tutan Böyük Şəxsiyyət adlandırırdı. E.Şevardnadze Heydər Əliyevin Qafqazın azadlıq və müstəqilliyində oynadığı müstəsna rolu daim vurğulayırdı. 
Yaxşı, bəs Heydər Əliyev "Titan" siyasi Olimpin zirvəsinə necə qalxmışdı? Adını tarixə qızıl hərflərlə yazıb, əbədiləşdirməyi necə bacarmışdı? Sualları cavablandırmaq üçün lap əvvələ - Sovet İttifaqının mövcud olduğu mərhələyə tarixi ekskurs etmək vacibdir.
Heydər Əliyev dövrü üçün mükəmməl və unikal təhsil almışdı. Azərbaycan Sənaye Universitetinin Memarlıq fakültəsində dəqiq elmləri mənimsəmiş, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycan və dünya tarixində baş verən hadisələr haqqında əsaslı biliklər əldə etmiş, Leninqradda keçdiyi xüsusi hazırlıqda isə bacarıq və qabiliyyətlərini təkmilləşdirmişdir. Əldə edilən dəqiq elmlər və tarixi proseslər arasında səbəb-nəticə əlaqələrinin mənimsənilməsi, həmçinin xüsusi hazırlıq gələcək liderin formalaşmasında aparıcı rol oynamışdı. Belə bazis və ya müasir dillə ifadə etsək - "background" siyasi prosesləri kəmiyyət və keyfiyyət meyarları üzrə təhlil etmək üçün Heydər Əliyevə zəruri "riyazi aparat" vermişdir.
Əldə etdiyi bilik, bacarıq və qabiliyyətlər Heydər Əliyevin Azərbaycan SSR DTK sədri vəzifəsinə yüksələn ilk azərbaycanlı olmasına və general-mayor rütbəsi əldə etməsinə yardımçı oldu. 1969-cu ildə Heydər Əliyev artıq respublikanın birinci katibi, yəni Azərbaycan SSR-nin lideri idi. O dövrdə Azərbaycan Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri idi. Faşizm-nasizm üzərində qələbə çalan sovet tank və təyyarələrinə benzin verən xalq öz bacarıqsız rəhbərliyi ucbatından yoxsul vəziyyətində yaşayırdı.
Heydər Əliyevin siyasi yanaşması və idarəçilik modeli Azərbaycanın əvvəlki rəhbərlərindən çox fərqli idi. Bu model mövcud problemlərin hərtərəfli təhlili və yaranmış vəziyyətdən mümkün çıxış yollarının işlənib hazırlanmasına xidmət edən elmi yanaşmanı özündə ehtiva edirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikanın ümumi milli gəliri 2,5 dəfə artmış, sənaye istehsalının həcmi isə 14 il ərzində əvvəlki 50 ilin həcminə çatmışdır. Heydər Əliyevin rəhbərliyi ilə 250-dən çox iri zavod, fabrik və digər sənaye obyektləri tikilmişdir. Kənd təsərrüfatı 2,7 dəfə artmışdır. Azərbaycan neft məhsulları, neft avadanlığı, polad borular, sintetik kauçuk, elektrik cihazlar, tikinti materialları, məişət kondisionerləri, avtomobil şinləri və mineral gübrələrin istehsalı sahəsində lider olmuşdur. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.
Heydər Əliyev paytaxt Bakını demək olar ki, yenidən qurmuşdu. XIX əsrin sonu - XX əsrin əvvəllərində çar Rusiyasının şəhəri olaraq Bakıya süni şəkildə xristian xalqları məskunlaşdırılmışdı. Bu xalqlar içərisində ermənilər say baxımından daha çox idi. Bu məkrli siyasət mərkəzin hakimiyyətini möhkəmləndirmək üçün sovet hökuməti tərəfindən də davam etdirildi və Bakının demoqrafik tərkibi hissolunan dəyişikliyə uğradı.
Ermənilərin separatizmə meyilli olduğunu və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini yaxşı bilən Heydər Əliyev azərbaycanlıların regionlardan paytaxta köçürülmə siyasətini həyata keçirdi. Onun uzaqgörənliyi olmasaydı, Bakı bəlkə də erməni separatizminin ən qaynar nöqtələrindən birinə çevrilərdi.
O zaman Azərbaycan üçün ciddi problem milli kadr çatışmazlığı idi. Bu problemi həll etmək üçün Heydər Əliyev hər il minlərlə azərbaycanlını SSRİ-nin ən yaxşı və nüfuzlu universitetlərində təhsil almağa göndərirdi. Azərbaycanlı tələbələr zəruri bilik və bacarıqlara yiyələnməklə yanaşı, vacib şəxsi əlaqələr də qururdular. Bu azərbaycanlı tələbələrin əksəriyyəti sonradan Heydər Əliyevin ətrafında formalaşan Azərbaycan elitasının tərkib hissəsi oldu. Heydər Əliyevə qədər azərbaycanlıları zabit korpusuna qəbul etməməyə çalışırdılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadrların hazırlanmasına hesablanmış uzaqgörən addım idi.
Heydər Əliyevin xarizma və şəxsi keyfiyyətlərinə də layiqli qiymət vermək lazımdır. Sov.İKP MK-nın birinci katibi L.Brejnev ilə yaxın dostluq münasibətləri Azərbaycanı mərkəzdən əsas maliyyə yardımı alan ölkəyə çevirdi. Mərkəzdən gələn vəsaitlər Azərbaycan xalqının sosial və iqtisadi vəziyyətini hissolunan dərəcədə yaxşılaşdırdı.
Heydər Əliyevin dövründə heç kim Qarabağ kartından istifadə etməyə cürət etmirdi. Heydər Əliyev məsələ ilə bağlı xatirələrini belə bölüşmüşdü: "İşlədiyim dövrdə Dağlıq Qarabağda vəziyyət sabit idi, DQMV-nin sakinlərindən KP MK-ya Azərbaycanın tərkibindən çıxmaq barəsində heç bir yazı və ya şifahi müraciət daxil olmamışdı. Heç vaxt. Nə respublikadaxili, nə də respublikalararası konfliktlər baş verməyib. Bir dənə də olsun, belə hal mənə məlum deyil". 
Heydər Əliyevin iti zehni, sarsılmaz iradəsi və xarizması Sov.İKP MK-nın ali rəhbərliyinin bir çox nümayəndəsi arasında böyük paxıllıq və qısqanclıq yaratdı. Heydər Əliyevin səhhətinə görə fəaliyyətini davam etdirə bilməyəcəyini yalandan bəhanə edən bədxah ünsürlər Heydər Əliyevi rəhbər vəzifədən uzaqlaşdırmağa çalışırdılar. Heydər Əliyevin hakimiyyətdən getməsi SSRİ-nin dağılması və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsinin başlaması ilə başa çatan dağıdıcı proseslərin zəncirvari reaksiyasına səbəb oldu.
Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatı acınacaqlı vəziyyətdə idi. Zəif idarəetmə, kompleks və elmi yanaşmanın, lazımi konseptual və ideoloji bazanın olmaması dövlət gəlirlərinin aşağı düşməsinə, yüksək inflyasiyaya və əhalinin yoxsul vəziyyətində yaşamasına səbəb oldu. Zəif mərkəzi hakimiyyətin mövcudluğundan istifadə edən ermənilər Qarabağda separatçı fəaliyyətlərini gücləndirdilər. Bu vəziyyətdən bədxah ünsürlər istifadə edib, ölkəmizin müxtəlif bölgələrində separatçı ocaqlar yaratmağa cəhd etdilər. 
Azərbaycana belə şəraitdə yeni lider, xilaskar, bu ağır yükü çiyinlərinə almağa hazır olan "Titan" lazım idi. Bu yeni lider vaxtında özünü Azərbaycana yetirən Heydər Əliyev oldu. Əgər Heydər Əliyev bir neçə ay geciksəydi, müstəqil Azərbaycanın varlığı sual altında qalardı.
Hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev yeni iqtisadi siyasət elan etdi. Prezidentliyindən bir il əvvəl F.Fukuyamanın "Tarixin sonu və sonuncu insan" kitabı işıq üzü görmüşdü. Qərb sosializm üzərində qələbəni qeyd edirdi, qalan dünya isə kapitalizmi iqtisadi inkişafın yeganə uğurlu modeli kimi nəzərdən keçirirdi. Amma Heydər Əliyev hər iki sistemin müsbət və mənfi tərəflərini yaxşı bilirdi. Heydər Əliyev öz təcrübəsinə və dərin biliyinə əsaslanaraq müxtəlif sistemlərin üstünlüklərini bir növ sintez, konvergensiya etdi. Yeni yanaşma sonradan Azərbaycan Respublikası Konstitusiyasına 15-ci maddə ilə daxil edildi: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
Fiat pulların emissiyasının dayandırılması pul təklifini azaltdı, manatın yeganə qanuni ödəniş vasitəsi kimi elan edilməsi isə milli valyutaya tələbatı artırdı. Bu, artan inflyasiyanın qarşısını aldı və ölkə daxilində iqtisadi əlaqələrin bərpasına kömək etdi.
Xarici investisiyaları cəlb etmək üçün "Əsrin müqaviləsi" imzalandı. Əsrin müqaviləsi ölkənin həm iqtisadi, həm də siyasi təhlükəsizliyinin təməl daşına çevrildi. Burada Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın II Qarabağ müharibəsinin yekunları ilə bağlı verdiyi müsahibəni xatırlatmaq yerinə düşərdi. Müsahibədə L.Ter-Petrosyan Heydər Əliyevin Lissabon sammitində onu necə qabaqlamasından danışırdı. Ter-Petrosyanın sözlərinə görə, Azərbaycana sərmayə qoyan Texas neft lobbisi Klinton administrasiyasına, onlar isə öz növbəsində ATƏT-in üzv ölkələrinə təsir edərək Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olması haqqında prinsipin qəbul edilməsinə nail olmuşdular. Bu prinsip həm də ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə bölgəsinə səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.
Digər vacib müsahibə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana məxsusdur. II Qarabağ müharibəsindən sonra Paşinyana "İsgəndər" raketlərindən Bakıdakı neftayırma zavodlarına və ya boru kəmərlərinə qarşı niyə istifadə etməməsi haqqında sual verildikdə, o, bunun Qərbin Azərbaycana yatırdığı sərmayələrlə bağlı olduğunu bildirmişdi.
Heydər Əliyev əsl strateq idi. O, böyük məkanlar və onilliklər kontekstində düşünürdü. SSRİ-nin dağılması ikiqütblü dünyanı birqütblü dünyaya çevirdi. Heydər Əliyev regionun xüsusiyyətlərini və qonşu dövlətlərin əhəmiyyətini düzgün dərk etdiyinə görə Azərbaycanı balanslaşdırma siyasəti arxasınca aparıb, ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirdi. Postsovet məkanının digər liderlərinin heç də hamısı bu qədər uzaqgörən olmadı. Bəziləri Qərblə inteqrasiya yolunu seçərək Rusiya ilə münasibətlərini pisləşdirdi, digərləri əksinə, Rusiyanın təsir dairəsindən çıxa bilmədilər.
Heydər Əliyevin xarici siyasət vektoru Qərb və Şimalla məhdudlaşmırdı. Ümummilli Lider xarici siyasətdə Şərqə də layiqli yer ayırırdı. Heydər Əliyev Çinlə "Böyük İpək yolu" layihəsi sayəsində münasibətləri yaxşılaşdırmağa çalışdı. Qeyd edək ki, 2005-ci ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi yüzillik perspektivə hesablanmış iri dövlətlərin milli güclərinin hərtərəfli müqayisəli təhlilini aparmışdı. Hesablamalar göstərdi ki, 2005-ci ildə beynəlxalq münasibətlərdə ən güclü iki aktor ABŞ və Avropa İttifaqıdır. Bununla belə, hesablamalar həm də XXI əsrin sonlarında Avro-Atlantik blokun güc və təsirinin enməsinin, Çin və Hindistanın isə əksinə, yüksəlişinin qaçılmaz olduğunu göstərdi. Sadə dillə desək, Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamaları vurğulayırdı ki, 2099-cu ilə qədər Çin və Hindistan dünyanın ən güclü iki dövlətinə çevriləcək. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin 2005-ci ildə aşkar etdiklərini Heydər Əliyev artıq XX əsrin sonunda təxmin etmişdir.
Heydər Əliyev Azərbaycanın geosiyasi əhəmiyyətini də müdrikcəsinə dərk edirdi. Prezidentliyinin beşinci ilində Z.Bjezinskinin "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri" kitabı nəşr olundu. Kitabda prezident Karterin keçmiş müşaviri Azərbaycanın geosiyasi əhəmiyyətini belə əsaslandırırdı: "Azərbaycan Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiyanın zəngin sərvətlərini özündə daşıyan bardağın qapağıdır. Azərbaycan Moskvanın təsirinə təmamilə tabe olsa, Mərkəzi Asiya dövlətlərinin müstəqilliyi praktiki cəhətdən mənasız olacaqdır. Əgər bu dövlətin müstəqilliyi ləğv olunarsa, Azərbaycanın da əhəmiyyətli neft sərvətləri Rusiyanın nəzarətinə tabe ola bilər. Qərb bazarları ilə Rusiyanın nəzarətində olan ərazilərdən keçməyən neft kəmərləri ilə bağlanan müstəqil Azərbaycan həm də inkişaf etmiş və enerji istehlak edən iqtisadiyyatların enerji ilə zəngin Mərkəzi Asiya respublikalarına çıxışı üçün əsas magistral yoluna çevrilir".
Karfagen sərkərdəsi Maharbal deyirdi ki, "Hannibal qələbəni necə əldə etmək lazım olduğunu bilirdi, amma qələbədən necə istifadə etmək lazım olduğunu bilmirdi". Xoşbəxtlikdən Heydər Əliyev Azərbaycanın əhəmiyyətini nəinki dərk edirdi, həm də ondan necə istifadə etmək lazım olduğunu da bilirdi. Avropa İttifaqının Mərkəzi Asiyanın 5 və Qafqazın 3 respublikasının nəqliyyat və ticarət nazirlərinin iştirakı ilə Brüsseldə təşkil etdiyi konfransda İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramı qəbul edildi. 1996-cı ilin mayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçılarının iştirakı ilə tranzit yük daşımalarının tənzimlənməsi və dəmir yolu nəqliyyatının əlaqələndirilməsi haqqında saziş imzalandı. Sazişdə hüquqi və tarif bazası, tranzit daşımalarının maksimum asanlaşdırılmasının təmin edilməsi, tariflərin 50 faiz aşağı salınması, eləcə də yüklərin maneəsiz keçirilməsi kimi məsələlər öz əksini tapdı. 
TRASEKA proqramının layihələrinin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Küveyt İqtisadi İnkişaf Fondu, İslam İnkişaf Bankı, Dünya Bankı və digər maliyyə institutları 255 milyon ABŞ dolları məbləğində kreditlər ayırdı. 1993-2002-ci illər arasında TRASEKA proqramı çərçivəsində 53 layihə hazırlanmışdır. 
Heydər Əliyevin hakimiyyəti illərində erməni diasporunun Rusiya, Fransa və ABŞ-də böyük təsiri var idi. Nəzərə alsaq ki, sadalanan ölkələrin hamısı həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idi, problemin ciddiliyi göz qabağında olurdu. Heydər Əliyev dünya azərbaycanlılarını konsolidasiya etmək üçün yumşaq gücdən məharətlə istifadə edirdi. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəfər Cabbarlı və digər görkəmli şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində təşkili milli kimliyin köklənməsinə və Azərbaycan xalqının özünüdərkinə xidmət etmişdir.
Dövlət quruculuğunda əldə etdiyi uğurlar, şəxsi xarizma və geniş dünyagörüşü Heydər Əliyevi təkcə Azərbaycan Respublikası əhalisinin deyil, həmçinin dünyada yaşayan bütün 50 milyonluq Azərbaycan xalqının Ümummilli Liderinə çevirdi.
Heydər Əliyev həm də Azərbaycanı şanlı qələbəyə aparan diplomatik strategiyanın banisidir. İşğal faktını legitimləşdirmək üçün Ermənistan 30 il ərzində dünyada Qarabağ ermənilərinin guya Azərbaycanın tərkibində olduqları vaxtlarda ağır şəraitdə yaşadığını təbliğ edirdi. Amma zəka fakt qarşısında acizdir! 
Beləliklə, erməni narrativləri Heydər Əliyevin irəli sürdüyü arqumentlər qarşısında süqut edirdi. Heydər Əliyevin sayəsində dünya bildi ki, Qarabağın sosial-iqtisadi göstəriciləri Azərbaycan və Ermənistandakı orta göstəricidən daha yüksək olub: Qarabağın mərkəzinə dəmir yolu çəkilmiş, Xankəndidə isə dəmir yolu stansiyası tikilmişdi, yeni hava limanı inşa olunmuş və Xankəndi, Bakı və İrəvan arasında müntəzəm uçuşlar təşkil edilmişdi, ayaqqabı fabriki, elektrotexnika zavodu, elektron sənayesi üçün zavod, kənd təsərrüfatı üçün maşınqayırma zavodu və başqa iri müəssisələr yaradılmışdı, kənd təsərrüfatı sahəsində çox iş görülmüşdür, elektrik stansiyası və suvarma kanalları ilə iki böyük su anbarı tikilmişdir, heyvandarlıq məhsulları isə demək olar ki, iki dəfə artmışdır. Xankəndidə pedaqoji institut açılmışdı və burada dərslər üç dildə (Azərbaycan, erməni və rus dillərində) aparılırdı. Qarabağın hər yerində yaşayış binaları, məktəblər, klinikalar, teatrlar, muzeylər tikilmişdi. 
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Qələbəni bizə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bəxş etdi. Amma bu qələbənin təməli də Heydər Əliyevin müdrik hərbi strategiyası ilə qoyulmuşdur. Prezident İlham Əliyev böyük uzaqgörənlik və dahi intellekti ilə, həm də yüksək hərbi strateji qabiliyyəti ilə "Dəmir yumruq" hərbi əməliyyatını uğurla həyata keçirib, tariximizin ən böyük hərbi qələbəsinin müəllifinə çevrildi. Bu zəfəri əldə etmək Ulu Öndərin möhtərəm Prezidentimizə ata vəsiyyəti idi. İndi Şuşada dalğalanan bayraq Heydər Əliyevin xatirəsinə xalqımızın böyük ehtiramının və ona sədaqətinin simvoludur. 
Vətən müharibəsində qazanılan tarixi zəfərin nəticələri kontekstində Azərbaycan Qafqazda və əslində, daha geniş siyasi arealda yeni reallıqları diktə edir. Bu reallıqlar bölgədə ardıcıl sülhün və inkişafın əsas təminatçısıdır. Qafqazın yüksəlişinin, ümumilikdə Avrasiya məkanının təhlükəsizliyinin və tərəqqisinin etibarlı davamlılığında İlham Əliyev faktoru və onun siyasəti önəmli rol oynayır.
Heydər Əliyevin dövlətçilik yolu necə ki Prezident İlham Əliyev tərəfindən qələbələr və nailiyyətlərlə həyata keçirilir, onun şərəfli ideoloji, mənəvi irsi də hörmətli Mehriban xanım Əliyevanın böyük töhfələri ilə icra olunur. Azərbaycanın Birinci vitse-prezidenti həm də Heydər Əliyev Fondunun rəhbəri kimi cəmiyyətdə və xaricdə Ulu Öndərin humanizm, mərhəmət, qayğı dəyərlərini təbliğ etdirir, bu kursu böyük məsuliyyətlə davam etdirir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işlərində fondun xüsusi fəallıq göstərməsi Mehriban xanım Əliyevanın yüksək vətənpərvərliyinin və milli duyğularının göstəricisi olmaqla yanaşı, həm də azad olunmuş bölgələrdə Ulu Öndərin adı ilə bağlı olan yeni əsərlərin yaradılmasına xidmət edir.
Bu gün həyata keiçrilən siyasət Azərbaycan dövlətinin strateji inkişaf hədəflərinin tam reallaşacağına etibarlı zəmin formalaşdırır. Cənab Prezidentin qətiyyətli, prinsipial siyasəti onun özünün və dövlətimizin qlobal nüfuzunu təmin etməklə bərabər, həm də Ulu Öndərin dövlətçilik konsepsiyasının alternativsizliyini sübut edir. 
İlham Əliyev də Heydər Əliyevə bənzər qüdrətli "Titan"dır. Azərbaycan dövlətçiliyi, milli müstəqilliyimiz, xalqımızın rifahı, zəfərin davamlılığı birmənalı olaraq cənab Prezidentin çiyinləri üzərindədir. 
İlham Əliyev Ümummilli Liderin Azərbaycan xalqına bəxşişidir. Onun bacarıqlı rəhbərliyi sayəsində biz Ümummilli Liderin ruhunu daim şad etməyə və onun müdrik siyasətindən bəhrələnməyə davam edirik.

Eldar ƏZİZOV,
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video