Aprelin
27-də "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin ikinci günündə pilotlar arasında
gərgin idman mübarizəsi yaşanıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə "Formula-1”
SOCAR Azərbaycan
Qran-prisi çərçivəsində təşkil olunan "Formula-2”nin birinci yarışı keçirilib. Yarışda
hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb.
Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar. Maraqlı idman mübarizəsinin yekununda
"Campos Racing” komandasının pilotu Cek Aitken qalib olub. "ART Grand Prix” komandasının
pilotu Nik de Vries ikinci, "MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri
tutublar.
Qaliblərə
mükafatları Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan
Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun
baş direktoru Florian Zenqstşmid təqdim ediblər.
Aprelin
28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Sonra "Formula-1”
SOCAR Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü olub. Yürüşə hər biri iki pilotdan
ibarət 10 komanda qatılıb. İştirakçılar bir saat ərzində uzunluğu 6 kilometr olan
Bakı trekində yarışıblar.
Yarışda "Ferrari”
komandasının pilotları uğur qazanıblar. Belə ki, Şarl Lekler birinci, Sebastian
Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen ("Red Bull Racing”) tamamlayıb.
Daha sonra
"Formula-1” yarışlarının sıralanma turu təşkil olunub. Maraqlı məqamlarla yaddaqalan
yarışda "Mercedes” komandasının pilotları Valtteri Bottaş və Luis Hamilton ilk iki
pillədə qərarlaşıblar. V.Bottaş 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554
saniyəlik nəticə göstəriblər. "Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə
40,797 saniyə) üçüncü yerdə qərarlaşıb. Sıralama turunun nəticələrinə əsasən, aprelin
28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
"Formula-1”
SOCAR Azərbaycan Qran-prisi aprelin 28-də keçiriləcək. Qran-prinin sonuncu günündə
saat 11:20-dən 12:00-dək azarkeş zonasında "Williams”, "Racing Point”, "McLaren”,
"Haas” və "Toro Rosso” komandalarının pilotlarının avtoqraf sessiyaları olacaq.
Saat 13:10-da "Formula-2” üzrə ikinci yarış start götürəcək.
Bundan sonra
ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi
və pilotların paradı təşkil olunacaq.
Dövlət himninin
səsləndirilməsindən sonra - saat 16:10-da "Formula-1” SOCAR Azərbaycan Qran-prisinə
start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 51 dövrə vuracaqlar.
Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların
gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi
müəyyənləşəcək.
Günün sonunda
"Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına unudulmaz
anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında
isə əsl bayram ab-havası yaşanacaq.
Qeyd edək
ki, ötən üç Qran-pridən sonra pilotların yarışına 44 xalla "Mercedes”in pilotu Valtteri
Bottaş liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Red
Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin
Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.
Cari çempionatın geridə qalan üç mərhələsində, eləcə də bugünkü sıralama yürüşündə
"Mercedes” komandasının pilotlarının inamlı çıxışı onların Bakıdakı yarışda da uğurla
çıxış edəcəkləri ehtimalını gücləndirir.
Üç Qran-prinin
yekununda Konstruktorların yarışında "Mercedes” komandası 130 xalla birinci sıradadır.
İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing
Honda”nın 52 xalı var.
Builki Bakı
yarışı "Formula-1” idmanı tarixində sayca 1001-ci Qran-pridir. Çində təşkil olunan
"Formula-1” üzrə 1000-ci Qran-pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-prisinin
qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə
təşkil olunan 900-cü Qran-pridə də qələbə qazanıb.
"Formula-1”
yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə təşkil olunan birinci
yarışda - "Formula-1” Avropa Qran-prisində "Mersedes” komandasının almaniyalı pilotu
Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan "Formula-1” Azərbaycan Qran-prisi
"Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi
ilə başa çatıb. Ötənilki Qran-pridə isə "Mersedes” komandasının britaniyalı sürücüsü
Luis Hamilton qələbə qazanıb.