Bir neçə ildir ki, təbiət kəndlini sınağa çəkir. Bu il də belə oldu. Yaxşı ki, sınaq müddəti çox sürmədi, təbiət öz səxavətini göstərdi. Fürsətdən istifadə edilərək fəsadlar tezliklə aradan qaldırıldı.
İndi kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Bol məhsul üçün var qüvvələri ilə çalışan kənd təsərrüfatı işçilərini gün çıxandan batanacan tarlada, plantasiyada, bağda görmək olar. Məhsul bolluğu yaradılmasında isə vacib məsələlərdən biri əkilən bitkinin vaxtında suvarılmasıdır.
Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi bu məsul işin öhdəsindən layiqincə gəlir. Suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün kollektiv nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirir. Bunun sayəsində 15210 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilmiş, o cümlədən cari ildə əkilmiş 2505 hektar taxıl sahələrinin suvarılması tam olaraq başa çatdırılmışdır. Söz düşmüşkən bildirək ki, idarə üzrə suvarmada 296 subartezian quyusunun və 10 su nasos stansiyalarının qüvvəsindən istifadə olunmuşdur. Əlavə olaraq Kürəkçaydan, Gəncəçaydan və Qoşqarçaydan keçən suvarma suyundan da istifadə edilmişdir.
Cari ilin yaz-tarla işlərinə ciddi hazırlaşan melioratorlar həmçinin 130 min kubmetr həcmində lildən təmizlənmə işləri görmüş, sel sularından mühafizə tədbirləri həyata keçirmişlər. Belə ki, Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizmlərlə tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxlarının və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir. 34 min kubmetr həcmində çay məcrasında tənzimləmə işləri görən kollektiv idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılmasını qüsursuz və qəzasız fəaliyyətini təmin etmişdir. 10 hidrotexniki qurğu, 6 hidropost cari təmir edilmiş, arxlarda və kanallarda 25 min kvadratmetr sahə kol-kosdan təmizlənmişdir. Həmçinin Xanlar və Ərəbli arxlarında cari təmir işləri görülmüşdür. Kürəkçay və Qoşqarçaydan mənbəyini götürən qapalı borularda korroziyaya uğramış və deşilmiş hissələr kəsilərək götürülmüş, yeni borularla əvəz edilmişdir.
Bunlardan əlavə, fermerlərin, fiziki və hüquqi şəxslərin əkin sahələrini suvarma suyu ilə təmin etmək, həmçinin kənd təsərrüfatı məhsullarının artırılmasına zəmin yaratmaq məqsədilə 109 subartezian quyusunun elektrik nasosları təmir olunmuş, təmirə yaramayan və istismar müddətini başa vurmuş elektrik nasosları yeni nasos aqreqatları ilə əvəzlənmişdir. 33 subartezian quyusunda isə internet üzərindən işləyən və məsafədən idarə edilən yeni texnoloji sistem quraşdırılmışdır. Bununla həmin quyuların operator vasitəsilə idarə olunması təmin edilmiş və nəticədə suvarma suyunun səmərəli istifadəsinə, elektrik enerjisinə qənaət olunmasına şərait yaranmışdır.
İdarənin balansındakı 10 nasos stansiyalarında da təmir işləri görülmüşdür. Çaylı nasos stansiyasında isə nasosun suburaxma qabiliyyətini artırmaq məqsədi ilə yeni nasos aqreqatı quraşdırılmışdır. Əlavə olaraq digər nasos stansiyalarında nəzərdə tutulmuş işlər təmir planına uyğun aparılmışdır ki, bunun da sayəsində 1294 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşmışdır.
İdarənin rəisi İsmayıl Əvəzovla söhbət zamanı dedi ki, Göygöl su çatışmazlığından əziyyət çəkən rayonlar siyahısındadır: "Çalışırıq ki, mövcud su ehtiyatlarından səmərəli istifadə edək. Hazırda bu istiqamətdə görüləsi bir sıra işlərimiz var. Məsələn, cari ildə Quşqara, Balçılı və Nadil kəndlərində, eləcə də Səmədli qəsəbəsində ümumilikdə 5 yeni subartezian quyusunda işlər davam edir. Bu quyular istismara verildikdən sonra həmin kəndlərdə daha 112 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı ödəniləcək. Əlavə olaraq daha 7 kəndi, qəsəbəni əhatə etməklə 9 yeni subartezian quyusunun qazılması planlaşdırılmışdır ki, bunun da nəticəsində 205 hektar əkin sahəsinin, fərdi təsərrüfatlarda əkin üçün torpaq sahələrinin, eləcə də kommunal məişət sularının təmin edilməsi yaxşılaşdırılacaqır. Həmçinin məhsuldarlığını tam itirmiş Xəqani və Quşqara kəndlərindəki 2 subartezian quyusunda təmir işləri aparılmalıdır. Bundan başqa, Xanarxı, Ərəbli, Xanlararx kanallarından ötürülən suvarma sularından da geniş istifadə olunması nəzərdə tutulur. Bu məqsədlə həmin kanalların hər birinin 2 kilometr hissəsinin beton üzlüyə alınması planlaşdırılmışdır. Hazırda təsərrüfatdaxili kanallarda suvarma suyunun itkisiz və sürətlə sahələrə çatdırılması üçün texnikanın köməyi ilə lildən təmizləmə işlərinə başlanılmışdır".
Sabir ƏLİYEV,
"Azərbaycan"