Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə bir gün qalır. Belə bir dövrdə Gəncədə fəaliyyət göstərən 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələrində hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmışdır.
Seçki dairələrini əhatə edən məntəqələr hələ seçki ərəfəsində əsaslı təmir edilmiş, zəruri texniki və metodiki vəsaitlər, elektrik generatorları, eləcə də rabitə şəbəkəsi ilə təmin edilmişlər. Məntəqələrin hər birində sədr, katib və üzvlər, eləcə də seçkini izləyəcək müşahidəçilər üçün yerlər ayrılmışdır. Bir sözlə, bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsinə yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.
Buna bir daha əmin olmaq üçün bir neçə məntəqədə olduq. 39 saylı Gəncə ikinci Seçki Dairəsinin 31 saylı məntəqəsində bütün hazırlıq işləri başa çatdırılmışdır. Seçicilərə bildirişlər paylanmış, daşınan və daşınmaz seçki qutuları hazırlanaraq möhürlənmiş, xəstə seçicilərin siyahısı tərtib edilmiş və onların seçkilərdə iştirakını təmin etmək üçün evlərə gedəcək qrupların üzvləri müəyyənləşdirilmiş, müşahidəçilər üçün yer ayrılmış, veb-kameranın işlək vəziyyəti bir daha nəzərdən keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının məntəqə üzvləri üçün keçirdiyi treninqlər də başa çatmışdır. İki gün davam edən təlimlərdə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının şəffaf mürəkkəblə işarələnməsi, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, səslərin hesablanması və digər məsələlər barədə ətraflı məlumatlar verilmişdir.
Gəncədə seçkilərlə bağlı yüksək fəallıq var. İnsanların əksəriyyəti bələdiyyə seçkilərində iştirak etmək qərarı vermişlər. Apardığımız sorğular bunu göstərir. Şəhərin ağsaqqallarından olan Müharif Abbasov deyir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da iştirak edəcək: "Bunun da əsas səbəbi ölkəmizin gündən-günə inkişaf etməsidir. Dövlət başçısının qətiyyətli siyasəti bizdə ruh yüksəkliyi yaradıb. Elə son illər Gəncədə görülən işlər də bütün sakinləri razı salır. Həyata keçirilən abadlıq və yenidənqurma işləri, park və xiyabanların yenilənməsi, küçə və prospektlərin abadlaşdırılması gəncəlilər tərəfindən razılıqla qarşılanır".
Şəhər sakini Elçin Əliyev də yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə öz münasibətini bildirdi. Dedi ki, insanlar bələdiyyələrə böyük ümidlə baxırlar: "Odur ki, onlar bu seçkilərdə daha işgüzar insanların bələdiyyə üzvləri seçilmələrini istəyirlər. Mən özüm kimə səs verəcəyimi artıq müəyyənləşdirmişəm".
Sabir ƏLİYEV,
"Azərbaycan"