XX əsr Azərbaycan təsviri sənətinin inkişafında onun da xidmətləri olub. Söhbət təsviri sənətin qrafika və rəngkarlıq sahələrində bir sıra uğurlu əsərlər yaratmış, bu il 90 illk yubileyi qeyd olunan Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımovdan gedir.
C.Qasımov Bakıda - İçərişəhərdə anadan olmuşdur. İncəsənətə kiçik yaşlarından maraq göstərən C.Qasımov əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1952-1956), sonra isə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda ali təhsil almışdır (1958-1963). O, Moskvada məşhur qrafika ustası M.Çeremnıxın emalatxanasında qrafika sənətinin incəliklərini öyrənmişdir.
Moskvadakı təhsil illəri, orada yerləşən muzeyləri ziyarət və məşhur rəssamların əsərləri ilə tanışlıq rəssamın taleyində xüsusi rol oynamışdır. C.Qasımov hələ tələbəlik illərindən sərgilərdə iştirak etməyə başlamışdır. Təhsilini bitirib Bakıya dönən gənc peşəkar rəssam kimi fəaliyyətini uğurla davam etdirmişdir. O, təsviri sənətin dəzgah və kitab qrafikası, eləcə də dəzgah rəngkarlığı və monumental rəngkarlıq sahələrində diqqəti cəlb edən, bədii və texniki işlənilmə xüsusiyyətləri ilə seçilən çoxsaylı sənət nümunələri yaratmışdır. C.Qasımov əsasən istedadlı plakat ustası kimi şöhrət qazanmışdır. Rəssam bütöv yaradıcılığı boyu plakat janrına sadiq qalmış və yüzlərlə uğurlu əsər yaratmışdır. O, tələbəlik illərindən - 1959-cu ildən sərgilərdə iştirak etmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilən rəssam sonradan ittifaqın Plakat bölməsinin sədri və Rəyasət Heyətinin üzvü seçilmişdir. Dövlətimiz tərəfindən C.Qasımovun bədii və pedaqoji yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək ona "Əməkdar rəssam" (1982) və "Xalq rəssamı" (2002) fəxri adları verilmişdir. Müxtəlif vaxtlarda rəssamın respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə nümayiş olunan plakat əsərləri diplom və mükafatlara layiq görülmüşdür.
C.Qasımov yaratmış olduğu uğurlu əsərləri ilə ölkəmizin ən məşhur plakat rəssamı kimi özünü təsdiq etmişdir. Onun müxtəlif mövzularda işləmiş olduğu plakatlar məna dolğunluğu, yüksək bədii aydınlığı, lakonik ifadəsi və bədii estetik təsir gücü ilə diqqəti cəlb edir. Bu cür plakat əsərlərindən "Dənizi fəth edənlər", "Yeni idman nailiyyətlərinə doğru!", "Məqsədimiz qoruyub-yaratmaq!", "Sülhün keşiyində!", "Bizim əməyimiz sülh işinə xidmət edir!", "Neft daşları fəxrimizdir!", "Mənziliniz mübarək!", "İdman şərəfi uğrunda!", "Sülh səadətdir", "Əməyə eşq olsun!" (triptix), "Neft", "Pambıq sərvətimizdir!", "Neft xalqın sərvətidir!", "Sülhü qoruyaq!", "Xoş gəlmisiniz!", "Bol məhsul verək", "Qoy bol olsun elin varı!", "Dostluq", "Zərbəçi əmək", "Ölkəyə ildən-ilə daha bol üzüm verək!", "M.Ə.Rəsulzadə", "Xalq yazıçısı İlyas Əfəndiyev" və digərlərinin adlarını qeyd etmək olar.
Rəssamın əsərlərinin adlarına nəzər yetirdikdə aydın olur ki, o, müxtəlif mövzularda - siyasi, elmi, sənaye, kənd təsərrüfatı və başqa sahələrdə zəhmətin təbliği və təşviqi istiqamətində nəzər-diqqəti cəlb edən plakatlar yaratmışdır. Plakatın özünün xüsusi dili var. Belə ki, rəssam mövzudan kənar detallardan imtina etməli, obrazı ümumiləşdirmə yolu ilə mövzunun bədii həllini icra edib əsərin əsas ideyasını açıb göstərməlidir. Bu baxımdan rəssamın plakatlarının bədii texniki işlənilmə mükəmməlliyi və kəskin bədii estetik dili tamaşaçının diqqətini özünə cəlb edir. C.Qasımovun bəzi plakat əsərləri sovet siyasi ruhunda olması, mövzu və ideya baxımından günümüzlə səsləşməsə də ustlalıqla işlənilməsi baxımından fərqlənirlər. Sənətşünas Paşa Hacıyev rəssamın yaradıcılığı barədə belə yazırdı: "Azərbaycan plakat sənətinin inkişafını və gələcək perspektivlərini C.Qasımovun plakatlarından ayrı təsəvvür etmək mümkün deyil. Təsviri sənətimizin mübariz janrına gətirilən ən əhəmiyyətli xüsusiyyətlər - yüksək ideyalılıq və parlaq bədii obrazlılıq, yeni insanın zəngin mənəvi aləminin poetik ifadə vasitələrilə təcəssümü, aktual siyasi mövzuların simvolik və lakonik formalarda inikası, müsbət qəhrəman probleminin layiqli həlli C.Qasımovun əsərlərində özünü bu və ya digər şəkildə göstərir".
C.Qasımovun dəzgah qrafikası sahəsində ərsəyə gətirdiyi "Qüllə" ofortunu, "Gecə" və "Bahar" lioqravüralarını, eləcə də "Abşeron motivləri", "Qız qalası", "Abşeron bağları", "İçərişəhər" adlı rəsmlərinin adlarını qeyd etmək olar. Rəssamın Abşeron, İçərişəhər mövzulu rəsmləri onun bədii müşahidə qabiliyyətinin, tarixi İçərişəhərin memarlıq abidələrinə, Abşeron təbiətinə rəssam baxışının mahiranə münasibətinin nəticəsidir. C.Qasımovun "Bolqarıstan silsiləsindən" adlı rəsmləri xüsusilə diqqətimizi cəlb edir və özünün mükəmməl texniki və bədii işlənilmə həlli ilə xüsusi əhəmiyyət daşıyır. 1964-cü ildə nəşr olunmuş Xalq şairi Qabilin "Fəxrəddinin səyahəti" adlı uşaqlar üçün şeir kitabçasına C.Qasımov tərəfindən çəkilmiş maraqlı rəsmlər şairin sözlə ifadə etdiyi süjetin uşaqların əyani qavramaları üçün rəssamın uğurlu töhfəsidir.
C.Qasımov müstəqillik illərində dəzgah rəngkarlığında sənət lövhələrinin yaradılmasına daha çox üstünlük vermişdir. Rəssamın rəngkarlıq əsərlərinə tamaşa edəndə kompozisiya, kolorit və mövzu zənginliyi ilə işlənilmiş bir sıra mənzərə əsərlərini müşahidə edə bilərik. Mənzərə janrına üstünlük verən rəssam daha çox İçərişəhəri, köhnə Abşeron mənzərələrini yüksək sənət ustalığı ilə kətanda canlandırmışdır.
C.Qasımov monumental rəngkarlığı sahəsində Rasim Xələfovla birlikdə "İnqilab Bakısı" adlı mozaik və "Mənim respublikam" adlı döymə üsulu ilə (çekanka) yaradılmış pannolar ərsəyə gətirmişdir.
Professor C.Qasımov bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə rəssamlıq sənətinin sirlərini tədris etmişdir.
Bu il 90 illik yubileyi tamam olan Xalq rəssamı Cabbar Qasımov bədii yaradıcılıq fəaliyyəti və əsərləri ilə sənətsevərlərin yaddaşında yaşayacaqdır.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas