Ötən həftə Azərbaycanın iqtisadi gündəliyi müxtəlif sahələr üzrə yeni layihələr, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və iqtisadi göstəricilərdəki müsbət dinamika ilə yadda qalıb. Enerji və mədən sənayesindən nəqliyyat və rəqəmsal bağlantılara, kənd təsərrüfatından maliyyə və sığorta sektoruna qədər bir sıra istiqamətlərdə çox mühüm yeniliklər qeydə alınıb. Ölkənin regional və beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı yeni təşəbbüslər də həftənin diqqətçəkən mövzuları sırasında yer alıb.
Sentyabrın 21-də "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib. Mərasimdə Azərbaycanın enerji strategiyasının yeni mərhələsi, "Əsrin müqaviləsi"nin 2050-ci ilədək uzadılması və AÇG layihəsinin yeni imkanları barədə danışılıb. SOCAR-ın prezidenti Rövşən Nəcəf şirkətin beynəlxalq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlərə toxunaraq, "Italiana Petroli"nin səhmlərinin alınması və "Baleine" layihəsində iştirak payının əldə edilməsi, eləcə də Özbəkistanda yeni investisiya və kəşfiyyat layihələrinin həyata keçirilməsini bildirib.
***
Həmin gün Bakıda "Azərkosmos"un təşkilatçılığı ilə Avropa Poçt və Telekommunikasiya Administrasiyaları Konfransının (CEPT) CPG PTB layihə komandasının növbəti görüşü keçirilib. Toplantıda 2027-ci il Ümumdünya Radiorabitə Konfransına hazırlıq, peyk rabitəsi və radiotezlik spektrindən səmərəli istifadəyə dair məsələlər müzakirə olunub.
Görüş Azərbaycanın beynəlxalq telekommunikasiya əməkdaşlığında fəal iştirakını da nümayiş etdirib. Qeyd edək ki, Azərbaycan 2027-2030-cu illər üçün Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına, "Azərkosmos"un nümayəndəsi Sitarə Mehdiyeva isə Radio Tənzimləmə Şurasına üzvlüyə namizədliyini irəli sürüb.
***
Həftə Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və me-tallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə ilə diqqət çəkib. Tədbirdə çıxış edən dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin inkişafının iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın artırılması və əlavə dəyər zəncirinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Müşavirədə mövcud potensialın daha səmərəli istifadəsi, yeni yataqların işlənməsi, müasir texnologiyaların tətbiqi və metallurgiya sənayesinin inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələr müzakirə olunub.
***
Həftənin iqtisadi gündəliyində insan kapitalının inkişafı və gələcəyin əmək bazarına hazırlığı ilə bağlı təşəbbüslər də yer alıb. "Baku ID" festivalı çərçivəsində 4SİM-in təşkil etdiyi görüşdə süni intellekt və sürətli texnoloji dəyişikliklərin əmək bazarına təsiri, yeni bacarıqlara tələbat və ömürboyu öyrənmə məsələləri müzakirə olunub.
Bununla yanaşı, "PAŞA Holdinq", SOCAR və IE Universitetinin strateji tərəfdaşlığı ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramına start verilib. Proqram rəqəmsal transformasiya, süni intellekt, innovasiya və müasir idarəetmə istiqamətlərində yerli peşəkarların bilik və liderlik bacarıqlarının inkişafına yönəlib. İlk iştirakçı qrupuna 850-dən çox müraciət arasından 40 nəfər qəbul olunub.
***
Ötən həftə Azərbaycanın hüdudlarından kənarda baş verən iqtisadi hadisələr sırasında enerji tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq da yer alıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Tiflisdə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda iştirak edib.
Forumda enerji keçidi və innovasiyalar, regional enerji bazarlarının inteqrasiyası, infrastruktur investisiyaları, şəbəkələrin çevikliyi və istehlakçı hüquqlarının qorunması kimi aktual məsələlər müzakirə olunub. Tədbir enerji tənzimləyiciləri arasında təcrübə mübadiləsi və yeni yanaşmaların müzakirəsi baxımından beynəlxalq platforma kimi yadda qalıb.
***
Sentyabrın 25-də Prezident İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə ayrı-ayrılıqda üç görüş keçirib. Görüşlərdə Azərbaycanla qlobal investisiya qurumları arasında əməkdaşlığın genişləndirilməsi, yeni investisiya imkanları və uzunmüddətli tərəfdaşlıq perspektivləri müzakirə olunub.
Dövlət başçısı "BlackRock"un tərkibində fəaliyyət göstərən "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib. Görüşdə ARDNF, "BlackRock" və GIP arasında əməkdaşlıq, həmçinin fondun GIP ilə birlikdə İtaliyanın "Italo" yüksəksürətli qatar operatoruna və Londonun Qatvik hava limanına etdiyi investisiyalar müzakirə olunub. Rəqəmsal və nəqliyyat infrastrukturu üzrə yeni əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
"Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teski ilə görüşdə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
"Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkerlə görüşdə isə Azərbaycanla şirkət arasında 2016-cı ildən həyata keçirilən investisiya əməkdaşlığının nəticələri və yeni layihələrdə iştirak imkanları müzakirə olunub. Görüşdə qlobal investisiya bazarlarında yaranan imkanlar və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.
***
Həftənin son iqtisadi xəbəri isə Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlıdır. Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan forumun açılış mərasimində dövlət başçısının iştirakçılara müraciəti oxunub.
İqtisadiyyat Nazirliyi və "The European House - Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçirilən ikigünlük forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub. Tədbirdə əsasən qlobal iqtisadi və geosiyasi proseslərin investisiyalara təsiri, Azərbaycanın regional bağlantı imkanları və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Forum çərçivəsində Azərbaycan qurumları ilə xarici şirkət və tərəfdaşlar arasında yeni əməkdaşlıq sənədlərinin imzalanması və mübadiləsi həyata keçirilib.
***
Arxada qoyduğumuz həftə Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 6,88 dollar artaraq 4270,3 dollar təşkil edib. Gümüş isə 0,14 dollar artaraq 63,68 dollara bərabər olub.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"