Mehriban xanım Əliyevanın sayəsində
görmə məhdudiyyətli uşaqların da dünyası al-əlvandır
O, göz həkimidir...
Dünya işığına həsrət qalanların ağrı-acısına
məhrəm, qaranlıq könüllərə ziya saçan, bir zərrə nura möhtac çarəsiz canların ümid
ünvanı...
Məramı gözlərdə sevinc işığı şölələndirmək,
qəlblərə ümid qığılcımı səpmək, könüllərdə yuva quran zülməti tar-mar etməkdir...
O, bu insanların toranlıqdan aydınlığa gedən
yolda bələdçisi, gələcəyə atılan sağlam addımlarında vasitəçidir...
O, bu dünyanın gözəlliklərini, rənglərini
könül gözləri ilə görüb, hiss edib, duyanların ən böyük himayədarıdır...
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva...
"Övladının
dünya işığına həsrət qaldığını bilmək olduqca ağrılıdır...”
"Həyat yoldaşım da, mən də görmə məhdudiyyətliyik
və bu internat məktəbinin məzunlarıyıq. Təəssüf ki, dünyaya gələn övladımızın da
gözləri görmür. Bu çətin taleyi özün yaşamaq və övladının da eynilə bu əzablardan,
problemlərdən keçəcəyini, onun da dünya işığına həsrət qalmasını bilmək çox ağrılıdır.
Hiss etdiklərimizi sözlə ifadə etmək mümkün deyil. Amma heç zaman ruhdan düşmürük,
oğlumuzun təhsil alması, seçdiyi sənətə nail olması, ailə qurması və həyatda xoşbəxt
yaşaması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq...” deyə sağlamlıq imkanları
məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində həmsöhbət olduğumuz
bir ana söyləyir.
Bildirir ki, artıq övladı 8-ci sinifdə oxuyur
və əlaçıdır: "Bura nə maddi-texniki bazası, nə də təhsil səviyyəsi ilə digər ümumi
məktəblərdən seçilmir. Mehriban xanımın qayğısı sayəsində uşaqlarımıza bütün şərait
yaradılıb. Onlar heç bir şeyin əskikliyini hiss etmir, gələcək arzularını reallaşdırmaq
üçün həvəslə çalışırlar. Övladlarımızın həyata bu cür bağlı olduğunu hiss etmək
isə bizim kimi valideynlərin ürəyini dağa döndərir. Bütün bunlar şəxsən Mehriban
xanımın sayəsindədir. Mehriban xanıma hansı sözlərlə təşəkkür edəcəyimi bilmirəm.
Bu qayğıkeş insanın gördüyü xeyirxah işlərin müqabilində bütün sözlər də, minnətdarlıqlar
da acizdir...”
Körpə
arzuların rəngli ifadəsi
Dəhlizlərlə irəliləyirik, elə bil tənhalıqdayıq,
səs-səmir gəlmir. Bu sükutun fonunda divarları bəzəyən rəsmlərə, bəzəkli əl işlərinə
tamaşa edir, al-əlvan çiçəklərin bihuşedici qoxusunu duyur, mavi göylərdə süzən
quşlara qoşulub göy qurşağının altından keçirik...
Körpə arzularının rəngli ifadəsi olan rəsmlərin
sehrində itirik...
Bizi bu xoş xəyallardan ayıran isə uşaqları
tənəffüsə səsləyən doğma zəng səsidir. Bir anda bayaqdan səssizlikdən qulaq tutulan
dəhlizləri dəcəl şagirdlərin hay-küyü bürüyür...
Oynayırlar, zarafatlaşırlar, deyib-gülürlər,
uzaqdan hənirmizi alıb salam verir, yol göstərirlər...
Bunlar elmə, təhsilə, incəsənətə könül verib
qəlb gözləri ilə dünyanı kəşf etməyə çalışan, görmə məhdudiyyətli şagirdlərdir...
Kimisinin çiynində molbert pilləkənlərlə
qalxır, kimi qoltuğunda nağara dərsə tələsir, kimisi də əlində kitab elm dünyasına
baş vurur...
Pəncərə önündə tənha dayanmış bir qıza yaxınlaşırıq.
Adının Sara olduğunu deyir, həvəslə söyləyir ki, Nizami, Füzuli, Nəsiminin qəzəllərini
deməyi çox xoşlayır və özü də şeir yazır. 15 yaşlı Saranın arzusu tərcüməçi olmaqdır,
buna görə də yapon dilini öyrənir. Deyir ki, çətin olsa da özünə inamı yüksəkdir:
"Əminəm ki, mən hər bir çətinliyə qalib gələ bilərəm”.
İnternat məktəbi əsaslı təmir edilib
1936-cı ildən
fəaliyyət göstərən internat məktəbinin hazırkı binası 1961-ci ildə inşa olunub.
Mehriban Əliyevanın bu məktəbə ilk gəlişindən, 28 dekabr 2004-cü ildən sonra Heydər
Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı
proqramı” çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmirinə və yenidən
qurulmasına başlanıb. İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılıb, daimi istilik
sistemi quraşdırılıb, yeməkxana, idman kompleksi tikilib. Uşaqların bədii-estetik
zövqlərinin formalaşması, asudə vaxtlarının səmərəli təşkili üçün nümunəvi şərait
var. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, istirahət
guşələri yaradılıb. Uşaqlar açıq havada gəzməyi, istirahət etməyi, idman oyunları
ilə məşğul olmağı çox sevirlər. Məktəb təzə avadanlıqla tam komplektləşdirilib,
uşaqların müayinə, müalicəsinə kömək məqsədi ilə müasir avadanlıqla təchiz olunan
tibb kabinetləri təşkil edilib.
İnternat məktəbi
təmir olunandan sonra, 2007-cı il martın 15-də Mehriban xanım Əliyeva yenidən buranı
ziyarətə gəlib, aparılan işlərlə tanış olub. Uşaqlarla yaxından maraqlanıb, onlarla
söhbət edib, fotolar çəkdirib. Novruz bayramı münasibətilə xüsusi olaraq bəzədilmiş
yeməkxanada təşkil edilmiş şənlikdə iştirak edib.
Uğurları bol məktəb
Hazırda internat
məktəbində 299 şagird təhsil alır. Onlardan 133-ü tam görmə məhdudiyyətlidir. Uşaqlardan
135-i məktəbdə daimi qalır. Məktəbə gələ bilməyən bir neçə şagirdə isə evində dərs
keçilir.
Bu məktəbdə
təhsil ümumtəhsil proqramına əsasən keçirilir. Yəni buradakı təhsil sistemi digər
orta məktəblərdəki ilə eynidir. Hətta görmə qabiliyyəti olmayan uşaqlar da eyni
dərslikdə eyni tapşırıqları öyrənir. Sadəcə əlifba fərqlidir. İnternat məktəbinin
digər orta məktəblərdən bir fərqi də odur ki, burada təhsil 12 illikdir.
Məktəbin məzunları
arasında hazırda ölkənin ali məktəblərində, kolleclərdə təhsil alan xeyli sayda
tələbə var.
Qolbol üzrə
Azərbaycan milli komandasının 7 üzvü bu internat məktəbinin şagirdləridir. Milli
komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak
edib. Bir müddət öncə məktəbin şagirdi Gülnar Rəhimova İranda xizəksürmə üzrə paralimpiya
oyunlarında 2 qızıl medala layiq görülüb. Məktəbin cüdo komandası da müxtəlif kuboklar
qazanıb. 16 yaşlı cüdoçu Həcər Mirzəyeva isə paralimpiya oyunlarından 6 il ərzində
72 medal alıb.
Heydər Əliyev Fondu tərəfindən uşaqlara əvəzolunmaz hədiyyə
Məktəbdə Heydər
Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Kor və görmə
qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının
təmin edilməsi” layihəsi çərçivəsində xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı
olan sinfə fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif
uşaqlar üçün Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti hədiyyə edilib. Burada
həmçinin audiostudiya və kitabxana var. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis
dillərində olan istənilən kitabı kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib
dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Fondun
təşəbbüsü ilə məktəbin nəzdində mətbəə də yaradılıb. Burada Brayl əlifbasında dərslik
və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların
dərsliklərə olan ehtiyacını tam təmin edir.
Kompüterdə
həvəslə mətn yazan Mehman İsmiyev söyləyir ki, o, telefon üzrə proqramçı olmaq istəyir.
Buna görə də çalışır ki, bu sahə üzrə biliklərini artırsın və 3 ildən sonra arzuladığı
ali məktəbə qəbul olsun.
İnformatika
müəllimi Zöhrə Kazımova deyir ki, görmə məhdudiyyətli uşaqlar kompüterdə xüsusi
Javes For Vindovs səsli proqram vasitəsilə yazırlar: "Xüsusilə yuxarı sinif şagirdlərinin
kompüteri qavrama qabiliyyətləri çox yüksəkdir. Hətta onlar özləri sayt, proqram
yarada bilirlər”.
Gözlərim bir qaranlıq dünyadır...
9-cu sinif
şagirdi Anar İsmayılzadənin arzusu isə kompüter mühəndisi olmaqdır. Qarmonda ifa
etməyi də xoşlayan Anar sevinclə bildirdi ki, hətta ötən il Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva internata qonaq gələndə onun üçün "Yüz bir” rəqsini
ifa etdim və bu, Leyla xanımın çox xoşuna gəlib...
Lamiyə Quliyeva
da söyləyir ki, Leyla xanımın internata gəlişi onlarda xüsusi sevincə səbəb olub:
"Həmin gün bolluca əylənmişdik, Leyla xanım üçün hazırladığımız proqramlarla çıxış
etmişdik və o, öz əlləri ilə bizə hədiyyələr təqdim etmişdi”.
Uşaqların
da vurğuladığı kimi, 2014-cü və 2018-ci illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti
bu internat evinin qonağı olub. Leyla xanımın diqqət və qayğısını hiss edən internat
evinin bütün sakinləri onu özlərinin doğması sayır. Hər biri onunla görüşlərinin
xoş təəssüratlarından danışır, səbirsizliklə yenə gəlməsini gözləyirlər...
Görmə məhdudiyyətli
uşaqlarla görüşmək elə Leyla xanım Əliyeva üçün də çox təsirli olub. İlk dəfə bu
internat evinə ziyarətə gəldikdən sonra olduqca mütəəssir olan Leyla xanım görmə
məhdudiyyətli insanlara "Kor olmuşam” adlı şeir də ithaf edib...
Kor olmuşam, gözlərim
bir qaranlıq dünyadır.
Gündüz nə, gecə nədir? -
gözüm bunu... anlamır...
İnternat evinin
direktoru İradə Vəzirova məlumat verir ki, fondun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində "Buta” sarayında uşaqlar üçün ənənəvi
şənlik təşkil edilir: "Bizim məktəb də həmin bayramda iştirak edir. Mehriban xanım
orada uşaqlarla görüşür, onları təbrik edir, sevinc bəxş edir. Həmçinin uşaqlarımız
1 iyun Beynəlxalq Uşaqlar Günündə və digər əlamətdar bayramlarda Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbirlərdə iştirak edir, rəsmlərini, əl işlərini, rəqslərini, mahnılarını
nümayiş etdirirlər”.
Direktor qeyd
edir ki, ötən il Leyla Əliyevanın təşəbbüsü ilə internatdakı 15 nəfər görmə məhdudiyyətli
şagird yenidən müayinə olunub, lazımi tibbi əməliyyatlar həyata keçirilib. Həmin
zaman əməliyyatı keçirilə bilməyən şagirdlərin ailələrinə isə 2500-3000 manat dəyərində
maddi kömək göstərilib: "Valideyn himayəsindən məhrum məzunlara Heydər Əliyev Fondu
tərəfindən Məzun evində mənzil verilir. Bizim şagirdlər üçün Tibb Kolleci nəzdində
masaj kursları açılıb. 5-6 illik kursun sonunda oradan məzun olanlar işlə təmin
olunurlar. İnternatımızda yaradılan bütün şərait və burada təhsil alan görmə məhdudiyyətli
uşaqların hər bir probleminin həlli Mehriban xanımın və Leyla xanımın şəxsi diqqəti
və təşəbbüsü sayəsində uğurla həyata keçirilir”.
"Mehriban xanım xeyirxah əməllərin davamçısıdır...”
Görmə məhdudiyyətli
Əliveyis Ağakişiyev ibtidai sinif müəllimidir. Söhbət əsnasında söyləyir ki, bu
məktəbdə şagird olduğu zamanlarda dərs vəsaiti ilə bağlı xeyli çətinlikləri olub:
"Tərbiyəçimiz dərsi oxuyurdu, biz də gəlib yadımızda qalanı danışırdıq. İndi isə
Heydər Əliyev Fondunun bu məktəbdə yaratdığı şərait, texniki imkanlar həm şagirdlərin,
həm də müəllimlərin vəziyyətini olduqca asanlaşdırıb, istədiyimiz hər bir vəsait
bizim üçün əlçatan olub”.
İnternat məktəbinin
kitabxanasına da baş çəkdik. Rəflərdə Brayl əlifbası ilə çap olunan xeyli sayda
yerli və xarici yazarlara aid bədii ədəbiyyat nümunələri, həmçinin Uşaq Ensiklopediyası
cildləri mövcuddur. Kitabxanaçı Rövşən İgidəliyev də bu məktəbin məzunudur və Pedaqoji
Universitetin Riyaziyyat fakültəsini bitirib. O, söyləyir ki, uşaqlarda mütaliəyə
həvəs yaratmaq üçün müxtəlif həvəsləndirici yarışlar keçirir, onlara yaşlarına uyğun
kitab seçimində kömək edir.
Rövşən müəllim
deyir ki, Mehriban Əliyeva bu internat məktəbinə ilk gələndə o da şagird imiş:
"Əslim rayondan olduğu üçün burada qalmalı olurdum. Şərait çox pis idi, xüsusilə
də qış aylarında soyuğa dözmək mümkün deyildi. Mehriban xanımın dəstəyindən sonra
məktəbdə quruculuq işləri aparıldı və internata sanki yeni həyat bəxş edildi. Mehriban
xanımın da, Leyla xanımın da hər zaman qayğısı üzərimizdədir”.
İnternat məktəbində
xüsusi emalatxana fəaliyyət göstərir və burada kukla düzəltmək, heykəltəraşlıqla
məşğul olmaq şagirdlərin sevimli məşğuliyyətinə çevrilib.
İnternat evinin
sakinləri həyətyanı sahələrində zanbaqlar əkir, kiçik sahədə düzəltdikləri istixanada
pomidor, xiyar, çiyələk şitilləri əkirlər. Meyvə və tərəvəzlər yetişəndə əllərinin
bəhərini dərib ləzzətlə yeyirlər...
Bəli, bu internat
evində həyat öz axarında davam edir, görmə əngəlli sakinləri heç bir fərqlilik,
maneə, əngəl tanımırlar... Hərəsinin öz dünyası, gerçəkləşdirmək istədikləri böyük
arzuları var...
Bu isti, doğma
ocağı isə onlar üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva qurub-yaradıb...
"Bura gələndə elə bilirəm ki, öz doğma evimdəyəm.
Gənc müəllimlərlə söhbət edəndə öz müəllimlərimi xatırlayıram. Amma məktəbdə yaradılan
yüksək səviyyəli şərait bizim dövrümüzdə yox idi. Bu, birinci xanımın sayəsindədir.
Mehriban Əliyeva Mircəlal Paşayevin, Heydər Əliyevin xeyirxah əməllərinin davamçısıdır...”
Bu sözləri
isə 1-ci sinifdə oxuyan nəvəsini məktəbdən götürməyə gələn görmə məhdudiyyətli Kazım
Bayramov səsləndirir...
Təbiətdə hər bir rəng ruhuma işıq saçır...
Qısa zaman
kəsimində qaynayıb-qarışdığımız, doğmalaşıb mehr saldığımız gülərüz, mehriban şagirdlərlə,
müəllimlərlə, valideynlərlə sağollaşmaq məqamına yetişirik...
Amma ayrılmaq
istəmirik onlardan, xoş söhbətləri, həyata fərqli və maraqlı baxışları, ömürlərini
daha rəngli etmə çabaları sözün əsl mənasında onlarla ünsiyyətdə olanların hər birini
ovsunlayır...
Elə biz də
ünsiyyətdə olduğumuz bu mənəviyyatı zəngin insanların nəzərləri, qəlb gözləri ilə
həyata baxmağa çalışdıq və fərqinə vardıq ki, belə olanda dünya daha aydın, daha
parlaq, daha al-əlvan görünür...
Kor olmuşam... amma ki,
Hissiyatım yaşayır,
Təbiətdə hər bir rəng,
Ruhuma işıq saçır...
Yasəmən MUSAYEVA,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”