Lakin indiki fərqli, dinamik dünyada yaş kateqoriyası və bununla bağlı stereotiplərə yer qalmır
Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da son illər yaşlı insanların, o cümlədən 80 il həddini keçənlərin sayı artıb. "Hələ yaşamağa dəyər", - deyir onlar. Təbii ki, bu arzu-istək bir çox amillərə əsaslanır.
BMT-nin Əhali Fondunun
(UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri vəzifəsini icra edən Culiya Vallezen bir məqaləsində yazır ki, cəmi bir neçə onillik əvvəl yaşlı insanlar əhalinin strukturunda azlıq təşkil edirdilər: "Lakin gözlənilən ömür uzunluğunun artması və aşağı nəsilvermə əmsalı yaşlı əhali qrupunun çəkisinin nəzərəçarpan dərəcədə artmasına səbəb oldu. Bu gün hər beş avropalıdan biri 65 və daha yuxarı yaşdadır. 2050-ci ilə qədər isə bu göstəricinin 30 faizə yaxınlaşacağı gözlənilir".
Cəmiyyətin yaşlanmasına münasibət heç də hər yerdə birmənalı deyil. Belə ki, bu prosesə hələ də əsasən mənfi prizmadan baxılır. Dünyanın müxtəlif yerlərində bunun dövlətin rifahı üçün təhlükə, gənclər üçün əlavə yük olması barədə fikirlər səslənir.
Aparıcı demoqraf Stüart Qitel-Basten isə bu yaxınlarda BMT-nin rəhbərlərindən ibarət qrup qarşısında bəyan edib ki, əhalinin yaşlanmasının mahiyyətində heç bir mənfi məsələ dayanmır. Yaşlanma yalnız o vaxt problemə çevrilir ki, müvafiq təsisatlar buna hazır olmasın və uyğunlaşa bilməsin.
Alimlə eyni fikirdə olanlar da az deyil. Onlar deyirlər ki, əslində, insanların daha çox yaşaması və ümumiyyətlə, sağlam həyat sürməsi faktı müsbət qarşılanmalıdır. Bu, səhiyyədəki irəliləyişin, yaxşı güzəranın, məişət və iş şəraitinin, artan rifahın nəticəsidir.
COVID-19 pandemiyası yaşlı nəslə münasibətin harada necə olduğunu tam çılpaqlığı ilə üzə çıxardı. Bir çox yerlərdə yaşlı insanlar laqeydliklə üz-üzə qaldılar. Ölkəmizdə isə onlar hərtərəfli qayğıkeşliklə əhatə olundular. Həm öz doğmaları, həm də cəmiyyət tərəfindən. Pandemiyanın pik vaxtında sosial işçilər, könüllülər qocaların evlərinə gedərək ehtiyac yaranan işlərdə köməklərini əsirgəmədilər. Həkimlərimiz və tibb bacılarımız bu virusa yoluxan yaşlıların, qocaların sağalması üçün var qüvvələri ilə çalışdılar və əksəriyyətinin həyata qayıtması mümkün oldu.
Yeri gəlmişkən, elə buradaca qeyd edək ki, BMT-nin Əhali Fondunun bu yaxınlarda Şərqi Avropa üzrə apardığı sorğunun nəticələri hər 10 nəfər yaşlı şəxsdən 8-inin, yaxud rəyi soruşulanların 79 faizinin özünü qismən və ya tamamilə tənha hiss etdiyini göstərib.
Yaşlı insanlar istənilən cəmiyyətin mühüm təbəqəsini təşkil edirlər. Ölkəmizdə də onlar az deyil. Xatırladaq ki, keçən ilin göstəricisinə görə, Azərbaycanda insanların doğulanda gözlənilən ömür uzunluğu 73,6, o cümlədən kişilər arasında 71,3 və qadınlar arasında 75,9 yaş olub. Uzunömürlülərimiz də çoxdur və onların sayı ildən-ilə artır. Məsələn, 2000-ci ilin əvvəlinə olan rəqəmə görə, yaşı 80-i ötmüş insanlar əhalinin ümumi sayının 0,6 faizini təşkil edirdisə, 2015-ci ilin əvvəlinə qədər iki dəfə artaraq 1,2 faizə çatıb. 2021-ci ilin əvvəlinə isə artıq 1,6 faiz olub. Əlavə edək ki, son 5-6 il ərzində 60-64 yaşlı insanların sayı əhalinin ümumi sayının 3,4 faizindən 5,4 faizinə qədər artıb. 65-69, 70-74 yaşlılarda isə bu rəqəm müvafiq olaraq 2 faizdən 3 faizə və 1,2 faizdən 1,9 faizə çatıb.
Danılmazdır ki, bizim qocalar özlərini heç vaxt tənha hiss etmirlər. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan ailəsinin ənənəsi var. Yaşa dolmuş valideynlər daim oğul-uşağın, nəvə-nəticənin əhatəsindədir. Heç tənha qocalar da, əslində, özlərini tək hiss etmirlər. Bizlərdə qohumluq hissi çox güclüdür və təbii ki, hər bir qocanın doğmaları, qohum-əqrəbası var. Və bir də belələrinin qayğısını çəkən, onlara arxa-dayaq olan Azərbaycan dövləti var!
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - deyir. Bu sözlərin arxasında insanların gündən-günə yüksələn rifah halı, dövlətin xalqa böyük qayğıkeşliyi dayanır. Bu həqiqəti çoxsaylı faktlar təsdiqləyir ki, onlardan biri də ölüm hallarının azalmasıdır.
Ölkədə ölümün səviyyəsi ötən əsrin 90-cı illərinin birinci yarısında ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində artsa da, atəşkəs əldə olunduqdan sonra azalaraq sabitləşib. Belə ki, əhalinin hər 1000 nəfəri hesabı ilə ölənlərin sayı 1990-cı ildəki 6,1-dən 1995-ci ildə 6,7-yə qədər artıb, sonrakı illərdə azalaraq 2013-cü ildə 5,8-ə düşüb. 2019-cu ildə isə hər 1000 nəfərə hesabı ilə ölüm səviyyəsi əmsalı bundan da aşağı - 5,6 olub.
Ötən müəyyən dövr ərzində koronavirus və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri nəzərə almasaq, son illər ölkədə ölümün səviyyəsi, bir qayda olaraq, ya aşağı düşür, ya da sabit qalır. Cari ilin yanvar-may ayları ərzində 28 min 98 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb. (Keçən ilin 5 ayında 31 min 849 ölüm halı olub.) Hazırda ölkəmizdə həyatdan köçən insanların sayı anadan olan uşaqların sayından iki dəfəyə qədər azdır. Çünki yaşamaq gözəl, həyat gözəldir.
Ölümün azalmasının səbəblərindən biri sözsüz ki, dolanışığın yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük əhəmiyyət kəsb edir.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər yenidən qurulub. Vətəndaşlar icbari tibbi sığorta ilə əhatə olunublar.
Ölüm hallarının azalmasına, əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, yol-nəqliyyat hadisələrinin azalması, insanlar üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.
Dünyada analoqu olmayan faktdır ki, dövlət başçısı hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Koronavirusun tüğyan etdiyi dövrdə Prezidentin dediyi sözləri xatırlatmaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".
Qeyd edildiyi kimi, insanı yaşadan digər amillər də var. Dar gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşlılara diqqət, sevgi, mərhəmət... Bunlar ömrü uzadan şərtlərdir.
Demoqrafiya ilə məşğul olan mütəxəssislər qeyd edirlər ki, həyatdakı və cəmiyyətdəki irəliləyişlər sayəsində bu gün yaşlı olmaq əvvəlki dövrlərdəkindən fərqlənir. Yaşlı insanların yaxşı sağlamlıq durumunun və nikbin həyat mövqeyinin olması isə o deməkdir ki, onlar hələ neçə illər öz peşələrində, ailədə və ictimai həyatda fəal iştirak edə bilərlər. Odur ki, demoqrafların fikrincə, "yaşlı" məfhumunun müəyyən edilməsı və ölçülməsi üzərində yenidən düşünməyə zərurət yaranıb. Yəni yaşlı insanların yaşadığı hazırkı yeni, daha fərqli və dinamik dünyada artıq yaş kateqoriyası, yaşlanmaya əsaslanan stereotiplər və ayrı-seçkilik haqqında danışmağa yer qalmayıb.
Flora SADIQLI,
"Azərbaycan"