Fövqəladə Hallar Nazirliyi şəhid övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə "açıq qapı" günü tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunub. "Açıq qapı" günündə paytaxtın Pirallahı, Suraxanı və Xəzər rayonlarından olan şəhid övladları iştirak ediblər.
Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə, Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, nazirliyin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, qurumun əməkdaşı Məhbubə Mustafayeva uşaqların təkcə cəmiyyətin xüsusi diqqət və qayğıya ehtiyacı olan hissəsi deyil, milli-mənəvi dəyərlərimizi yaşadan gələcəyə daşıyan təbəqəsi olduğunu vurğulayıblar.
Çıxış edənlər ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirildiyini bildirib, icra olunan layihələrdə həssas təbəqədən olan uşaqların, xüsusilə şəhid övladlarının əsas iştirakçı olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi də şəhidlərimizin əmanətlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya qoşularaq həyata keçirdiyi tədbirlərdə şəhid ailələrini hər zaman ön planda saxlayır. Şəhid övladlarının iştirakı ilə keçirilən tədbirlər barədə məlumat verən çıxışçılar "açıq qapı" gününün də bunlardan biri olduğunu deyiblər. Bildirilib ki, şəhid övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "açıq qapı" günü tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib. Nazirliyin Cənub Regional Mərkəzində start götürən "açıq qapı" gününə bu gün Bakıda keçirilən tədbirlə yekun vurulub. Silsilə tədbirlərdə 700-ə qədər şəhid övladının iştirak etdiyi və bu cür tədbirlərin davamlı olacağı vurğulanıb.
Həmçinin iyunda FHN tərəfindən təşkil ediləcək "Gənc xilasedici və yanğınsöndürən" yarışlarında ayrı-ayrı regionlardan olan şəhid övladlarının komanda şəklində iştirak edəcəyi də diqqətə çatdırılıb. Sonra uşaqlar Akademiyanın muzeyi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.
"Açıq qapı" günündə uşaqlara Nazirliyin xilasediciləri və yanğınsöndürənləri tərəfindən yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.
Uşaqların iştirakı ilə təşkil olunan təlim onlarda böyük marağa səbəb olub.
Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.