Ədliyyə Nazirliyinin yeni elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür. Burada vətəndaşlar notariat, qeydiyyat, icra fəaliyyətinə dair məlumat xarakterli və interaktiv elektron xidmətlərdən istifadə, habelə nazirliyə elektron qaydada müraciət etmək imkanına malikdirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin dövlət reyestrləri idarəsinin rəisi Ağakərim Səmədzadə aprelin 14-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Mətbuat konfransında qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, açıq hökumətin təşviqi, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.
Hazırda ədliyyə orqanları tərəfindən 22 elektron xidmət aparılır. Son iki il ərzində nazirliyin elektron xidmətlərindən istifadələrin sayı 1 milyonu ötüb. Ədliyyə qurumları həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərir, 8 milyondan artıq insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 2 milyona yaxın əməliyyat məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilib.
A.Səmədzadə deyib ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsi yer alır. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Digər elektron xidmətlər Dövlət Notariat Arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi, qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi və sair ilə bağlıdır.
Bildirilib ki, bu sahədəki işlərin davamı olaraq hazırda qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti də təşkil olunub. Dövlətimizin başçısı İlham Əliyevin 2007-ci il 12 mart tarixli Fərmanına əsasən Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestri yaradılıb və bir sıra dövlət orqanları tərəfindən verilən və hüquqi qüvvəsini itirən 10 milyondan artıq sənəd reyestrə daxil edilib.
Məlumatlandırma xidməti çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş, xidməti və diplomatik pasportların, sürücülük vəsiqəsinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, notariat qaydasında təsdiq edilən etibarnamələrin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsi barədə məlumat veriləcək.
Yeni xidmət hüquqi və fiziki şəxslər üçün həmin məlumatın daha rahat və operativ əldə edilməsini təmin edərək öz sənədlərinin hüquqi statusu barədə daim məlumatlı olmasına, hüquqi qüvvəsini itirmiş sənədlərin vaxtında dəyişdirilməsinə şərait yaradacaq.
Bundan başqa, yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhəd keçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb. Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatı vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcək.
Diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək. Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək. Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.
Qüvvədən düşmüş sənədlər, habelə məhkəmə qərarlarının icrası ilə bağlı sərhəd keçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi ilə əlaqədar əhalidə yarana biləcək sualların cavablandırılması üçün (012) 404-42-82 (Qüvvədən düşmüş sənədlər üzrə), (012) 510-10-01 (1417/1420) (Sərhəd keçməyə dair qadağalar üzrə) telefonları vasitəsilə məlumat almaq olar.