AÇG indi həm də sərbəst təbii qaz vəd edir
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında çıxarıla bilən iri həcmdə sərbəst təbii qaz (STQ) ehtiyatlarının olduğu düşünülür.Bu ehtiyatların kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı keçən il sentyabrın 20-də imzalanmış sazişə uyğun olaraq işlər davam edir.
SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP və AÇG tərəfdaşları ilə birlikdə imzaladığı sözügedən sənəd Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlar bloku üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) yeni bir əlavə edildiyi barədə idi. Bu əlavədə tərəflərə AÇG yataqlarının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilib. Ehtiyatların isə xeyli iri həcmlərdə - 4 trilyon kubfutadək olduğu düşünülür.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. Keçən il imzalanan yeni sənəd də məhz mövcud HPBS-nin müddəti bitənədək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var. İnvestisiyaların həcmi ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsindən asılı olacaq. Onu qeyd edək ki, AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları mövcud HPBS-də olduğu kimidir. BP operator olaraq qalır.
SOCAR-ın prezidenti Rövşən Nəcəf sənədin imzalandığı vaxt demişdir: "Yeni qaz sazişinin imzalanması SOCAR üçün yeni strateji mərhələdir. Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bu layihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək".
BP-də də STQ layihəsini yüksək dəyərləndirirlər: "Bu saziş də bəlkə ilkin HPBS qədər əhəmiyyətlidir, çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına imkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək".
Qeyd edək ki, STQ hazırda məhsul verən neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir. Bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdir. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəlmişlər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiq aralığında 4 trilyon kubfuta qədər əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləmişdir.
BP şirkətinin cari ilin birinci rübünün yekunlarına aid bu günlərdə açıqladığı hesabatında bildirilir ki, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında isə gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir.
Xatırladaq ki, AÇG-dən neftlə yanaşı, səmt qazı da hasil olunur. "Əsrin müqaviləsi"nin 30 illiyinə, yəni keçən ilin sentyabrınadək bu yataqlar blokundan çıxarılan səmt qazının 57 milyard kubmetrdən çoxu təmənnasız olaraq Azərbaycan dövlətinə verilmişdir. 2025-ci ilin birinci rübü ərzində isə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə təhvil verilən səmt qazının həcmi gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə 0,9 milyard kubmetr olmuşdur.
Hələ 28 il əvvəl, 12 noyabr 1997-ci ildə "Çıraq"dan ilk neftin çıxarılması münasibəti ilə platformada keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyev demişdir: "Biz böyük bir işin əsasını qoymuşuq. Heç şübhə yoxdur ki, Xəzər dənizində həm "Əsrin müqaviləsi" ətrafında toplaşmış şirkətlərin yaratdığı konsorsiumun fəaliyyətinin nəticəsində, həm də imzalanmış başqa müqavilələrin həyata keçirilməsi nəticəsində bir çox belə gözəl platformalar yaranacaq, Xəzərin neft və qaz ehtiyatları dünya iqtisadiyyatına böyük kömək edəcəkdir".
İndi bütün bunlar reallıqdır. Prezident İlham Əliyevin dediyi kimi: "Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq... Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş səviyyəsi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2,6 trilyon kubmetr təşkil edirdi. Lakin indi yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq".
Sözügedən qaz həcmlərinə təbii ki, "Azəri-Çıraq-Günəşli"nin sərbəst təbii qazı da əlavə olunacaq.
Flora SADIQLI,
"Azərbaycan"