30 Aprel 2025 08:25
1783
CƏMİYYƏT
A- A+
Gəncə III MDB Oyunlarına hazırlaşır

Gəncə III MDB Oyunlarına hazırlaşır


Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov: "Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizin imicinə əlavə töhfə verəcək, sürətli inkişafımızın göstəricisinə çevriləcək"


Bu ilin sentyabr ayında keçiriləcək III MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə Azərbaycanın evsahibliyi etməsi söz yox ki, respublikamızın idman ölkəsi kimi tanınmasını bir daha göstərir. Oyunların əsas hissəsinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı seçilmiş Gəncədə keçirilməsinin qərara alınması isə ölkəmizdə idmanın və idman infrastrukturunun bütün regionlarda inkişafının təsdiqidir. 

Oyunlarda iştirak etmək üçün MDB idman heyətləri ilə yanaşı, bir sıra digər dövlətlərin idmançılarının da Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə, o cümlədən Gəncəyə gəlmələri gözlənilir. Odur ki, yarışların masştabı nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılmış və komitəyə qarşıya qoyulmuş vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqlara əsasən, artıq bir neçə aydır ki, Gəncədə geniş hazırlıq işlərinə başlanılmışdır. Demək olar ki, bu gün qədim Nizami yurdu bir neçə aydan sonra başlayacaq idman yarışlarının ritmi ilə nəfəs alır. 

III MDB Oyunlarına hazırlığın vəziyyəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb müsahibə aldıq: 

- Niyazi müəllim, Gəncə bu ilin sentyabr ayında keçiriləcək mötəbər bir tədbirə - III MDB Oyunlarına evsahibliyi edəcək. Bu tədbirin Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Əvvəla, Gəncə 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı seçilmişdir. Bundan başqa, şəhərdə əldə olunan nailiyyətlər sırasında ən çox diqqət yetirilən işlərdən biri yeni idman qurğularının istifadəyə verilməsi olub. Bütün bunlar isə III MDB Oyunlarının Gəncədə peşəkarlıqla və yüksək səviyyədə keçirilməsi üçün geniş imkanlar açır. 

- Bildiyiniz kimi, Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrlə yanaşı, idmanın da inkişafına böyük diqqətlə yanaşılmışdır. O illər bu sahədə maddi-texniki bazanın yaradılması üçün mühüm işlər görülmüşdür. Xeyli sayda idman kompleksləri, qurğuları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə ölkədə idmana münasibət yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Həmin komplekslərdən biri də ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə inşa edilmişdir. Kompleksin Ulu Öndərin 2002-ci ilin sentyabrında Gəncəyə səfəri zamanı istifadəyə verilməsi şəhər sakinləri üçün ən mühüm hadisələrdən biri olmuşdur.

Sevindirici haldır ki, təməli Heydər Əliyev tərəfindən qoyulan idman siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. 2024-cü ilin aprelində Prezidentin şəhərimizə növbəti səfəri zamanı istifadəyə verilən Gəncə İdman Sarayı bunun bariz nümunəsidir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan idman sarayında bütün zəruri infrastruktur var. Böyük zalda beynəlxalq standartlara uyğun basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulur. Zalda 2200 nəfərlik oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün müvafiq yerlər ayrılmışdır. Burada həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr də yaradılmışdır. 

İdman sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına tam cavab verir. Uzunluğu 50, eni 21, dərinliyi 3 metr olan hovuzda 4, 2,2 və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə quraşdırılmışdır. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçılar üçün də müvafiq yerlər ayrılmışdır. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. 

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.

Bu möhtəşəm idman qurğusunun əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın olmasıdır. 80 nömrəli mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var. Ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, istirahət guşələri yaradılmış, müşahidə kameraları quraşdırılmışdır.

Gəncə sakinləri və idmansevərlərini sevindirən digər mühüm hadisə isə şəhər stadionunun yenidən inşa edilməsidir. Dövlət başçısı Nizami yurdunda səfərdə olarkən Gəncə Şəhər Stadionunun təməlini qoydu. Məlumat üçün bildirim ki, 1959-1963-cü illərdə inşa edilən şəhər stadionu 1964-cü ildə istismara verilmişdir. Son illər tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından stadion qismən fəaliyyət göstərirdi. İndi isə stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası üçün bina tikilir. Dövlət başçısının 2023-cü il 6 oktyabr tarixli sərəncamına əsasən, Gəncə Şəhər Stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq bir milyon manat vəsait ayrılmışdır. 

Onu da qeyd edək ki, yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə otaqları, konfrans zalı, tibb otağı, hakimlər və texniki heyət üçün otaqlar nəzərdə tutulur. Eyni zamanda layihəyə əsasən, stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Stadionda dəmir, beton və hörgü işləri artıq başa çatmışdır.

III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə Olimpiya İdman Kompleksi də təmirə dayandırılıb. Cari ilin mart ayından burada əsaslı yenidənqurma işlərinə başlanılmışdır. 2002-ci ildən fəaliyyət göstərən kompleksdə 900 tamaşaçı yerlik universal zal, üzgüçülük hovuzu, güləş zalı, basketbol meydançası, trenajor zalı, digər köməkçi və texniki binalar mövcuddur. Burada cüdo, taekvando, karate, basketbol, gimnastika, voleybol, üzgüçülük, MMA kimi idman bölmələri fəaliyyət göstərir. 

Bunlardan əlavə, "Təhsil Respublika İdman Mərkəzi" və Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi üçün yeni binanın inşası da sürətlə davam edir. Yeni bina 6,4 hektar ərazidə yerləşir. Burada 4 yeni - üzgüçülük, atıcılıq, gimnastika, qılıncoynatma - olmaqla ümumilikdə 19 idman növü üzrə tədris aparılacaq. Ərazidə yarışların keçirilməsi üçün 850 nəfər tamaşaçı tutumuna malik 100 metrlik məşqlərin keçirilməsi üçün isə 90 metrlik futbol meydançaları, mini bağlı meydança, 520 yerlik tamaşaçı tutumuna malik basketbol meydançası, 520 yerlik tamaşaçı tutumuna malik tennis meydançası (kort), 168x48 kvadratmetr ölçüdə 10 idman zalı, 1080 nəfərlik universal zal, 350 yerlik tamaşaçı tutumuna malik üzgüçülük zalı olacaq. Ərazidə həmçinin şəhərə qonaq gələn idmançıların yerləşdirilməsi üçün 80 nəfərlik hotel də inşa edilir. 

- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu sahədə qazandığımız uğurlar, əldə etdiyimız nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən  yüksək qiymətləndirilir. Bu həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Ötən illər ərzində Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirə evsahibliyi edib. Buna 2015-ci ilin yayında ilk dəfə keçirilən I Avropa Oyunlarını misal göstərmək olar. Həmçinin 2016-cı ildən başlayaraq Bakıda hər il "Formula-1" Qran-prisi keçirilir. Bunlardan əlavə, 2017-ci ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edib. Bu il isə Azərbaycan, o cümlədən Gəncə III MDB Oyunlarının ünvanı olacaq. Təbii ki, həmin ərəfədə şəhərə çoxlu sayda idmançı və turist gələcək. Bununla bağlı hansı hazırlıq işləri görülür? 

- Bəli, həqiqətən III MDB Oyunları zamanı ölkəmizə, o cümlədən Gəncəyə idmançılarla yanaşı, xeyli sayda turistin gəlməsi də gözlənilir. İlkin proqnozlara görə, oyunlar zamanı şəhərimizə iştirakçı ölkələrdən idmançılar da daxil olmaqla, minlərlə xarici ölkə vətəndaşı gələcək. Gələn turistlərin Gəncə ərazisində olan hotellərdə yerləşdirilməsi planlaşdırılır. Hazırda Azərbaycan Hotellər Assosiasiyası Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi ilə birlikdə şəhərimiz də daxil olmaqla, bütünlükdə qərb bölgəsində fəaliyyət göstərən hotellərə ulduz sertifikatlarının verilməsi işini həyata keçirir. Bununla yanaşı, Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 423 ünvanının qarşısında Gəncə Turizm İnformasiya Məntəqəsi quraşdırılıb. Məntəqə həftənin 5 günü saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir. Burada Gəncənin və qərb bölgəsinə daxil olan turistik destinasiyaların müxtəlif çap materialları və tanıtım videoçarxlarını izləyib bölgəmiz haqqında geniş məlumat əldə etmək mümkündür. Eyni zamanda Gəncə Regional Turizm İdarəsi tərəfindən şəhərimizin turist xəritəsi, o cümlədən qərb bölgəsi üzrə turizm və ekskursiya marşrutu hazırlanıb. Digər işimiz bələdçilər şəbəkəsinin formalaşdırılması və turizm şirkətlərinə, turistlərə həm də müstəqil bələdçilər tərəfindən ödənişli xidmətlər göstərilməsinin təşkili olub. 

- Həmin ərəfədə şəhərə gələn qonaqların asudə vaxtlarının təşkili üçün hansı işlər görüləcəkdir?

- Şəhərimizə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün Gəncədə olan mədəniyyət və incəsənət müəssisələrinin repertuarlarının genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Gəncə Dövlət Milli Dram Teatrı Oyunların keçirildiyi müddətdə repertuarına 12 səhnə əsərini daxil edib. Həmin günlər teatra gələn tamaşaçılar "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah", "Toros canavarı", "Cavad xan", "Xərabət gözəli", "Kral ölür", "Ana",  "Xanuma" və s. tamaşaları izləyə biləcəklər. Digər tədbirlərimiz də olacaq. Çalışacağıq ki, qonaqlarımız boş vaxtlarında darıxmasınlar.

- Azərbaycanda keçirilən beynəlxalq yarışlarda könüllülərin fəaliyyətindən maksimum istifadə edilir. Təbii ki, III MDB Oyunları bu baxımdan istisna olmayacaq. 

 - Hazırda III MDB Oyunları üçün könüllülər qrupu yaradılır. Bu məqsədlə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrində təhsil alan tələbə-gənclərlə görüşlər keçirilir, müvafiq söhbətlər aparılır. Sözsüz ki, III MDB Oyunları regionlarda yaşayan və təhsil alan gənclər üçün beynəlxalq tədbirlərdə iştirak etmək, təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək və turizm sahəsində təcrübə qazanmaq üçün əvəzsiz bir fürsət olacaq və gənclərimiz bu fürsətdən yetərincə yararlanacaqlar.

- Niyazi müəllim, Gəncə Azərbaycanın qədim şəhərlərindən biridir. Son illər şəhərdə aparılan abadlıq və yenidənqurma işləri onu tanınmış Avropa şəhərləri ilə müqayisə etməyə imkan verir. Söz yox ki, bu inkişaf davam edir. Elə III MDB Oyunlarına hazırlıq dövründə də şəhərdə sürətli yenidənqurma işləri aparılır. 

- Dövlət başçısı III MDB Oyunlarının Gəncədə keçirilməsindən danışarkən qeyd etmişdir ki, həmin tədbirlə bağlı həm şəhər infrastrukturu yenilənəcək, həm də tarixi binaların bərpası və digər infrastruktur layihələri icra ediləcək ki, bizim qədim şəhərimiz olan Nizami yurdu Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda tarixi simasını və müasirliyini təqdim etsin. Elə ona görə də bu gün Gəncədə genişmiqyaslı təmir-tikinti və abadlıq işlərinə başlanılmışdır.

İlk növbədə onu bildirim ki, Gəncənin daxili avtomobil yollarında təmir-tikinti işləri həyata keçirilir. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Agentlik tərəfindən təmir olunan küçə və prospektlərin ümumi sahəsi 843 min, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunan küçə və məhəllədaxili yolların ümumi sahəsi 260 min kvadratmetrdir. Ümumilikdə 90-na yaxın küçə, prospekt və məhəllədaxili yolun asfalt örtüyü yenilənir. Həyata keçirilən işlər çərçivəsində vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün yararsız piyada səkiləri təmir olunur, zəruri olan yerlərdə yeni piyada səkiləri salınır.

Bununla yanaşı, şəhərin bir çox, xüsusən mərkəzi hissəsində fasadları təmir olunan fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilir. Ümumilikdə 91 min kvadratmetr ölçüdə dam örtüyünün yenilənməsi nəzərdə tutulur. Artıq 35 min kvadratmetr ölçüdə dam örtüyü yenilənib. Üstəlik, şəhərimizdə müxtəlif ərazilərdə 11 abad məhəllə də yaradılıb.

Paralel olaraq, "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində Gəncənin su təchizatı və kanalizasiya şəbəkəsinin tikintisi davam edir. İçməli su xətti şəbəkəsinin yenilənməsi və qurulması üzrə işlər təxminən 54, çirkli su xətti şəbəkəsinin yenilənməsi və qurulması üzrə isə 46 faiz icra edilmişdir.

- Yəqin park və xiyabanlar da unudulmur.

- Sözsüz. Bilirsiniz ki, Gəncədə sakinlərin və şəhərimizə gələn qonaqların zövqünü oxşayan xeyli sayda istirahət parkı və xiyaban mövcuddur. 450 hektar ərazidə yerləşən Heydər Əliyev Park-Xiyaban Kompleksi təkcə Azərbaycanın deyil, dünyanın ən böyük parklarından biridir. "Xan bağı" isə həm sakinlərin, həm də yerli və xarici turistlərin marağını çəkən istirahət parkları sırasındadır. Parkda aparılan əsaslı yenidənqurma işlərindən təqribən 15 ilə yaxın vaxt keçib. Bunu nəzərə alaraq "Xan bağı" istirahət parkında təmir işləri aparılır. Üstəlik, Gəncə şəhərinin Heydər Əliyev adına mərkəzi meydanında, Bayraq meydanında, Gəncəçay Park-Bulvar Kompleksində, həmçinin F.Əmirov adına parkda da genişmiqyaslı təmir-bərpa işləri görülür. Bundan başqa, Heydər Əliyev Park-Xiyaban Kompleksində 60 min kvadratmetr ərazidə ehtiyac duyulan hissələrdə tamet daşları yenilənəcək, ərazidəki süni göl yenidən qurulacaq, "Yaşıl teatr"da  da təmir-bərpa işləri aparılacaq. İstirahət parkında olan iki fəvvarə isə ötən il yenidən qurularaq istifadəyə verilmişdir. 

Onu da xatırladaq ki, qərb bölgəsində ilk dəfə olaraq Gəncə şəhərində Ekoloji Park Kompleksi yaradılmışdır. Prezident İlham Əliyev ötən ilin aprel ayında Gəncəyə etdiyi növbəti səfər zamanı burada aparılan işlərlə tanış olmuşdur. 11 hektar ərazini əhatə edən bu unikal parkda insanların rahatlığı və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Kompleksdə bütün fəsillər boyu müxtəlif növ nadir gül-çiçək və ağac tingləri də yetişdirilir. 

- Gəncə həm də tarixi abidələrlə zəngindir. Oyunların keçirildiyi ərəfədə həm idmançıların, həm də şəhərə gələn turistlərin həmin tarixi yerlərə ekskursiyaları nəzərdə tutulurmu?

- Təbii ki. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ölkənin elmi və mədəni həyatında xüsusi yerə malikdir. Bu özəl diyar dünyaya elmi bilikləri və fikirləri ilə öz dövrünü qabaqlamış mütəfəkkir Nizami Gəncəvi, şair, ilk şahmatçı qadın Məhsəti Gəncəvi, XVIII-XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mirzə Şəfi Vazeh kimi dahi klassiklər bəxş etmişdir. Şəhərimizdə xeyli sayda tarixi abidə, müzey və müasir mədəniyyət ocaqları mövcuddur. Bu tikililər şəhərin qədim tarixinə şahidlik etməklə bərabər, Gəncənin zəngin mədəni irsini özündə əks etdirir. Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvi Məqbərə Kompleksi, Cavad Xan türbəsi, Şah Abbas və Uğurlu xan karvansaraları, Gəncə qalası və digər abidələr tarixin qaranlıq səhifələrinə işıq tutaraq bu gündən keçmişə körpü salır. Çalışacağıq ki, gələn qonaqlar bütün bunları öz gözləri ilə görsünlər, onlar  haqqında ətraflı məlumat alsınlar.

Bir sözlə, çalışırıq ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qədim Nizami yurdu olan Gəncə bu mötəbər tədbir vasitəsilə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda tarixi simasını və müasirliyini təqdim etsin. Onu da bilirik ki, III MDB Oyunları üçün mərkəz şəhər məhz Gəncənin seçilməsi dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə və gəncəlilərə olan inamının nəticəsidir. Əminik ki, keçirilmiş digər beynəlxalq idman yarışları kimi, III MDB Oyunları da ölkəmizin imicinə əlavə töhfə verəcək, sürətli inkişafımızın göstəricisinə çevriləcək.


Müsahibəni apardı 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!