Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində (birinci halda) və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində, 46-2-ci maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərində, 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542, № 11, maddələr 1018, 1036, № 12 (I kitab), maddə 1150; 2026, № 1, maddə 24, № 4, maddə 306) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “Qeyd”inin üçüncü cümləsində” sözlərindən sonra “30-cu maddəsinin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü abzasının birinci cümləsində və dördüncü abzasının birinci cümləsində (birinci halda)” sözləri əlavə olunsun və həmin bənddə “və birinci hissəsinin” sözləri “, birinci hissəsinin 9-cu bəndində (ikinci halda),” sözləri ilə əvəz edilsin;
3.2. 2.6-cı bəndə “85-ci maddəsinin” sözlərindən sonra “birinci hissəsinin” sözləri, “9-cu bəndində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;
3.3. 2.7-ci bənddə “müvafiq icra hakimiyyəti orqanının mərkəzi” sözləri “orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
3.4. 2.31-1-ci bənddə “mərkəzi” sözü “müvafiq” sözü ilə, “Nazirliyi” sözü “Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi” sözləri ilə əvəz edilsin və həmin bənddən “(ikinci halda)” sözləri çıxarılsın;
3.5. 2.36-5-ci bəndə “bəndində” sözündən sonra “və 85-ci maddəsinin birinci hissəsinin 9-cu bəndində” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2026-cı il