17 Noyabr 2022 02:25
1014
CƏMİYYƏT
A- A+
Elgün İsmayılov adına…

Elgün İsmayılov adına…

 

"Azərbaycan" qəzeti şəhid əməkdaşının xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurdu

 

Vətən eşqi dünyadakı ən ali, ülvi hissdir. Şəhidlik məqamı isə Vətənə məhəbbətin zirvəsidir. Sinələrini düşmən gülləsinə sipər edən, qanları ilə qara torpağı suvarıb laləzar Vətənə çevirən qəhrəman oğulların pak ucalığıdır. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban edərək əbədiyyətdə yolçuluğa çıxan müqəddəs şəhidlərimizdən biri də 48-ci doğum günü onsuz keçirilən, şəhidliyinin 28 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur. 
1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilən Elgün Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb.
1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilib. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülüb. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olub. Burada düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinə qədər döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Elgün İsmayılov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 
Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.
2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də keçirilir.
Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il də Elgünün xatirəsi ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzüldü və ruhuna dualar oxundu.
Sonra anım mərasimi redaksiyada davam etdirildi. Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla anıldı.  
Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, vətənpərvərlik mövzusu "Azərbaycan" qəzetində dərc olunan yazılar içərisində hər zaman qırmızı xətt kimi keçir. Elə Elgün İsmayılovun xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə redaksiya əməkdaşlarının məhz vətənpərvərlik mövzusunda yazdıqları məqalələri təqdim etmələri də bunun bariz göstəricisi, eyni zamanda "Azərbaycan" qəzetində vətənpərvərlik mövzusunda yaradıcılığa geniş meydan verilməsinin əyani təsdiqidir. 
Baş redaktor söylədi ki, artıq iki ildir ki, Elgünün xatirəsinə həsr olunmuş yaradıcılq müsabiqəsi əvvəlki illərdən daha fərqli ab-havada, böyük zəfər ruhu ilə qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi hərbi-siyasi qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıdıb. "Dəmir yumruğ"un zərbəsi cəmi 44 gün ərzində mənfur düşmənin belini qıraraq torpaqlarımızı 30 illik işğaldan azad edib, yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinə birdəfəlik son qoyub, müqəddəs şəhidlərimizin ruhunu şad edib: "30 ildir təqvimlərimizdə yer alan qara günlərin yerini indi al-qırmızı bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini bizə ürəklərində vətən sevgisi daşıyan, bu uğurda gözlərini qırpmadan ölümə atılan qəhrəman oğullarımız bəxş ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verən igidlərimizin hər birinin ömür yolu gənclərimizə örnəkdir". 
"İndi xalqımız Qarabağda və Şərqi Zəngəzurda müzəffər lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun, Böyük qayıdışın təntənəsini yaşayır", - deyən Bəxtiyar Sadıqov vurğuladı ki, budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsindəki qələbəmiz, Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə bağlı olması heç də təəccüblü deyil: "Biz bu gün torpaqlarımızı işğaldan azad etsək də, hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət ayırmalı, şəhidlərimizin xatirəsini əziz tutmalı və belə mövzulara həsr edilmiş müsabiqələrdə qələmimizi sınayaraq təkmilləşdirməliyik".
Sonra Bəxtiyar Sadıqov müsabiqənin nəticəsini elan etdi. Builki müsabiqənin yekunlarına görə, redaksiyanın əməkdaşları - İqtisadiyyat şöbəsinin redaktoru Flora Sadıqova - "İqtisadiyyatımız Vətən müharibəsi günlərində" rubrikasında dərc olunmuş silsilə məqalələrinə, Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru  Rəşad Baxşəliyev - İşğaldan azad edilmiş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən hazırladığı silsilə reportajlarına, Parlament və siyasət şöbəsinin müxbiri Yasəmən Musayeva - Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərdən, şəhid ailələrindən hazırladığı silsilə publisistik reportajlarına görə  "Azərbaycan" qəzetinin fəxri diplomu və pul mükafatları ilə təltif olundular.
Qaliblərdən Flora Sadıqova söylədi ki, bu müsabiqədə təltif olunmaq mənim üçün böyük fəxrdir. Ona görə ki, bu, "Azərbaycan" qəzetinin təsis etdiyi, həm də kollektivimizin əməkdaşının adına olan mükafatdır. Artıq 20-ci dəfədir ki, Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini keçiririk və mən burada sayca 5-ci mükafatımı alıram. Bu da əlavə fəxr hissi bəxş edir. 
Qaliblərdən biri, özü də 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı olmuş Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev qeyd etdi ki, istənilən müsabiqədə qaliblər sırasında olmaq jurnalist üçün fərəhlidir. Amma vətənpərvərlik mövzusu, xüsusən də şəhidlərimiz haqqında yazılar, reportajlar hazırlayıb qalib olanda iftixar hissi keçirirsən: "Etiraf edim ki, bundan öncə keçirilən müsabiqələrdə qaliblər sırasında olsam da, bugünkü hissləri heç zaman yaşamamışdım. Çünki 20 yaşında canını Vətən uğrunda fəda edən qəzetimizin əməkdaşı, qəhrəman kəşfiyyatçımızın və Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ruhları işğal dövründə şad deyildi. 44 günlük Vətən müharibəsindəki zəfərimiz şəhidlərimizin qanını yerdə qoymadı". 
R.Baxşəliyev deyir ki, artıq iki ildir ki, bu müsabiqədə ürəklə, fəxr hissi ilə iştirak edir: "Bəlkə də, bu gün hamıdan çox sevinən mənəm. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdə payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam ki, mən həm də "Azərbaycan" qəzetində Elgünün davamçısı oldum və şəhid qardaşımızın qisasını alıb qazi kimi redaksiyamıza qayıtdım. Qürurluyam həm də ona görə ki, geriyə əliboş dönmədim. Ali Baş Komandan İlham Əliyevin məni təltif etdiyi "Qubadlının azad olunmasına görə" medalı məhz Elgünün ölməz ruhu üçün ən əziz xatirə nişanı oldu. Çünki Elgün Qubadlıda doğulub boya-başa çatmışdı. Bu torpaqların azadlığı uğrunda canından-qanından keçmişdi ki, onun sakinləri şad-xürrəm yaşasınlar". 
Özü də keçmiş məcburi köçkün olan Yasəmən Musayeva söylədi ki, parlaq Qələbəmiz, həm də 30 ildir ki, torpağından didərgin düşərək vətəndə qəribçilik çəkən insanlarımızın nisgilinə son qoydu: "Mən də vətənimə - Kəlbəcərə ziyarətə getdim, o yerlərimizi bir daha dünya gözü ilə gördüm. Eyni zamanda jurnalist olaraq azad torpaqlarımızdan ilk reportajımı hazırladım. Bugünkü müsabiqədə məhz həmin yazılarımla qalib seçildim. Bu sadaladıqlarım isə mənim üçün böyük xoşbəxtlik, bir zamanlar bəlkə də gerçəkləşməsi çətin görünən möcüzənin özüdür".
Şəhid Elgün İsmayılovun atası, Əməkdar jurnalist, AzƏrTac-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Vətən uğrunda canlarından keçən hər bir şəhidin şərəfli ömrünün örnək olmasını təbliğ edən "Azərbaycan" qəzetinin baş redaktoruna və kollektivinə ailəsi adından təşəkkürünü bildirdi. Şəhid atası vurğuladı ki, Elgünün xatirəsinin ona doğma olan iş yoldaşları tərəfindən hər zaman ehtiramla yad edilməsi,  redaksiyada xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsi onu çox qürurlandırır. 
Şəhid atası dedi ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində milli qürurumuzu geri qaytardı: "Bu sevinci, bu qüruru bizə yaşadan isə şəhidlərimiz, Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərə qatılan rəşadətli ordumuzdur. Övladım Elgün Murov dağın Ömər aşırımında şəhadətə yüksəlmişdi. İkinci Qarabağ savaşında ordumuzun ilk uğurlarından biri də oğlumun şəhid olduğu məhz həmin yüksəkliyin işğaldan azad edilməsi idi. Onda mən bir şəhid atası kimi sevindim və qürurlandım ki, Elgünün qisası alındı, onun qanı yerdə qalmadı. Şükürlər olsun ki, şəhidlərimizin ruhu şaddır, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız indi Prezidentimizin də dediyi kimi, cənnətə çevrilir".
D.İsmayılov qeyd edib ki, bu ənənənin davam etdirilməsi Elgünün ailəsi üçün qürurvericidir.

Nəzrin QARDAŞXANOVA,
Ülkər XASPOLADOVA, 
İlham BABAYEV (foto),
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!