
Hörmətli redaksiya, fotoqraf kimi Azərbaycanın bir çox bölgələrində olmuşam. Ölkəmizin qənirsiz təbiət mənzərələrinin, tarixi əfsanələrə bağlanan abidələrin pərəstişkarıyam. Qazax rayonunda çəkdiyim şəkillər isə mənə məşhur Azərbaycan yazıçısı Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərini xatırlatdı. Şirinin xətrinə Bisütun dağını yaran Fərhadın hünərinə heyran qalmamaq olmur:
Fərhad külüng caldı, daş quma dondü,
Dağlar zərbəsindən bir muma dondü.
Külüngü qart daşı hey yara-yara
Daşların bağrında acırdı yara.
XII əsrdə yazılan bu misraları oxuyanda anlayırsan ki, dağları yarmaq, süd yolu çəkmək mümkün olan iş deyil, bu, sadəcə romantik bir dahinin təxəyyülünün poetik təcəssümüdür. Dahi şair bu şübhələri də bir neçə misra ilə dağıdır:
Ustanın əlinə keçənə qədər,
Adətdir ki, hər iş çətin görünər.
Polad yüz dağ olsa, yenə də inan,
Vurub parça-parça dağıdar insan.
Qazax dağlarının sinəsində daşdan çapılan neçə-neçə su arxını görəndə heyrətimi gizlədə bilmədim! Bu ərazilərdə Qədim Albaniyanın inkişaf etmiş əyalət mərkəzlərindən sayılan Kasaxa yerləşib. Hələ də sirri dəyərincə açıqlanmayan Avey mağaraları, Qızıl qaya, Yel dəyirmanı, Göyəzən möcüzələri nələrdən xəbər verir? Nə vaxtsa bu ərazilərdə yaşayış məskənləri olub. Buralara su gətirmək üçünsə yüzlərlə Fərhad kimi oğulun rəşadəti lazım gəlib. Dağların daş sinəsi şırım-şırım külünglə yarılıb, sonra su quyuları qazılıb və yağan yağışlar bu daş arxlarla axaraq quyulara tökülüb! Belə çıxır ki, Fərhad surəti, süd arxı dahi şairimizin romantik tapıntıları deyil. Bu ərazilərdə Fərhad kimi igidlər dağ yarıb, daşdan arxlar salıblar. Belə çıxır ki, dahi şair yaradıcılığında poetik fantaziyadan daha çox tarixin reallıqlarına söykənib.
Kərəm NƏBİYEV,
fotoqraf