Qərb regionda yeni müharibə planı hazırlayır
Ermənistandan ziddiyyətli məlumatlar gəlməkdə davam edir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır.
Mirzoyan qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər. Eyni zamanda erməni nazir deyib: "Biz Türkiyə ilə dialoqu qısa zamanda müsbət sonluğa çatdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Bu barədə həm Ermənistan, həm də Türkiyə mütəmadi olaraq bəyanatlar veriblər. Müəyyən mənada bu proseslər hətta Ukrayna ətrafında baş verən hadisələri qabaqlaya və ya onlarla paralel gedə bilər".
Ermənistandan gələn xəbərləri təhlil etdikdə hayların təhlükəli oyunlara hazırlaşdığını görməmək mümkün deyil. Heç şübhəsiz ki, Ararat Mirzoyanın ölkəsinin sülhə hazır olması barədə bəyanatı xarici auditoriyaya hesablanıb. Dünyada sülhə hazır olduğu görüntüsünü yaratmağa çalışan rəsmi İrəvanın son hərəkətləri, mövcud revanşist əhvali-ruhiyyə bu ölkənin Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşdığını göstərir. Məsələ burasındadır ki, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir də. "Hraparak" nəşri yazır ki, baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycanla sülh prosesinin dalana dirəndiyini qeyd edib. Partiyadaşları ilə görüş zamanı Paşinyanın "Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib".
Xəbərlərdə bu ölkənin Azərbaycanla şərti sərhədinin müxtəlif istiqamətlərinə qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrinin qurulması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrinin yaradılması, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələrinin yerləşdirilməsi kimi ciddi narahatlıq doğuran məqamlar var. Son günlər Paşinyanın partiyasının üzvləri də Zəngəzura (Sunik) intensiv səfərlər etməkdədirlər. İqtisadiyyat naziri Gevorq Papoyan da ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli əhali ilə söhbətində müharibənin qaçılmaz olduğunu xüsusi olaraq vurğulayıb. Görünən budur ki, Ermənistan yeni muharıbə hazırlığındadır. Elə erməni mətbuatında da bu gün daha çox gündəm olan müharibə mövzusudur. Ehtiyatda olan əsgər və zabitlərə çağırış vərəqələri göndərilməsi, apreldən iyuna qədər 10 həftəlik hərbi hazırlığa cəlb ediləcəkləri barədə məlumatlar müharibə anonsunun ciddi olduğuna əsas verir.
Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransa öz maraqlarını bölgədə gücləndirmək məqsədilə Ermənistanı hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika ilə təchiz edir. Qeyd edək ki, sülh müqaviləsini imzalamağa "hazırlaşan" Ermənistan son vaxtlar "CAESAR 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və "hava-hava" tipli raketlərlə təmin edilib. Ermənistan ordusunun son zamanlar tədarük etdiyi müasir slihların siyahısında R511 və R530 "hava-hava" raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri də var. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin arsenalına Fransanın "Apilas" tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi daxil olub.
Ermənistanın silahlanması regionda təhlükəsizlik risklərini artırır. Bu məqamda xüsusi olaraq qeyd edək ki, Avropa İttifaqının Sülh Fondunun Ermənistana yardım ayırması açıq-aşkar regionda reallıqları dəyişməyə hesablanmış addımlardır. Regionda sülh ritorikası arxa plana keçir, müharibə ehtimalı artır. İstər Ermənistan Müdafiə Nazirliyi, istərsə də bu ölkəni silahlandıranlar "silahlanmanın hər bir ölkənin suveren hüququ" olduğunu dəfələrlə qeyd ediblər. Təbii ki, bu, hüquqi baxımdan belədir. Amma müharibə vəziyyətində olan bir ölkənin o silahları kimə yönəldəcəyini də izah etməyə qəti ehtiyac qalmır. Hadisələrin gedişi deməyə əsas verir ki, Qərb açıq şəkildə regionda yeni müharibə planı hazırlayır. Bu səbəbdən də Ermənistana hər cür dəstək verir. Lakin bu, Ermənistana heç də xeyir gətirməyəcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".
Elşən QƏNİYEV,
"Azərbaycan"