Əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət
mənzərələri, təbii bulaqlar Tovuzda turizmin inkişafı üçün geniş perspektivlər açır.
Bu imkanlardan səmərəli istifadə edən rayon rəhbərliyi də son illər bu sahəyə daha
çox diqqət ayırmış, nəticədə yeni istirahət mərkəzləri yaradılmış, rayona dincəlməyə
gələn xarici və yerli turistlərin sayı xeyli artmışdır.
Başqa sözlə, turizmin inkişafı ilə əlaqədar
Tovuz şəhərinin girəcəyində 5 hektar ərazidə Olimpiya idman kompleksi, onun yaxınlığında
5,2 hektar sahədə beşulduzlu "Ayan Palace” hoteli, karvansara tipli "Qala”, "Şəlalə”,
"Üç qala” kompleksləri tikilmiş, 10,4 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət
və istirahət parkı salınmışdır.
Rayon tarixi abidələr baxımından da turistlər
üçün maraqlıdır. Aşağı Quşçu kəndi ərazisində yerləşən, miladdan əvvəl VI minilliyə
aid Göytəpə yaşayış məskəni və onlarca digər qədim tarixi abidələrə olan maraq turizm
imkanlarını xeyli genişləndirmişdir. Turistləri məlumatlandırmaq məqsədilə yaşayış
məntəqələrində ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında məlumatlandırıcı
lövhələr vurulmuş, turizm məkanlarına gedən yollara asfalt salınmış, nişanlar quraşdırılmışdır.
Tovuzda turizmdən söhbət düşəndə Xınna dərəsi
ilə Əsrik dərəsinin adlarını xüsusilə qeyd edirlər. Təkcə Əsrik dərəsində təxminən
200-ə yaxın bulaq var. Yayın qızmar istisində bu ərazidə mövcud olan sərin hava
insanların istirahətinə geniş imkanlar açdığı üçün yay mövsümündə burada minlərlə
turist dincəlir. Xüsusilə müstəqillik illərində bu ərazidə turizmin inkişafı üçün
böyük işlər görülmüş, dərə boyu istirahət məkanları yaradılmışdır.
Rayon icra hakimiyyətində xarici turistlər
üçün yüksək səviyyəli istirahət məkanlarından söhbət düşəndə Xınna dərəsi adlanan
ərazidə salınmış yeni "Suyun səsi” istirəhət mərkəzinin adını çəkdilər. Dedilər
ki, beşulduzlu hotel səviyyəsində olan mərkəzdə yaradılan şərait həm yerli, həm
də xarici turistlərin ən çox maraq göstərdikləri məkanlardandır.
Geniş və rahat asfalt yolla Xınna dərəsinə
yollandıq. Yolboyu cərgə ilə sıralanmış Aran, Məşədilər, Yanıqlı, Qozdərə, Böyükxoşdarlı,
Sadıxlı və Kecabə kəndlərindən keçib "Suyun səsi” ailəvi istirahət mərkəzinə çatdıq.
Bizi istirahət mərkəzinin sahibi Eyvaz Şamiyev qarşıladı. Əslən tovuzlu olsa da,
Rusiya vətəndaşıdır. Bu məkana xərclədiyi 7 milyon manat vəsaiti də orada qurduğu
bizneslə əldə edib. Öz vətənində belə bir istirahət mərkəzini yaratmaq çoxdankı
arzusu olub.
Mərkəzlə yaxından tanış olduq. Hər iş səliqəli
və turistlərin ürəyincə yaradılıb. Hər tərəf göz oxşayır. Dördmərtəbəli istirahət
mərkəzinin əsas binası eyni vaxtda 200 turistin qalmasına imkan verir. Binada son
tamamlama işləri görülür. Tək və ailəvi qalmaq istəyənlər üçün də şərait yaradılıb.
Bundan başqa, mərkəzin ərazisində hər bir şəraiti olan 4 kottec inşa edilib. Ən
çox diqqətimizi istirahət mərkəzinin ərazisində olan iki çimərlik cəlb etdi. Hər
birinin uzunluğu 100 metr, eni 50 metr olan iki hovuzda təhlükəsizlik qaydaları
təmin edilib. Hovuzlar Xınna dərəsi boyunca axan Zəyəm çayının üstündə salındığından
hər gün suyu dəyişdirilir. Hovuzda 4 qayıq da var.
İstirahət mərkəzinin sahibi dedi ki, tam
istifadəyə verildikdən sonra burada müxtəlif attraksionlar, auropark, uşaq üzgüçülük
hovuzu inşa ediləcək, atla və mikroavtobuslarla gəzintilər təşkil olunacaq. Turist
marşrutlarında Tovuzun tarixi abidələrinə ekskursiyalar və görməli yerlərinə səyahətlər
nəzərdə tutulmuşdur.
Mərkəzə uzaq dağlardan içməli su xətti çəkilmiş,
qədim üslubda bulaq inşa edilmişdir. Ümumiyyətlə, istirahət mərkəzində səliqə-sahman
hökm sürür. İşçi heyəti yüksək təlimlərdən keçmişdir.
İstirahət mərkəzinin inşasına 3 il əvvəl
başlanılıb. Keçən ilin yay mövsümündə kotteclər istifadəyə verilib. Bu ildən mərkəz
ilboyu turist qəbul edəcək. Çünki istirahət mərkəzi qazla da təmin olunmuşdur. İstirahət
məkanı hələ tam hazır olmasa da, keçən il internet portalından məlumat əldə edən
insanlar yay istirahətlərini burada keçirmişlər. Gələnlərin əksəriyyəti Türkiyədən,
Rusiyadan və Gürcüstandan olub. Tezliklə tam gücü ilə fəaliyyət göstərəcək "Suyun
səsi” ailəvi istirahət mərkəzində dincələnlərin sayı dəfələrlə artacaq.
Beləcə, Tovuz respublikamızın turizm mərkəzlərindən
birinə çevrilir. Uca dağlar, gur axan çaylar, buz bulaqların suyu, yaşıl örpəyə
bürünmüş yamaclar istər yerli və istərsə də xarici turistlərin təbiət qoynunda mənalı
istirahətini təmin etməklə yanaşı, onların bu bölgəyə maraqlarını da artırır. Bu
işdə Xınna dərəsində istifadəyə verilən "Suyun səsi” ailəvi istirahət mərkəzinin
də böyük rolu olacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan”