Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və onun Gəncə Bölməsinin təşkilatçılığı ilə "AMEA-80" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, elm adamları və ziyalılar iştirak etmişlər.
Konfrans iştirakçıları AMEA-nın Gəncə Bölməsinin böyük akt zalının qarşısında tarixi və elmi nailiyyətləri əks etdirən sərgi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla yad olunmuşdur.
Çıxış edən akademik Fuad Əliyev Gəncənin tarixən qədim elmi ənənələrə malik olduğunu diqqətə çatdırmış, Gəncə və ətraf bölgədəki elmi tədqiqatların istiqamətləri haqqında, eləcə də gənc elmi kadrların yetişdirilməsində görülən işlərdən danışmışdır.
Bayram Aslanov isə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək bildirmişdir ki, bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Plenar iclasda alimlər təbrik nitqi ilə çıxış edərək, elmi tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətin tərəqqisinə və insanların rifahına töhfə verməsinin vacibliyi məsələlərindən danışmışlar. Konfransa 160-dan çox məruzə təqdim edilmişdir.
S.YUNİSOĞLU,
"Azərbaycan"