Fransanın BMT yanında daimi nümayəndəliyi bildirib ki, Paris və Vaşinqton bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermə zamanı fərqli mövqelər tutublar
Fransanın BMT yanında daimi nümayəndəliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün səlahiyyət müddətinin uzadılması ilə bağlı fikir ayrılığı fonunda ABŞ-ni insan hüquqlarının müdafiəsi sahəsində tənqid etdiyinə görə Amerika tərəfinə üzrxahlıq edib. Bu barədə Fransanın diplomatik nümayəndəliyinin saytında yayımlanan bəyanatda bildirilib.
İyulun sonunda Volker Türkün səlahiyyət müddəti daha dörd il - 2030-cu ilin oktyabrınadək uzadılıb. ABŞ Rusiya, İsrail, KXDR və bəzi digər dövlətlərlə birlikdə onun mandatının uzadılmasının əleyhinə səs verib.
Fransanın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəliyi buna “X” sosial şəbəkəsində yaydığı bəyanatla reaksiya verərək ABŞ-nin artıq insan hüquqlarının müdafiəsi sahəsində dünya üçün örnək olmadığını bildirib. Buna cavab olaraq ABŞ nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının iclasında Fransa nümayəndəsinin çıxışını boykot edib və nümayişkaranə şəkildə zalı tərk edib. KİV-in məlumatına görə, ABŞ həmçinin Fransanın Vaşinqtona yeni səfiri vəzifəsinə namizəd Orelyen Leşevalyenin təyinatına mane olmaq imkanını nəzərdən keçirib.
“Fransanın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəliyi 25 iyul 2026-cı ildə “X” sosial şəbəkəsində yayımlanmış və ABŞ-nin insan hüquqlarının müdafiəsinə sadiqliyini şübhə altına alan paylaşımla bağlı təəssüfünü bildirir”, - deyə sentyabrın 11-də yayımlanan bəyanatda qeyd olunub.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Paris və Vaşinqton bu yaxınlarda BMT-də keçirilən səsvermə zamanı fərqli mövqelər tutublar. Bununla belə, vurğulanıb ki, “fikir ayrılığı insan hüquqlarının müdafiəsi məsələsinə deyil, konkret bir səsverməyə aid olub”.
Fransız diplomatlar əmin ediblər ki, ictimai müstəvidə yaranmış bu fikir ayrılığı ABŞ ilə sıx dialoqun davam etdirilməsinə mane olmur və iki ölkə arasındakı tarixi müttəfiqliyi şübhə altına almır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”