Siyasət kinossenari yazmaq deyil
Haylı-küylü çayxana söhbətlərini, qeyzli və qərəzli mübahisələri, səngiməyən çəkişmələri böyük siyasətlə qarışdıranlar yeni xülyalara düşüblər. Guya "Oktyabr inqilabı"na hazırlaşırlar. Əsas dəstəyi isə Rusiya və Amerikadan gözləyirlər. Ona görə də "Milli Şura"ya sədr seçdikləri Rüstəm İbrahimbəyovu o yerlərin səyyahına çeviriblər.
Doğrudur, qoca kinodramaturqun ailəsi onun siyasətə pul xərcləməsinə ciddi qadağalar qoyub. Amma vəzifə, şöhrət, karyera hərisliyi qocanı niyyətindən çəkindirmir, hətta öz evini müxalifətin qərargahına çevirməyə təşəbbüs göstərib. Bütün bunlar məsələnin bir tərəfidir. Acınacaqlısı isə odur ki, əbədi məğlublar öz liderlərinin yolunu səbirsizliklə gözləsələr də, hələ ki Rüstəm İbrahimbəyovun özü yox, mesajları gəlir. Guya iyulun 30-da Bakıya dönəcək, avqustun 2-də isə ölkəmizdə keçiriləcək Milli Kino günündə iştirak edəcək. O biri tərəfdən "Olaylar" agentliyi informasiya yayıb ki, Kinemotoqrafiya İttifaqındakı ciddi maliyyə pozuntularına görə Rüstəm İbrahimbəyov qanun qarşısında cavab verməlidir! Hələ Rusiya ilə vətəndaşlıq haqq-hesabını üzməyən kinorejissor, deyəsən, siyasətə də kino ssenarisi kimi baxır. Amma yaşının bu çağında ciddi səhv edir! Ona görə ki, siyasi ssenarilərdə rolları gülməli aktyorlar oynamır. Burada baş qəhrəman xalqdır, gərək onun obrazını yaradasan və ona xidmət edəsən! Beş-on nəfərin naşı "yest"lərinə hesablanan nimdaş ideologiyanın sonu məğlubiyyətdən başqa bir şey deyil! Nə qədər acınacaqlı olsa da, müxaliflər özləri də etiraf edirlər ki, Rusiya bizdən üz döndərsə, 20 illik siyasi gedişlərimiz başa çatacaq. Hətta onu da etiraf edirlər ki, onillərlə ətəyindən yapışdığımız liderlər də sıradan çıxacaq. Əslində, kiçik çayxana masalarının yuxarı başında oturmaq hələ böyük siyasətə qoşulmaq deyil! Olsa-olsa, öz məhdud çərçivələrində, kiçik dairədə bir qədər seçilmək və fərqlənməkdir. Xalq belə dil pəhləvanlarının çayxana qeybətlərinin bəlasını çox çəkib, özü də lap çox... Ona görə də illər ötdükcə milli yaddaş qətiyyən öləzimir, əksinə, hər şey vaxtın-zamanın güzəştsiz sınağından keçir. Hər kəs yaxşı bilir ki, yaşadığı cəmiyyətdə tərəqqi və dayanıqlı inkişaf olmasa, beynəlxalq rəqabətə tablaşa bilmərik. Rəqabət isə illərlə iflic olmuş enerjiyə yox, dinamikaya, dirçəlişə, sürətli inkişafa güvənir. Dönüb geriyə boylananda rəngləri bilərəkdən və qəsdən tündləşdirənlər uşaqlar üçün yazılan kinossenarilərin xiffətini çəkirlər. Unudurlar ki, uşaqlığın son gecəsi çoxdan arxada qalıb. Dünya əlaqələrin yeni çalarlarını arayır, şöhrət dəllallarını yox, intellekt və güclü ağıl, məntiq sahiblərini üzə çıxarır. Yenə də müxalifətin öz sonuncu proqnozuna istinad etmək istəyirik. Aqressiv müxalifətin qənaətinə görə, Rusiya və Qərb arasında bir Cənubi Qafqaz auksionu keçirilir. Auksionda kim qalib gələcək: Rusiya, yoxsa Amerika? Elə bu sorğuya cavab axtaran dağıdıcı müxalifət liderləri iki qütbün arasında siyasi səyyaha dönüblər. Gah o tərəfə üz tuturlar, gah bu tərəfə. Amma ataların bir deyimi də var: "İki yana baxan çaş qalar!" Artıq aqressiv müxalifət öz çaşqınlığını, açıq-aşkar hiss olunan məğlubiyyətini özü də dərk edir. Nə qədər çətin olsa da, etiraf edirlər ki, 20 illik siyasi dövr onlar üçün faydalı olmadı. Partiya liderləri öz daxili nizamnamələrinə görə, başqanlıq dövrünü bitirdi, özü də çaşqınlıqla. Doğrudan da, bu qədər ağrıları, əzabları əritmək üçün onların istirahətə ciddi ehtiyacı var.
Aqressivlər nə qədər araşdırmalar, bölgülər aparsalar da, yeni-yeni qondarma qurumlarda birləşsələr də, "Oktyabr inqilabı"nı arzulasalar da, şəri şər tamamlayır, bağırtı və çığırtını xalq susdurur! Son günlər Azərbaycanda baş verən siyasi proseslərə Rusiya politoloqları da mövqe bildirməkdən çəkinmirlər. Onların qənaətinə görə, xalqın milli maraqları Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çevik, dinamik siyasətlə üst-üstə düşür. Ona görə də Azərbaycan xalqı öz seçimində zərrə qədər də səhv etməyəcək!
Bəşir ŞƏRİFLİ,
"Azərbaycan"