22 İyul 2026 12:01
143
SİYASƏT
A- A+
“Əkinçi”dən başlayan şərəfli yol

“Əkinçi”dən başlayan şərəfli yol


22 iyul günü Azərbaycanda mətbuat işçilərinin peşə bayramı olmaqla yanaşı, həm də milli oyanışın, maarifçiliyin, azad sözün və dövlətçilik ənənələrinin başlanğıcını ifadə edən əlamətdar tarixdir. Məhz 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoyaraq xalqımızın ictimai fikir tarixində yeni mərhələnin başlanğıcına çevrildi. Aradan keçən 151 il ərzində Azərbaycan mətbuatı mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş, cəmiyyətin maariflənməsinə, milli şüurun formalaşmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına misilsiz töhfələr vermişdir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir." Bu fikir milli mətbuatın yalnız xəbər çatdıran vasitə olmadığını, həm də xalqın milli taleyini, azadlıq mübarizəsini və dövlətçilik ideyalarını yaşadan mühüm ictimai institut olduğunu göstərir.

XIX əsrin ikinci yarısı Azərbaycan tarixində iqtisadi və mədəni yüksəliş dövrü idi. Bakı dünyanın aparıcı sənaye və neft mərkəzlərindən birinə çevrilir, maarifçilik ideyaları geniş yayılırdı. Belə bir şəraitdə xalqın ana dilində informasiya almağa ehtiyacı yaranmışdı.

Bu tarixi zərurətdən doğan "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, Azərbaycan xalqının ictimai fikrində silinməz iz buraxdı. Həsən bəy Zərdabi qəzet vasitəsilə insanları elmə, təhsilə, tərəqqiyə çağırır, cəhalətə və xurafata qarşı mübarizə aparırdı. "Əkinçi" yalnız qəzet deyildi, milli özünüdərkin məktəbi idi.

Çar Rusiyasının təzyiqləri nəticəsində qəzetin fəaliyyəti dayandırılsa da, onun yaratdığı maarifçilik ənənəsi sonrakı illərdə yeni qəzet və jurnalların meydana çıxmasına səbəb oldu. "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" kimi nəşrlər Azərbaycan milli mətbuatının inkişafını davam etdirərək xalqın ictimai-siyasi düşüncəsinin formalaşmasına böyük təsir göstərdi.

Azərbaycan milli mətbuatı yaranmasının ilk günlərindən xalqın milli maraqlarını müdafiə edib. XX əsrin əvvəllərində istiqlal ideyalarının geniş yayılmasında qəzet və jurnallar mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan ideoloji proseslərdə mətbuat əvəzsiz xidmət göstərdi. Sovet dövründə ideoloji məhdudiyyətlərə baxmayaraq, milli mətbuat Azərbaycan dilinin, milli mədəniyyətin və mənəvi dəyərlərin qorunmasına xidmət etməyə davam etdi. Müstəqilliyin bərpasından sonra isə media tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Bu islahatların əsas istiqamətlərindən biri də söz və mətbuat azadlığının təmin edilməsi idi. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv edilməsi Azərbaycanın media tarixində dönüş nöqtəsi oldu. Bu qərar jurnalistlərin sərbəst fəaliyyətinə geniş imkan yaratdı və ölkədə azad mətbuat mühitinin formalaşmasına ciddi təkan verdi. Eyni zamanda medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi, qəzetlərin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi. Bu dövrdə mətbuat dövlətin tərəfdaşı kimi cəmiyyət həyatında daha fəal rol almağa başladı. Son iyirmi ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli medianın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, operativ, obyektiv və milli maraqları qoruyan media güclü dövlətin əsas institutlarından biridir. Mediaya dövlət dəstəyi sistemli xarakter alıb. "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi bu istiqamətdə atılan mühüm addımlardır.

Bu islahatlar medianın hüquqi bazasının müasirləşdirilməsinə, peşəkarlığın artırılmasına, informasiya təhlükəsizliyinin gücləndirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

İnformasiya texnologiyalarının sürətli inkişafı medianın fəaliyyət prinsiplərini tamamilə yeniləyib. Ənənəvi qəzetçilik artıq rəqəmsal platformalarla sıx inteqrasiya olunur. İnternet media, sosial şəbəkələr, multimedia jurnalistikası və süni intellekt informasiya istehsalının əsas elementlərinə çevrilməkdədir. Bu proses Azərbaycan mediasına da yeni imkanlar qazandırır. Ölkəmizdə yüzlərlə onlayn informasiya resursu fəaliyyət göstərir, xəbərlər saniyələr ərzində dünyanın istənilən nöqtəsinə çatdırılır. Eyni zamanda bu inkişaf dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyası kimi yeni çağırışları da gündəmə gətirir. Məhz buna görə də müasir jurnalistika yalnız operativlik deyil, həm də peşəkarlıq, etik davranış, faktların yoxlanılması və milli maraqların qorunması prinsiplərinə əsaslanmalıdır.

Azərbaycan mediasının ən şərəfli səhifələrindən biri 44 günlük Vətən müharibəsi dövrünə təsadüf edir. İnformasiya cəbhəsində çalışan jurnalistlər Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıraraq erməni təbliğatına qarşı mühüm mübarizə apardılar. Müharibə dövründə yüzlərlə jurnalist ön cəbhədə fəaliyyət göstərdi, hadisələri operativ şəkildə işıqlandırdı, xalqın birliyinin möhkəmlənməsinə və informasiya təhlükəsizliyinin qorunmasına böyük töhfə verdi.

Postmüharibə dövründə də media işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış prosesini və Azərbaycanın yeni inkişaf mərhələsini geniş şəkildə dünya ictimaiyyətinə çatdırır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa son illərdə beynəlxalq media əməkdaşlığının əsas platformalarından birinə çevrilib. Burada keçirilən Qlobal Media Forumları müxtəlif ölkələrdən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirərək aktual informasiya məsələlərinin müzakirəsinə şərait yaradır. 2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumunda sülhün təşviqində medianın rolu, dezinformasiyaya qarşı mübarizə, ictimai etimadın bərpası, süni intellekt dövründə jurnalistika etikası və rəqəmsal təhlükəsizlik kimi mühüm məsələlər geniş müzakirə olundu. Bu forumlar Azərbaycanın qlobal informasiya məkanında nüfuzunu daha da artırmaqla yanaşı, ölkəmizin beynəlxalq media əməkdaşlığında fəal iştirakını nümayiş etdirir.

Son illərdə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Vergi güzəştləri, güzəştli ipoteka imkanları, media subyektlərinə maliyyə dəstəyi, peşəkar inkişaf proqramları və müxtəlif müsabiqələr jurnalistikanın dayanıqlı inkişafına xidmət edir. Media sahəsində aparılan islahatların növbəti mərhələsi kimi 2026-cı ildə Media və Yayım Şurasının yaradılması ilə bağlı qanunvericilik təşəbbüsü də medianın vahid idarəetmə sisteminin formalaşdırılmasına yönəlmiş mühüm addım hesab olunur.

Bu gün Azərbaycan mediası 151 illik zəngin tarixə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran əsas vəzifələr sırasında süni intellekt texnologiyalarının tətbiqi, media savadlılığının artırılması, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qloballaşan dünyada milli informasiya resurslarının gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və cəmiyyətin düzgün məlumatlandırılması Azərbaycan mediasının əsas missiyası olaraq qalır. 151 illik inkişaf yolu göstərir ki, Azərbaycan milli mətbuatı hər zaman xalqın taleyi ilə birgə addımlayıb. "Əkinçi"dən başlayan bu müqəddəs yol bu gün müasir rəqəmsal media platformalarına qədər uzanır. Milli mətbuat maarifçiliyin, dövlətçiliyin, milli həmrəyliyin və müstəqilliyin etibarlı dayağı kimi fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mediası milli maraqları qorumalı, peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalmalı, dövlətimizin və xalqımızın həqiqətlərini dünyaya çatdırmalıdır. Bu məsuliyyətli missiya Azərbaycan jurnalistikasının gələcək inkişaf yolunu müəyyənləşdirən əsas meyardır.

Bu il milli mətbuatımız təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inamın ifadəsidir. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan bu müqəddəs yol bu gün müasir Azərbaycanın inkişaf strategiyası ilə uzlaşaraq dövlətimizin informasiya təhlükəsizliyinin, milli maraqlarının və cəmiyyətimizin tərəqqisinin ən mühüm sütunlarından biri kimi öz tarixi missiyasını uğurla davam etdirir.

Şahin Seyidzadə,

Milli Məclisin deputatı 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

ABŞ qüvvələri Oman körfəzi sahilindəki İran şəhərlərinə hücum edib  

12:41
22 İyul

Göygöldə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib  

12:33
22 İyul

Fransada 15 yaşadək uşaqların sosial mediadan istifadəsi qadağan edilir  

12:29
22 İyul

Azərbaycan-Almaniya tərəfdaşlığında yeni səhifə açılır

12:18
22 İyul

“Əkinçi”dən başlayan şərəfli yol

12:01
22 İyul

Prezident İlham Əliyevin Almaniyaya səfəri Türkiyə mediasının diqqət mərkəzindədir

10:55
22 İyul

Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır

10:53
22 İyul

Qızıl 4137 dollardan baha satılır

10:34
22 İyul

Azərbaycan neftinin qiyməti 99 dollara çatır

10:23
22 İyul

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!