24 Oktyabr 2014 12:10
1366
İQTİSADİYYAT
A- A+
Heydər ƏLİYEV: «Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir»

Heydər ƏLİYEV: «Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir»

 

Bu il Bakı metropoliteni fəaliyyətə başlamasının 47-ci ildönümünü qeyd edir. Təqvimin bu günü 9 ildir ki, müasir tariximizdə metropoliten işçilərinin peşə bayramı kimi yer alıb.

Yaxın Şərqin ilk, SSRİ-nin 5-ci metropoliteni olan Bakı metropoliteni ilk dəfə qapılarını sərnişinlərin üzünə 1967-ci ilin 6 noyabrında açıb. Bütünlükdə  Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu əlamətdar hadisənin tarixi daha uzaq illərə gedib çıxa bilərdi. Xatırladaq ki, keçmiş Sovetlər ölkəsində ilk elektrikləşdirilmiş dəmiryol xətti 1926-cı ildə istifadəyə verilən Bakı-Sabunçu xətti olub. Otuzuncu illərin əvvəllərində isə neft Bakısında yeraltı elektrik dəmir yolu yaratmaq fikri araya gəlib. 1932-ci ildə Moskva metropoliteni ilə bərabər Bakı metropoliteninin də layihələndirilməsini nəzərdə tutan sənədlər bunu təsdiq edir.

Bu fikrin reallaşdırılması İkinci Dünya müharibəsindən sonra mümkün oldu. 1948-ci ildə "Metrolayihə" Ümumittifaq Layihə-Axtarış İnstitutu SSRİ Nazirlər Sovetinin 4 dekabr 1947-ci il tarixli qərarına müvafiq surətdə Bakıda inşa ediləcək yeraltı xətlərin layihə işlərini başa çatdırdı. İki il sonra isə qazma işləri başlandı. Amma bu işlər davamlı olmadı, 1953-cü ildə mərkəzi hökumət tikintini dondurmaq barədə qərar qəbul etdi. Bunun səbəbləri barədə əlimizdə elə bir məlumat olmasa da, yürüdülən mülahizələr reallıqdan uzaq görünmür. Həmin illərdə böyük SSRİ ərazisində metrosu olan bir şəhər vardı, o da paytaxt Moskva idi. İkinciliyi yaxın vaxtlarda istifadəyə veriləcək Leninqrad (indi Sankt-Peterburq) metrosu əldə edəcəkdi. Bakıda yeraltı inşaat işlərinin davam etməsi isə o demək idi ki, SSRİ-nin 3-cü metrosu Bakıda işə düşməli idi. İ.Stalinin ölümündən sonra SSRİ-yə rəhbərlik edən N.Xruşşovun vətəni Ukraynanın paytaxtı Kiyevdə metronun olmaması Bakıda tikintinin dayandırılması qərarının səbəbləri barədə gümanların yaranmasına əsas verir.

Nəhayət, 1961-ci ildə N.Xruşşovun Bakıya səfəri zamanı ondan şəhərin yeraltı nəqliyyatında tikinti işlərinin davam etdirilməsi üçün razılıq almaq mümkün olur.

1967-ci ilin 6 noyabrı isə Bakı tarixində, onun sakinlərinin yaddaşında həmişə yaşayacaq və xoş xatirələrlə anılacaq. Həmin gün "Bakı Soveti" (indiki "İçərişəhər") stansiyasından ilk qatar uzunluğu cəmi 9.56 km olan xətt üzrə hərəkətə başladı. Bu xətt üzərində o vaxt "Bakı Soveti"ndən başqa daha 4 stansiya yerləşirdi - "26 Bakı komissarı" ("Sahil"), "28 Aprel" ("28 May"), "Gənclik" və "Nəriman Nərimanov".

Ötən əsrin 60-cı illərində SSRİ tərkibində olan müttəfiq respublika kimi Azərbaycan iqtisadi və sosial inkişaf sahəsində 15 respublika arasında sonuncu yerlərdən birini tuturdu. Respublikanın idarə olunmasında yaranmış böhran rəhbərlikdə kadr dəyişikliyinin zəruriliyindən xəbər verirdi.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyul ayından başlayan respublikaya rəhbərlik dövrünün ilk illərindən Azərbaycanda böyük iqtisadi, sosial inkişafın təməli qoyuldu. Respublika cəmi bir neçə il ərzində sənayedə, kənd təsərrüfatında, sosial quruculuq sahəsində, yeni infrastruktur layihələrin reallaşdırılması üzrə planların yerinə yetirilməsində böyük uğurlar əldə etdi. 1970-1980-ci illərdə respublikamız Sov.İKP MK-nın, SSRİ Nazirlər Soveti və Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının keçici bayraqlarına layiq görüldü, paytaxt Bakı isə 2 dəfə Lenin ordeni ilə təltif edildi. 

Ümumiyyətlə, ötən əsrin 70-80-ci, eləcə də müstəqillik dövrünün ilk illərində Azərbaycanda iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin adı ilə bağlı olmasın. Tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələr məhz ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bakıda metro tikintisinin sürətlə inkişaf etdiyi ilk dövrlərdən başlayaraq, həyatının son anlarına qədər yeraltı yolların inkişafı və istismarı onun nəzarəti altında olub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə o, metro tikintisində baş verən bütün prosesləri dərindən izləyirdi. Sonradan respublikaya rəhbərlik etdiyi ilk dövrlərdə Bakı metrosu ulu öndərin diqqət və qayğısının nəticəsi olaraq sürətlə inkişaf etməkdə idi.

Heydər Əliyevin respublikanın rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya "Ulduz" oldu. 1970-ci il aprelin 17-də stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra ulu öndər metronun 7-ci stansiyasının qırmızı lentini kəsdi.

Tikinti sahəsində işlər görünməmiş vüsət aldı. Bakının yeraltı yolları o vaxt Montin qəsəbəsi (Nərimanov rayonu ərazisi) adlanan ərazidən 8-ci Kilometr qəsəbəsinə doğru uzadılırdı. 1972-ci il noyabrın 6-da Bakı metropoliteni özünün 5 yaşını qeyd etdiyi gün metro inşaatçıları bakılılara daha 3 stansiya hədiyyə etdilər. "Məşədi Əzizbəyov" ("Koroğlu"), "Avrora" ("Qara Qarayev"), "Neftçilər" stansiyalarının açılışı günü münasibətilə keçirilən mitinqdə "Bakımetrotuneltikinti" idarəsinin rəisi Ə.Əbdürrəhimov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə tikintinin başa çatması barədə məlumat verdikdən sonra respublika başçısı "Neftçilər" stansiyasının girişi qarşısına çəkilmiş qırmızı lenti kəsdi.

Ulu öndərin qayğı və diqqəti sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edirdi. 1976-cı ildə "Nizami", 1979-cu ildə "Bakmil" stansiyaları onun xeyir-duası ilə işə başladı. 1982-ci ildə Heydər Əliyevin Moskvada yüksək dövlət vəzifəsinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Bakıda metro tikintisi onun diqqət və qayğısından kənarda qalmayıb. Heydər Əliyev xatirələrində bu barədə belə deyirdi: "Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm".

Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına göstərdiyi qayğı öz əksini 1985-ci ildə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə "Xalqlar dostluğu" və "Əhmədli", 1993-cü ildə "Cəfər Cabbarlı" stansiyalarının istismara verilməsində tapdı. 2002-ci ildə "Həzi Aslanov" stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 km-ə çatdı ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilmişdir.

Moskvada yüksək vəzifədə çalışdığı dövrdə Bakı metropoliteninin tikintisi ilə bağlı problemlərin həlli üçün gördüyü tədbirləri ulu öndər belə xatırlayırdı:   "Metronun tunellərində istifadə olunan çuqun tübinqlərin və başqa ləvazimatın istehsalını istənilən səviyyədə təşkil etmək mümkün deyildi. Çünki zavodlar buna hazır deyildi. Mənim xatirimdədir, Moskvada Nəqliyyat Tikintisi Nazirliyinin kollegiyalarında biz bu məsələni bir neçə dəfə müzakirə etmişdik. Göndərilən tübinqlər Bakı üçün kifayət etmirdi. Mən orada öz imkanlarımdan istifadə edərək, təbiidir ki, Bakının bütün tələbatını artıqlaması ilə ödəyirdim. Çünki Bakıda işləməsəydim də, mənim qəlbim, ürəyim burada idi. Ona görə də mənim orada işləməyim və bilavasitə bu sahə ilə məşğul olmağım o illərdə, ondan sonrakı illərdə metro inşaatının çox sürətlə keçməsinə çox kömək etdi, çox böyük amil oldu".

Dövlət müstəqilliyimizin ilk illərində metronun yaşadığı böhrandan yaxa qurtarmasında Heydər Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Metronun maddi-texniki bazasının möhkəmləndirilməsi, vaqon parkının yeniləşməsi ulu öndərin Moskvada işlədiyi illərdə qazandığı nüfuz və hörmətinin nəticəsi idi. Moskva vilayətinin Mıtişşi "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı metropoliteninə  o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı oldu. Bundan əlavə, Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarına haqqı ödənilmədən saysız-hesabsız ehtiyat hissələri göndərdilər. Heydər Əliyev bu nüfuzu Moskvada işlədiyi illərdə ölkə qarşısında göstərdiyi misilsiz xidmətləri ilə qazanmışdı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən qəbul etdiyi qərarlar SSRİ-nin, sonrakı illərdə Rusiya şəhərlərində metro tikintisinə, dəmir yolları şəbəkəsinin   genişləndirilməsinə, vaqonqayırma sənayesinin inkişafına böyük təkan vermişdi. 2002-ci ildə Heydər Əliyev sarayında keçirilən Bakı metropoliteninin 35 illik yubiley mərasimində çıxış edən "Metrovaqonmaş" SC-nin direktoru Yuri Soldatov qeyd etmişdir ki, Heydər Əliyev təkcə Bakı metropoliteninə deyil, bizim ölkəmizdə də metro tikintisinə, vaqonqayırma sahəsinin inkişafına misilsiz töhfə vermişdir. Mıtişşi zavodunun yenidən qurulmasında, istehsalat sahələrinin genişlənməsində Heydər Əliyevin əməyini qeyd edən Y.Soldatov dediklərinə sübut üçün mərasim iştirakçılarına SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin yanında 1983-cü il dekabrın 23-də keçirilmiş iclasın prtokolunu təqdim etmişdir. 16 bənddən ibarət sənədin 15 bəndi vaqon istehsalının artırılması, onların texniki səviyyəsinin yüksəldilməsi, bu sahədə çalışan elmi-tədqiqat institutlarında yeni vaqon layihələrinin hazırlanması barədə göstərişlər idi.

Heydər Əliyev Bakı metropolitenini milli sərvət adlandırırdı: "Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir".

Heydər Əliyevin prezidentliyi dövründə Bakı metropolitenində yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi, hərəkəti idarəetmənin avtomatlaşdırılması, kompüterləşdirilməsi, təmir-tikinti işlərindəki sürət gündən-günə artmağa başladı. Hərəkətin və sərnişinlərin təhlükəsizliyinin, asayişinin təmin olunması məqsədilə bütün stansiyalarda videomüşahidə quraşdırıldı. Kameralar gün ərzində sərnişin axınına nəzarət edir, stansiyaların giriş qapılarından daxil olan hər bir sərnişini lentə alır.  Maşinist kabinəsində quraşdırılmış kameralar vasitəsilə vaqon salonlarını müşahidə etmək sistemi hələ 2002-ci ildə sınaqdan çıxarılmışdı. Həmin vaxtlar dərin özüllü stansiyalarda eskalator sürahilərinin sürətinə nəzarət cihazları quraşdırılmışdı. Bütün stansiyaların eskalatorları, ventilyatorları, santexnika qurğuları vahid mərkəzdən idarə olunurdu.

Ulu öndər Heydər Əliyev Bakı metropoliteni stansiyalarının memarlıq tərtibatının həllinə də çox böyük önəm verirdi: "Metronun hər bir stansiyası funksional vəzifəsini yerinə yetirməklə yanaşı, öz tərtibatı baxımından Azərbaycanın milli memarlıq sənətinin gözəl bir nümunəsidir. Azərbaycan xalqının tarixinə, onun sənət incilərinə müraciət edən memarlar müxtəlif tikinti materiallarından, müasir texnologiyalardan, habelə şəbəkə, miniatür kimi milli ornament elementlərindən istifadə edərək, yaraşıqlı zalların yaradılmasına nail olmuşlar".

Stansiyaların memarlıq tərtibatı ulu öndərin nəzarəti altında, tövsiyələri əsasında işlənib. Öz nitqlərinin birində Heydər Əliyev özü bu barədə demişdi: "Deyə bilərəm ki, 1967-ci ildən sonra tikilən metro stansiyalarının hamısının layihəsinə baxır, öz mülahizələrimizi bildirir, tövsiyələrimizi verirdik. Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq".

Burada "Nizami" stansiyasını xüsusi olaraq qeyd etmək lazımdır. Gözəlliyi ilə fərqlənən bu stansiyanın memarı Mikayıl Hüseynovla bərabər ulu öndər Heydər Əliyev olub.

Heydər Əliyev Bakı metrosunun gələcəyini daim düşünürdü, onun inkişafı, insanların daha rahat hərəkətinin təmin olunması üçün yeraltı yollarımızın geniş surətdə şaxələnməsini arzulayırdı.

Ulu öndər deyirdi: "Biz metro inşaatını davam etdirməliyik... Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər".

Bu gün "Bakı metropoliteni" QSC-nin çoxminli kollektivi, istismarçılar, inşaatçılar ulu öndərin bu arzularını həyata keçirmək üçün böyük əzmlə, yaradıcılıq şövqü ilə çalışırlar. Kollektiv ulu öndər Heydər Əliyevin arzuları və qiymətli tövsiyələrinə uyğun işlənib hazırlanmış 20 illik inkişaf planının həyata keçirlməsinə nail olacağına  inanır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!