02 İyul 2025 09:00
1178
Mədəniyyət
A- A+
"Əkinçi" qəzeti - tariximizin sönməyən məşəli

"Əkinçi" qəzeti - tariximizin sönməyən məşəli


Bütün millətlərin tarixdəki varlığı, yeri, mövqeyi, keçmişi və gələcəyi onun mədəniyyəti, ədəbiyyatı, mətbuatı ilə ölçülür. Sanki bütün bunlar millətlərin mənəvi kimliyinin göstəricisidir. Azərbaycan mətbuatının yaranmasında, yaşanmasında, formalaşmasında böyük xidmətləri olmuş görkəmli publisist Ömər Faiq Nemanzadə yazırdı ki, mətbuatı olmayan millətin nə məhəbbəti - vətəniyyəsi, nə qeyrəti, milliliyi və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər. Görkəmli publisist daha sonra fikirlərinə davam edərək yazır: "Tarix bizə göstərir ki, bir millətin cəngavərliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyat var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz". 

Məhz buna görə də bütün xalqlar zaman-zaman mədəniyyətlərini, ədəbiyyatlarını, mətbuatlarını yaratmış, inkişaf etdirmiş və gələcək nəsillərə ötürmüşlər. Biz xalq olaraq şərəfli tarixi keçmişi olan mədəniyyətimizlə, ədəbiyyatımızla və mətbuatımızla fəxr edə bilərik. İlk milli mətbuatımızın yaranması ilə hamımız qürur duyur, iftixar hissləri keçiririk. Təqvimimizə yazılmış həmin günün gəlişini səbirsizliklə gözləyirik. Tarixdən məlum olduğu kimi, hamımız üçün belə əziz və doğma olan günlərdən biri də 22 iyul 1875-ci ildir. Həmin tarixdə milli mətbuatımızın qaranlıqları işıqlandıran çırağı yandırılıb. 


Millətinin işıqlı sabahı üçün döyünən ürək 


Daim sevincini yaşadığımız bu tarix bütün yaradıcı insanlar üçün iftixar və qürur mənbəyidir. Fəxr etdiyimiz həmin müqəddəs günü tariximizə dövrünün görkəmli ziyalısı, millətinin gələcəyini düşünən Həsən bəy Zərdabi yazıb. Özü də şərəf dolu bu tarixi qeyrətinin qətiyyəti, ürəyinin qanı, qəlbinin istəyi, dövrünün tələbi, xalqına olan sonsuz sevgi və məhəbbəti ilə yazıb. Ona görə yazıb ki, övladı olduğu, dünyalarca sevdiyi xalqı dünyanın başqa xalqlarından geri qalmasın. 

Yaşadığı dövrün qaranlıqlarına gur işıq salmaq üçün Həsən bəy Zərdabi üzləşdiyi bütün çətinlikləri dəf edərək həmin tarixi gündə şəxsi vəsaiti hesabına "Əkinçi" qəzetini nəşr etdirib. Elə həmin gündən də Zərdabi, sözün həqiqi mənasında, mətbuatımızın əkinçisinə çevrilib. Ürəyi millətinin sabahı üçün döyünən, qəlbi xalqının gələcək taleyi ilə vuran Həsən bəy "Əkinçi"ni nəşr etdirməyə başlayanda yaşı da elə çox deyildi, 33 yaşındaydı. Həmin çağlarda Həsən bəy ömrünün ən qaynar, ən gözəl illərini yaşayırdı. Yaşadığı bu ömrü xalqının, millətinin inkişafına sərf etmək istəyirdi. Böyük ədib istəyinə nail oldu, arzusuna çatdı. Rusiyada ali təhsil almış 33 yaşlı bu gənc əlində olan bütün var-dövlətini millətini oyatmaq, xalqının qabaqcıl, zamanla ayaqlaşan biliklərə yiyələnməsi üçün ziya vermək işinə sərf etdi. Qarşılaşdığı çətinliklərə sinə gərərək müqəddəsdən müqəddəs, işıqlıdan işıqlı, nurludan nurlu çətin, amma xalqı üçün çox gərəkli olan uzun bir yola çıxdı.

"Əkinçi"nin nəşrə başladığı zamanlarda heç də hamı təhsilli, elmli deyildi. Cəmiyyətdə cahillik, avamlıq və cəhalət dumanı hökm sürürdü. Xalq elmdən, təhsildən çox-çox uzaq idi. O dövrdə elmə, təhsilə maraq göstərənlər barmaqla sayılırdı. Demək olar ki, həmin çağlarda mətbuatın, maarifin mahiyyətini dərindən anlayanlar yox dərəcəsində idi. Bəlkə də var idi, amma özlərinə əziyyət verib anlamaq istəmir, cəhalətin içində mürgü vururdular. Həsən bəy Zərdabi işıqlı düşüncələr içində yaşadığı həmin qaranlıq, dumanlı dövrü belə təsvir edirdi: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın".


Zərdabi cəhalətin tüğyan etdiyi bir vaxtda qəzetin gücünə inanırdı


Cəmiyyətdə avamlığın, cəhalətin hökm sürdüyü bir vaxtda Zərdabi zəmanəni anlayan insanları sanki çıraqla axtarırdı. Böyük düşüncə sahibi, işıqlı, nurlu insan elə bu məqsədlə də "Əkinçi"si ilə çətin, müqəddəs bir yola çıxmışdı. Anlamaq dərdi təkcə H.Zərdabini deyil, görkəmli yazıçımız Cəlil Məmmədquluzadəni də  ömürboyu düşündürmüşdü. Böyük ədibimiz yazırdı ki, sözünü o kəslərə de ki, sənə qulaq asmırlar. Xalqını sevən bu böyük yaradıcı insanlar yaxşı bilirdilər ki, cəhaləti, avamlığı yalnız elmlə, təhsillə insanların beynindən silib atmaq mümkündür. Onlar sözün qüdrətinə, gücünə inanırdılar. Elmə, biliyə yüksək dəyər verən Həsən bəy Zərdabi zəmanədən gileylənərək yazırdı ki, elmsiz dolanmaq mümkün deyil. 

Həmin günlərdə Zərdabi yazırdı: "Həqiqət elm-təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır". Bax, belə bir mürəkkəb dövrdə "Əkinçi" də qaranlığa, cəhalətə açılan işıqlı və geniş qapı oldu. Bu qapıdan düşən nur insanların yatmış şüurlarını oyatdı, dünyagörüşlərini təzələdi, fikirlərinə yenilik toxumları səpdi və onları cücərdərək böyütdü. Zaman-zaman xalqını cəhalətdən, avamlıqdan, cahillikdən uzaqlaşdırmağa çalışdı. Həsən bəy Zərdabinin fikirləri həmin günlərdə cəhalətin hökm sürdüyü cəmiyyətin bütün qaranlıq guşələrinə işıq salırdı. 

Zərdabi ümidsiz, inamsız deyildi. O, qəzetin gücünə, sözün qüdrətinə, fikrin işığına inanırdı. Və elə bu inamla da yazırdı: "...Belədə qəzet çıxarmaqdan savay qeyri bir əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar". 


Uzun və müqəddəs bir yolun yolçusu


İçindən çıxdığı millətini cəhalətdən qurtarıb elm və təhsil yoluna gətirəcəyini düşünən Həsən bəy Zərdabi böyük həvəs və qətiyyətlə maarifçilik işinə başladı. Amma o zamanlar qəzet buraxmaq da asan iş deyildi. Bunun üçün ilk növbədə bir çox çətin məsələ həll olunmalıydı, keçilməz sədlərdən keçilməliydi, zirvələr fəth olunmalıydı. Yaşadığı günlərin ağrı-acılarla dolub-daşan mənzərəsini Zərdabi belə təsvir edirdi: "Qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaş yox, kitabxana yox, hürufat yox, əmələ yox. Bir-iki yüzdən yuxarı da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır".

Qayğıları, problemləri saysız-hesabsız olsa da, qarşılaşdığı çətinlikləri yorulmaq bilmədən mərhələ-mərhələ dəf edən Həsən bəy Zərdabi 1875-ci il iyul ayının 22-də böyük tarix yazaraq milli mətbuatımızın ilk kərpiclərini qoydu, "Əkinçi" qəzetinin ilk nömrəsini buraxdı. Necə deyərlər, uzun və müqəddəs bir yola çıxdı. "Əkinçi" milli mətbuatımızın ilk qaranquşu oldu. Təəssüflər ki, qəzetin ömrü o qədər də uzun olmadı. Nəşri iki il davam elədi. Amma bu iki il ərzində qəzet çox iş gördü. Onun səhifələrində həm kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində maraqlı məlumatlar, həm də təbabətə, fiziologiyaya aid dəyərli məlumatlar dərc olunurdu. Beş şöbədən ibarət olan "Əkinçi"nin səhifələrində "Müsəlmanların geri qalmalarının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və digər mövzularda bir-birindən maraqlı materiallar dərc olunurdu.

Həsən bəy Zərdabi iki il ərzində "Əkinçi"si ilə mətbuatın, qəzetin nə olduğunu xalqa göstərməyi bacardı. Onlarda milli şüurun oyanmasına və formalaşmasına təkan verdi. Ardınca başqa qəzetlərin çap olunması üçün cığır açdı, yol göstərdi. "Əkinçi"dən sonra Tiflisdə Azərbaycan dilində "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri nəşr olunmağa başladı. Qığılcımını, alovunu "Əkinçi" qəzetindən almış bu mətbuat orqanları da, xalqın maariflənməsi üçün böyük işlər gördülər. Bir-birindən dəyərli yazılar dərc etdilər. 


Qaranlıqları işıqlandıran "Əkinçi"


Azərbaycan mətbuat tarixində xüsusi yeri olan alim, rəssam, jurnalist, şair, musiqişünas Əli bəy Hüseynzadə Həsən bəy Zərdabi haqqında yazırdı: "Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlıqları işıqlandırmağa çalışıyordu, o məsələ nə idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır". 

Göründüyü kimi, mətbuat tariximizdə öz çəkisi, dəyərli imzası olan Əli bəy Hüseynzadə Həsən bəy Zərdabinin müqəddəs işinə, əməlinə, işıqlı ideyalarına yüksək dəyər vermişdir. Doğrudan da, böyük mütəfəkkirin dediyi kimi, "Əkinçi" qəzeti ədəbiyyata qapı açmışdır. Daim xalqını düşünən dövrünün görkəmli ziyalıları, tanınmış yazıçı və şairləri Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Əhsənül Qəvaid, Heydəri, dövrünün şeyxülislamı olmuş Əhməd Hüseynzadə, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov və başqaları bu "qapıdan" keçərək maraqlı mövzularla qəzetdə çıxış etmişlər. Həsən bəy Zərdabinin çağırışına, səsinə səs verərək millətinin, xalqının maariflənməsi üçün yorulmadan qələm çalmışlar. Ədəbiyyatımızın, mədəniyyətimizin, mətbuatımızın inkişafı və dünyada tanınması üçün çox böyük işlər görmüşlər. 

Bu yerdə Türkiyə ədəbiyyatının tanınmış satira ustası Əziz Nesinin belə dəyərli fikirləri yada düşür: "Hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir. Kiçik hekayələrin böyük ustadı həm də yazırdı ki, üşümək varsa, bu istinin yoxluğudur, qaranlıq varsa, bu işığın yoxluğudur. "Əkinçi" qəzetinin ətrafına yığışan ziyalıların da əsas məqsəd və amalları insanların beynindən cəhaləti silmək, qaranlıqları işıqlandırmaq idi. Onlar bacardıqları qədər istəklərinə çatdılar, qısa müddət ərzində xeyli dəyərli işlər gördülər. Azərbaycan ədəbiyyatında, Azərbaycan mətbuatında heç vaxt sönməyəcək bir məşəl yandırdılar". 


Mətbuatımızın inkişafı tarixində uğurlu addımlar


"Əkinçi" qəzetindən başlanan müqəddəs yol bu gün də uğurla davam etdirilir. Gündən-günə iqtisadi qüdrəti artan dövlətimizin maliyyə dəstəyi sayəsində milli mətbuatımız daim inkişafda və tərəqqidədir. İlk mətbuatımızın nəşrə başladığı vaxtdan 150 il keçməsinə baxmayaraq, "Əkinçi"dən düşən nur bu gün də yollarımızı işıqlandırır. Həsən bəy Zərdabi və onun "Əkinçi"si mətbuatımızın bayraqdarıdır. Çünki "Əkinçi"dən illər sonra yüzlərlə qəzet və jurnal pöhrələyib boy verdi. Mətbuatımızın, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında uğurlu addımlar atıldı. 

150 yaşlı "Əkinçi"dən pöhrələyən və yarandığı gündən gənclərə vətənpərvərlik, qəhrəmanlıq hissləri aşılayan, dövlətimizin, dövlətçiliyimizin inkişafına, cəmiyyətdə gedən uğurlu proseslərə və başqa mövzulara güzgü tutan "Azərbaycan" qəzetidir. Fəaliyyətə başladığı ilk günlərdən qəzet daim səhifələrində qəhrəmanlıqla dolu şərəfli hərb tariximizdən, ölkənin ictimai-siyasi həyatından, iqtisadi inkişafından, həyata keçirilən uğurlu islahatlardan, Birinci və İkinci Qarabağ müharibələrində cəsarət və hünərlə vuruşan xalqımızın oğullarının igidliyindən, rəşadətindən, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuq işlərindən, həmçinin oxucuları daim düşündürən başqa mövzulardan yazır. Belə məzmunlu, dəyərli yazılarına görə də daim oxucu rəğbəti və sevgisi qazanır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!